Azərbaycanda ".az" ölkə kodlu yüksək səviyyəli domen üzərində qurulan internet informasiya ehtiyatının fəaliyyəti qanunvericiliklə tənzimlənəcək. Bununla bağlı "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna dəyişiklik təklif edilir. Sizcə plenar iclasa tövsüyyə edilmiş layihə qəbul olunarsa mediada hansı dəyişikliklər olacaq?Məsələ ilə bağlı SİA-ya açıqlama verən "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib ki, nəzərdə tutulan təyişikliklər hər şeydən öncə real ictimai münasibətlərin mövcud olduğu bu virtual platformada zəruri olan hüquqi tənzimləməni həyata keçirəcək: "Çünki hansı məkanda olmasından asılı olmayaraq əgər konkret real ictimai münasibətlər formalaşdıran mühit varsa mütləq həmin münasibətlərin hüquqi tənzimlənməsinə ehtiyac yaranır. Uzun illərdir ki, bütün postmodernist cəmiyyətlərdə olduğu kimi ölkəmizdə də yüz minlərlə iştirakçısı olan bu məkanın hüquqi əsaslarda tənzimlənməsinə ehtiyac var idi. Elə qanunvericilik təşəbbüsü də bu zərurətdən yarandı. Təkcə Azərbaycanda deyil bütün dünyada bu unikal sahənin hüquqi tənzimlənməsi üçün müxtəlif təşəbbüslər var.Ancaq təcrübə bir o qədər də çox deyil. Ona görə də mövcud təcrübələr də öyrənilməklə bu istiqamətdə müəyyən addımlar atılır. Artıq biz bu məsələni İnsan Hüquqları Komitəsində ilkin olaraq müzakirə etmişik və maraqlı təkliflər irəli sürülüb. Mütəxəssislərlə fikir mübadiləsi aparılıb. Ümid edirik ki, bu sosial şəbəkələr və internet resurslarında yeni keyfiyyət dəyişikliyi yarada biləcək bir qanun hazırlanacaq və istifadəçilər daha məsuliyyətli olacaqlar. Son vaxtlar təmas xəttində baş verən hadisələr zamanı bəzi sosial şəbəkə istifadəçilərinin və ayrı ayrı internet resurslarının bəzi hallarda məsuliyyətsiz davranışları da bu qanunun nə qədər zəruri olduğunu bir daha sübut edir".
sia.az