TƏRS BAXIŞ
Yaxud "İskəndər"in quyruğu var, quyruğu...
Ötən ilin aprel savaşında ordumuz tərəfindən Qarabağ cəbhəsində əldə edilən uğurlarımızın ardınca erməni təcavüzkarlığı azalmayıb ki, artıb. Bu haqda bəzi xatırlatmaları etdikdən sonra yazacam.
Məsələ ondadır ki, məhz həmin ərəfədə işğalçı Ermənistan və separatçı "DQR" rəhbərliyi Azərbaycan Silahlı Qüvvələrinin gücünü dərk edərək, dərhal Avropadakı və Rusiyadakı ağalarının qucaqlarına atılıb, yeni atəşkəsin əldə edilməsi üçün sızladı, inildədi və yalvardı. Halbuki Azərbaycan Ordusunun inamlı irəliləyişi dönməz qətiyyətə söykənmişdi və ermənilər anlamağa başladılar ki, belə davam edərsə, çox qısa zamanda, hətta bir neçə gün içində həm Xankəndimiz olan "stepanakertlərini", həm Şuşamız olan "şuşilərini", həm Ağdamımız olan "aknalarını" və s. işğal altındakı erməniləşdirilmiş "ərazilərini" itirməli olacaqlar. Sadə bir misal gətirərək, bir fakt üzərində dayanmaq istərdim. Aprel savaşı günlərində, paytaxt Bakı başda olmaqla, Azərbaycanın bütün bölgələrində gənclər, yaşlılar, hətta qadın və qızlarımız əllərinə üçrəngli bayraq alıb, döyüşə atılmağa hazır olduqlarını bildirirdilər. Amma Ermənistanda və Qarabağda, əksinə, "biz kimlərinsə şəxsi siyasi maraqlarına görə, başqasının torpaqları uğrunda ölmək istəmirik" şüarları ilə etiraz dalğaları baş qaldırdı. Məhz bu faktın özü hər şeyi açıq-aşkar şəkildə deyir, yaxud göstərir.
Beləliklə, ötən bir ilə yaxın dövr ərzində danışıqlar aparıldı və gözlənildiyi kimi, aprel ayında yeni atəşkəs üçün Azərbaycandan çoxsaylı xahişlər edən beynəlxalq siyasi dairələr, həm də onların qucaqlarına atılan ermənilər öz vədlərinə xilaf çıxdılar. Daha dəqiq desək, boş bəyanatlar və sülh çağırışları, vəssalam...
Bir neçə gün öncə, ermənilərin təxribatları nəticəsində, cəbhədə baş verən növbəti gərginlik. Bu haqda isə, əlavə nəyi isə şərh etməyə lüzum görmədim. Çünki ölkə mətbuatında kifayət qədər politoloq, hərbi ekspert rəyləri verildi. Ona görə də, mövzunu yenidən ermənilərin aqressivliyi və anti-türk millətçiliyi, o cümlədən, şovinistliyi üzərində qurmaq qərarına gəldim. Demək, ermənilərin bir kaftar generalı var - Norat Ter-Qriqoryants. Bu kaftar general 1992-1995-ci illərdə Ermənistanın Müdafiə Nazirliyinin baş qərargahının rəisi olub. Məsələ heç bunda da deyil. Məsələ ondadır ki, son günlər Ermənistanın siyasi dairələrinə mənsub çaqqalar toplumu yenidən Rusiyadan aldıqları köhnəlmiş, ikinci nəsilə məxsus sınıq-salxaq "İskəndər" raketləri barədə sinələrinə döyə-döyə danışırlar və həmin bu Ter-Qriqoryants adlı kaftar general erməni saytlarından birinə verdiyi açıqlamasında iddia edir ki, erməni silahlı qüvvələri Azərbaycana qarşı "İskəndər" raketlərini yalnız istifadə etmək gücündə deyil, hətta bunu etmək borcundadırlar (?!-R.N.). Hələ bu, harasıdır, kaftar erməni generalı başından böyük daha bir iddiaya qapılaraq, bildirir ki, "İskəndər"ləri Ermənistan deyil, "Artsax" istifadə etməlidir...Bax, budur erməni həyasızlığının kaftar generalı timsalındakı son həddi!!!
