Prezident İlham Əliyev Pakistan İslam Respublikasına səfər edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 28-də Pakistan İslam Respublikasına səfərə gəlib. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, İslamabad şəhərinin Bənazir Bhutto beynəlxalq aeroportunda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Dövlətimizin başçısını Pakistanın yüksək səviyyəli rəsmi şəxsləri qarşıladılar. Sonra toplardan yaylım atəşi açıldı, Azərbaycanın və Pakistanın dövlət himnləri səsləndi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 28-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərif ilə təkbətək görüşü olub. Prezident İlham Əliyev Baş nazir Məhəmməd Nəvaz Şərifə yüksək qonaqpərvərliyə görə təşəkkür etdi. Məhəmməd Nəvaz Şərifin Bakıya uğurlu səfəri xatırlandı.
Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin yüksək səviyyədə olduğu bildirildi. Azərbaycan ilə Pakistan arasında siyasi əlaqələr müzakirə edildi, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulandı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Kəşmir problemi ilə bağlı ölkələrimizin bir-birinə qarşılıqlı dəstək verdiyi və qətiyyətli mövqe nümayiş etdirdiyi bir daha vurğulandı.
Görüşdə müdafiə və müdafiə sənayesi sahəsində konkret layihələr müzakirə olundu. Azərbaycanın Pakistanın inkişaf etmiş hərbi sənaye kompleksinin məhsullarını idxal etməsi ilə bağlı razılaşma əldə edildi. Bundan əlavə, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılmasının vacibliyi vurğulandı, fevral ayında 20-yə yaxın Azərbaycan şirkətinin Pakistanda ixrac missiyasında olduğu və bu missiyanın Azərbaycanın Pakistana ixracının artırılması məqsədi daşıdığı qeyd edildi. Söhbət zamanı energetika sahəsində əməkdaşlıq məsələləri müzakirə edildi, bu gün imzalanan Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında enerji sahəsində əməkdaşlıq haqqında Sazişin bu sahədə uğurlu addım olduğu vurğulandı.
Görüşdə humanitar və mədəni sahədə əlaqələr müzakirə olundu. Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının Sammitinin yüksək səviyyədə təşkil olunması ilə bağlı Baş nazir Məhəmməd Nəvaz Şərifə minnətdarlığını bildirdi. Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirildi. Daha sonra Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında enerji sahəsində əməkdaşlıq haqqında Saziş imzalandı.
Fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin təkbətək görüşü olub. Səmimi şəraitdə keçən görüşdə Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin 2015-ci ildə Azərbaycana səfəri məmnunluqla xatırlandı. Pakistan Prezidenti Azərbaycana bu səfərdən xoş təəssüratlarla ayrıldığını bildirdi.
Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu qeyd edildi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Kəşmir problemi ilə bağlı Azərbaycanın və Pakistanın bir-birinin ədalətli mövqeyini dəstəkləməsində qətiyyət göstərdikləri vurğulandı. Söhbət zamanı regional təhlükəsizlik və əməkdaşlıq məsələləri müzakirə olundu. Sonra görüş geniş tərkibdə davam etdirildi.
Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin adından İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Sammitində iştirak edən nümayəndə heyəti rəhbərlərinin şərəfinə şam yeməyi verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şam yeməyində iştirak edib.