PDF Oxu

Siyasət

  • 456

Öldürücü zərbə!

Öldürücü zərbə!

ANALİZ

Ermənilərin xeyli itki vermələrinin səbəbi

Fevralın 25-dən 26-na keçən gecə ermənilərin təxribatçı əməllərinin qarşısını alarkən qəhrəmancasına şəhid olan zabit və əsgərlərimizin qisası artıqlaması ilə alındı. Artıq bəlli olduğu kimi, martın 1-i axşam saatlarında işğal altında olan Xocavənd rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin mühəndis-istehkam baxımından hazırlanmış və atəş vasitələri ilə gücləndirilmiş dayaq məntəqələrinin qərargahına qoşunlarımız tərəfindən cavab zərbəsi endirilib.

Bu arada Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən rəsmi məlumata görə, qeydə alınan videogörüntüdə qərargah qarşısındakı hərbi nəqliyyat vasitələrinin və şəxsi heyətin məhv edilməsinin, aydın görünməsinə baxmayaraq, erməni tərəfi onlarla itkisinin sayını hər vəchlə gizlətməyə çalışır. Bu faktın özü erməni hakim siyasi dairələrinin erməni ictimaiyyətindən Azərbaycanın gücünü gizlətməyə cəhd etmələri anlamını daşıyır. Lakin fakt budur ki, ermənilərin istənilən hərəkətləri şanlı silahlı qüvvələrimiz tərəfindən izlənilir, düşmənə anındaca öldürücü zərbələr endirilir.

Ermənilərin videomüşahidə kameraları heç bir səmərə vermir

Daha bir fakt da ondadır ki, Azərbaycan Ordusunun sonuncu zərbəsi uzun müddət fəaliyyət göstərən hərbi qərargaha istiqamətlənib və buradan, daha bir nəticə çıxarmaq olar ki, ermənilər, hətta cəbhə xətti boyu videomüşahidə kameraları quraşdırdıqlarını bəyan etsələr də, onların bu cəhdləri heç bir səmərə vermir. Bu amil də ermənilərin hərbi-texniki sarıdan boşluqlar yaşadıqlarını sübuta yetirir.

Digər bir maraqlı fakt Ermənistan ordusunda hərbi çağırışçıların çatışmazlığı, o cümlədən, işğalçıların silahlı qüvvələri daxilində muzdluların xidmət keçməsidir. Məhz bu amil də işğalçıların ölü sayını gizlətmək cəhdi kimi qiymətləndirilir.

Hərbi ekspert: "Düşmən muzdluların ölümünü gizli saxlayır"

Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik və hərbi ekspert Cəlil Xəlilov da bildirib ki, Ermənistan tərəfindən Qarabağda döyüşənlərin çoxu muzdlulardır. Polkovnikin sözlərinə görə, düşmən muzdluların ölümünü gizli saxlayır: "Bu səbəbdən, itkilər cəmiyyəti bir o qədər də maraqlandırmır. Ermənistan rəhbərliyi Suriya və digər döyüş zonalarından Qarabağa muzdlu döyüşçülər gətirir. Muzdlu döyüşçülərin ölümü Ermənistan üçün o qədər də problem yaratmır. Həmin itkilər Ermənistan cəmiyyəti üçün maraq kəsb etmir. Ölənlərin çoxu həyatından bezmiş insanlardır. Ailəsi, uşağı olmayan və pul qazanmaq üçün gələnlərdir. Bu səbəbdən, muzdlular öləndə, cəmiyyətə məlumat verilmir".

Ölənlər arasında təkzə muzdlular deyil, ermənilər də var

Polkovnik onu da vurğulayıb ki, ölənlər arasında təkzə muzdlular deyil, ermənilər də var: "Ermənilərin ölümü barədə məlumatlar bilərəkdən gizli saxlanılır. Çünki ölkədə iğtişaşların genişlənəcəyindən, narazı kütlənin ayağa qalxacağından qorxurlar. Ölən əsgərlərin anaları etiraz edirlər ki, nə üçün övladımız Qarabağda ölür, biz niyə müharibə aparırıq? Bu cür etirazların genişlənəcəyindən qorxan hakimiyyət onların ölümünü ört-basdır etmək istəyir. Vəziyyəti belə görən erməni gənclər ölkədən qaçıb gedirlər".

