"Təəssüf hissi ilə bildirirəm ki, dəfələrlə xəbərdalıqlar edilməsinə, təlimatlar verilməsinə, təlimlər keçirilməsinə baxmayaraq, yenə də bəzi sosial şəbəkə istifadəçiləri və özünü media qurumu elan etmiş onlayn resurslar müharibə dövrünün informasiya yayımı şərtlərini pozurlar. Fevralın son günlərində cəbhə bölgəsində baş verən hadisələr zamanı bu hal yenidən təkrarlandı". Bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.Onun sözlərinə görə, erməni təxribatçıların qondarma Azərbaycan adlarıyla yaratdıqları sosial şəbəkə hesablarından gündəmə ötürdükləri informasiyalar bizim sosial şəbəkə istifadəçiləri və bəzi onlayn media qurumları tərəfindən araşdırılmadan, dəqiqləşdirilmədən köçürüldülər və tirajlandılar: "Bəzən isə, nəinki qondarma adlarla dövrüyyə buraxılan, hətta birbaşa Ermənistan KİV-lərinin yaydığı informasiyalar köçürülərək Azərbaycan KİV-lərində tirajlandı. Ermənilər tərəfindən quraşdırılmış "əl-ələ tutan əsgərlər" videoçarxı bu faktı bir daha isbat edir. Bu baxımdan Azərbaycan Mətbuat Şurası dəfələrlə açıqlama yayaraq və KİV-lərə çağırış edərək bu kimi hallarda ehtiyatlı, həssas yanaşmanı tövsiyyə edir.Burada bir nüansa aydınlıq gətirmək istəyirəm. Bəzən kimlərsə Mətbuat Şurasının bu çağırışlarını informasiya yayımına məhdudiyyətlər qoyulması kimi şərh etməyə çalışır. Yaxud bəzən deyirlər ki, "bu tip informasiyaları biz yaymasaq da, onsuz da xarici KİV-lər yayırlar". Mən burada vurğulamaq istəyirəm ki, Mətbuat Şurasının çağırışları informasiyaların məhdudlaşdırılmasına deyil, dəqiqləşdirilməsinə yönəlib. Əgər Ermənistan KİV-ləri hansısa informasiyanı yayıblarsa, onu olduğu kimi köçürüb tirajlamaq yox, dəqiqləşdirmək, araşdırmaq və bu dəqiqləşdirmədən sonra həiqəti yazmaq lazımdır. Araşdırma aparılanda, həmin informasiyaların nə qədər yanlış olduğu və nə məqsədlə yayıldığı aydın olacaq. Müvafiq dövlət qurumları ilə, bu mümkün olmayanda ekspertlər, şərhçilər vasitəsilə dəqiqləşdirlməyə cəhd göstərilməlidir. Xarici, transmilli KİV-lərə gəldikdə isə, bu KİV-lərin İraqda, Əfqanstanda, Ərəb ölkələrində müharibələr, iğtişaşlar, inqilablar zamanı necə rol oynadıqları hər kəsin yadındadır. Onların bəzən həqiqətəndən çox uzaq olan xəbərlər yaydıqları dəfələrlə sübut olunub, özləri də bunu etiraf ediblər".Bunların qarşısını almaq üçün hansı addımlar atılmalıdır məsələsinə gəlincə, M.Ələsgərli əlavə edib ki, əlbəttə, qanunvericilik bu kimi hallara qarşı sərt tədbirlər görülməsi üçün əsas verir: "Təbii ki, bu tip təxribatçı informasiyaların monitorinqi aparılır və hər kəs hərəkətlərinə adekvat cavab alacaq. Amma indiki halda məqsəd kimisə cəzalandırmaq yox, Azərbaycan auditoriyasına doğru, düzgün məlumat çatdırılmasına nail olmaqdan ibarətdir. Səngərdə duran, döyüşən bizlərik, bizim övladlarımızdır, bizim qohum -qardaşımızdır. Burada hər bir ailənin kimisə var. İnformasiya yayanlar da bizlərik. Bu baxımdan xəbər istehsalçısını bir kateqoriya, səngərdə duran əsgərin isə başqa bir kateqoriya insan olması kimi bölgü aparmaq olmaz. Yaydığımız informasiya ilə onları, ümumilikdə ölkəmizi təhlükə qarşısında qoymayaq".
sia.az