Hətta bunun üçün Ter-Qriqoryants "nümunə" də gətirib. O, Rusiyanın müdafiə konsepsiyasının müddəalarından birini "əsas" gətirib. Həmin müddəada deyilir: "Əgər düşmən Rusiyaya hücum edərsə və Rusiya ona qarşı hücumların qarşısını adi silahlar vasitəsilə almaq gücünü itirərsə, bu zaman Moskvanın nüvə silahı işlətmək hüququ yaranır".
Maraqlıdır, məgər Ermənistan nə zamandan sənədli-sübutlu, rəsmi şəkildə Rusiyanın tərkib hissəsinə çevrilib? Düzdür, Ermənistan qeyri-rəsmi şəkildə Rusiyanın əyaləti hesab olunur. Ancaq fakt budur ki, işğalçı dövlətin hüquqi bazasını təşkil edən qanunlar toplumu var və Ermənistan ildə bir dəfə "müstəqillik gününü" bayram edir. Yəni hələlik, Ermənistan rəsmi qaydada Rusiyanın tərkibinə keçməyib.
Bu zaman növbəti belə bir sual yaranır: onda nəyə görə Qarabağ məsələsində Ermənistanda, məhz Rusiyanın müdafiə konsepsiyasından istifadə olunmalıdır? Axı dünənə qədər digər kaftar erməni generalları və hərbi-siyasi dairələri iddia edirdilər ki, "İskəndər"lər Ermənistan, ordusunun əmlakıdır? Yoxsa elə deyil?!
Bəli, Ermənistan KTMT-nin üzvüdür, ancaq bunun digər məsələlərə heç bir aidiyyəti yoxdur və burada söhbət Qarabağdan - dünya birliyinin, eləcə də, Rusiyanın da, işğal olunmuş ərazilərimizi Azərbaycanın tərkib hissəsi kimi tanınmasından gedir. Fəqət, erməni generalı iddia edir ki, hətta Qarabağ separatçıları belə, bu raketləri Azərbaycana qarşı istifadə edə bilər. Bax, buna deyərlər düşüklük və sərsəmlik, yaxud da aşırı gicbəsərlik!!!
Bu qoca kaftar əlavə edir ki, əgər Qarabağdakı ərazilər Azərbaycanın Silahlı Qüvvələri tərəfindən geri alınarsa, onda Ermənistan Azərbaycana qarşı nüvə (???!!!-R.N.) silahını işə salmalıdır. "Niyə də olmasın? Hətta mən bu məsələdə, əminəm ki, nüvə silahı "Artsaxa" verilməlidir və silah oradan atılmalıdır..."-deyə axmaq qoca sərsəmləyib.
Beləliklə, Ter-Qriqoryants sonda ifrat anti-türk erməniçilik missiyasını aşkar şəkildə etiraf edərək deyir: "Artıq hədəf türklər olmalıdır və bu millətə qarşı nüvə silahı işlədilməlidir..."
Məncə, bu qədər kifayətdir ki, erməni kaftarlarının daxillərindəki həyasızlıqlarının, ifrat dərəcəli anti-türkçülüklərinin, azğınlıqlarının, təcavüzkarlıqlarının və quduzluqlarının şahidinə çevriləsən. Bu kimi kaftar generallara qalarsa, onlar Azərbaycanda yeni-yeni Xocalı hadisələrini törətmək üçün zəncir çeynəyirlər. Ancaq bu zəncirlər onların laxlayan dişlərini tökəcək və qıcımağa, tək çürük bir diş olsa belə, tapa bilməyəcəklər. Qoy belə quduz kaftarlar öz təxəyyül məhsulları ətrafında istədikləri qədər ulasınlar, çünki yaxın vaxtlarda bu ulartıları yeni-yeni aprel qələbələri kəsəcək. Bu dəfə birdəfəlik və nöqtəsi ilə!
Rövşən NURƏDDİNOĞLU