"Hərbi cani Serj Sarkisyanın rəhbərlik etdiyi Ermənistanın siyasi hakimiyyəti bir dəstə cinayətkardan ibarətdir. Bu cinayətkar rejimə qarşı ölkədəki seçkilər ərəfəsində cəmiyyətin etirazları güclənməkdədir". Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib. O bildirib ki, hakimiyyətin başında dayanan cinayətkarlara qarşı insanlar hər gün etiraz mitinqləri keçirirlər: "Sarkisyan rejimi isə siyasi hakimiyyətin ömrünü uzatmaq üçün hər cür vasitələrdən istifadə edir, divident qazanmaq üçün murdar təxribatlara əl atır. Amma ordumuz tərəfindən layiqli cavablarını alırlar. Digər tərəfdən, bu gün Azərbaycan torpağında iki ordu üz -üzə dayanılb. Biri Azərbaycan ordusudur və öz torpağımızdadır. İkincisi də Azərbaycan torpağındadır, lakin işğalçı Ermənistan ordusudur. Nə qədər ki Ermənistanın işğalçı ordusu Azərbaycan torpağından tamamilə çıxmayıb, heç vaxt dayanıqlı atəşkəs olmayacaq. Hər an ən şiddətli müharibənin başlanması gözlənilir. Toqquşmalar zamanı bizim də müəyyən itkilərimiz olur, bu, müharibənin qanunudur. Ancaq hər şəhid olan Azərbaycan əsgərinin əvəzində ordumuz onlarla erməni əsgərini məhv edir. Bunu Ermənistan mətbuatı da yazır. Bu məsələlərə görə Ermənistanda çox ciddi gərginlik yaranıb, ciddi təşviş var. Çünki söhbət onların yüzdən artıq itki verməsindən gedir".
Millət vəkili əlavə edib ki, itkiləri ermənilər özləri də təsdiq edirlər: "Xankəndində yaşayan bir qadının sosial şəbəkədəki paylaşımı Ermənistan mətbuatında yayımlanıb. O yazıb ki, öz əsgər qardaşıyla danışıb və məlum olub ki, ermənilər böyük itki verib, qospitallarda, xəstəxanalarda yaralılardan yer yoxdur. Bunu artıq erməni ictimaiyyətinin nümayəndələri təsdiq edirlər. Bu onu göstərir ki, Azərbaycan ordusu erməni təxribatına çox yüksək səviyyədə cavab verir. Ermənilər daha artıq cavablar və zərbələr alacaqlar, o vaxta qədər ki, biz öz torpaqlarımızı tamamilə düşməndən azad edəcəyik".
sia.az