"Azərbaycan Prezidenti İlham Əliyevin müsəlman ölkələrinə səfərləri, keçirdiyi görüşlər və səsləndirilən bəyanatlar Azərbaycanın İslam aləmində həmrəyliyin təmin olunması istiqamətində ardıcıl siyasət həyata keçirdiyini, müsəlman dövlətləri arasında əməkdaşlığın genişləndirilməsinə mühüm əhəmiyyət verdiyini göstərir". Bunu SİA-ya açıqlamasında Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri, Milli Məclisin deputatı Sahibə Qafarova deyib.O qeyd edib ki, dövlət başçımızın müsəlman ölkələrinə səfərləri, oradakı görüşləri İslam ölkələri ilə daha yaxın əməkdaşlıq və tərəfdaşlığın inkişafını təmin edəcək.Millət vəkili bildirib ki, Azərbaycan İslam dəyərlərinin qorunması, inkişaf etdirilməsi və yaşadılması istiqamətində çox mühüm tədbirlər həyata keçirir: "Dövlət başçımız 2017-ci ili Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edib. Bu il çərçivəsində görüləcək tədbirlər dünyada İslamı terror dini kimi təqdim etməyə çalışan məqsədli qüvvələrə qarşı da əsaslı cavab olacaq, İslamın əsl mahiyyəti üzrə sülh və barış dini təqdimatına töhfə verəcək. 2017-ci ildə Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Buna paralel olaraq, bu ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edilməsi İslam dünyasındakı mövcud problemlərin, çətinliklərin, ayrı-ayrı İslam ölkələri arasındakı müəyyən qarşıdurma və ziddiyyətlərin aradan qaldırılması istiqamətində addımların atılmasına və burada müəyyən nailiyyətlərin əldə edilməsinə çox böyük təsir göstərəcək".
Ölkəmizdə mövcud olan multikulturalizm modeli haqqında da danışan komitə sədri vurğulayıb ki, Azərbaycanda bütün dinlərin nümayəndələri, müxtəlif xalqlar qanun qarşısında bərabərdir və eyni hüquqlara malikdir: "Milli müstəqilliyin bərpasından sonra respublikamızda dövlət-din münasibətlərinin tənzimlənməsində və dini etiqad azadlığının təminatında çox əhəmiyyətli işlər görülüb. Respublikamızda dini fəaliyyət sahəsində sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində əsaslı nailiyyətlər əldə olunub. Azərbaycan dövləti bütün millətlərin və dinlərin nümayəndələrinə qayğı ilə yanaşır, hər kəsə eyni hüquqları təmin edir. Azərbaycan bu gün özünün multikultural dəyərləri ilə haqlı olaraq fəxr edir".
sia.az