"Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın bu ilin sonuna qədər dövlətlərdən birinin Dağlıq Qarabağın "müstəqilliyini" tanıya biləcəyinə dair açıqlaması qeyri-ciddi və sırf siyasi xarakter daşıyan bir bəyanatdır. Çünki belə bir addım gözlənilən deyil". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.
O bildirib ki, Cənubi Osetiyanı, Abxaziyanı Rusiya tanıdı, heç bir nəticəsi də olmadı: "Kosovanı 50-dən çox ölkə tanıyıb, amma hələ də demək olar ki, onun statusu qəbul edilməyib. Bəzi dövlətlər təxribata gedə bilər, amma bu məsələ ağlabatan deyil və perspektivi də yoxdur". Azərbaycanın əlavə olaraq bu istiqamətdə hansı addımları atmalı olmasına gəlincə, politoloq deyib ki, BMT bu kimi məsələlərlə ciddi məşğul olur: "Amma hazırda ortada fakt olmadığı üçün BMT-yə müraciət etmək çətindir, lakin hər halda araşdırmaq lazımdır. Burada Rusiyanın barmağının olmasını mütləq nəzərə almaq lazmdır".
Qeyd edək ki, Nalbandyan dünən Azərbaycanın Dağlıq Qarabağ ərazisinə səfər edib və konkret dövlətin adını çəkməsə də, bu ilin sonuna qədər bir ölkənin Qarabağın "müstəqilliyini" tanıya biləcəyini deyib.
sia.az