Ermənilərin Azərbaycanın hərbi gücü qarşısında acizliyini sübut edən daha bir faktora diqqət yetirək. Məsələn, rəsmi şəkildə ictimailəşdirilmiş videogörüntülərdən də, bəlli olur ki, Azərbaycan Ordusunun cavab zərbəsinin endirilməsindən cəmi 6 saniyə əvvəl qərargahın önündəki yola Ural-4320 0912 40A1 markalı hərbi avtomobil yan alır. Belə ki, hərbi ekspertlərin də, bildirdiklərinə görə, Ermənistan hərbi birləşmələri Dağlıq Qarabağda bu avtomobillərdən yükdaşımalar və artilleriya vasitələrinin, xüsusilə də, 122 mm çaplı DA18M-1 (QRAU- 2A18) haubitsalarının dartqısı üçün istifadə edirlər.

Beləliklə, qərargaha yan alan Ural-4320 0912 40A1 avtomobilində erməni hərbçilərinin olduğu da göz önündədir. Ermənilər Dağlıq Qarabağda Ural vasitəsilə şəxsi heyəti daşıyanda, kuzovda bir qayda olaraq, 18-24 nəfər olur. Bu isə Uralın yaxınlığındakı partlayış nəticəsində, neçə erməni hərbçisinin yaralandığını və həlak olduğunu təqribi müəyyənləşdirməyə imkan verir.

Kadrlarda qərargahın önündəki iki Off-Roud tipli avtomobildən (ağ rəngli VAZ "Niva" 2121 və UAZ 2206) 4 zabitin düşərək, səngərlərə tərəf qaçdığı görünür. Onlar üstü örtülmüş, hündür brusverli və betonla möhkəmləndirilmiş iki pulemyot meydançasına ("trassirovkalı səngər") tərəfə istiqamət alırlar. Bu zaman partlayışlar baş verir və erməni zabitlər ağır qəlpə yaraları alaraq, böyük ehtimalla həlak olurlar. Həmin partlayışlardan biri uzunmüddətli atəş nöqtələrinin idarə olunduğu yerdə, ikisi isə qərargahın yanında yaşanır. Ən başlıcası isə, partlayışların tipidir. Kadrlardan göründüyü kimi, partlayışlardan ikisi qəlpəli-fuqas, biri isə kumulyativ başlıqdan istifadəni göstərir. Bu isə, düşmənin həm texnika, həm də canlı itkisinə səbəb olan əsaslı sübutdur.

Xətai Baxışov: "Biz onları dalbadal məhv etməliyik!"

Digər hərbi ekspert - ehtiyatda olan polkovnik Xətai Baxışov bildirib ki, işğalçı Ermənistan daha pis aqibət gözləyir: "Bu, müharibədir və göstərir ki, müharibə bitməyib, davam edir. Bu, belə də olmalıdır, özü də daim. Bu, bizim hər əsgərimizə görə qisas alacağımızın, onları torpaqlarımızı işğal altında saxladıqlarına görə hər gün peşman edəcəyimizin göstəricisidir. Biz işğalçı Ermənistanın heç bir əsgərini torpaqlarımızda rahat oturmağa qoymaycağıq. Biz onları dalbadal məhv etməliyik!"

Xətai Baxışov onu da deyib ki, artıq bu cür addımlar öz səmərəsini verib, erməni cəmiyyətinin canına qorxu salıb: "Yerevanda mitinqlər başlayıb. Artıq özləri deyirlər ki, Qarabağı istəmirik. Hökumətə deyirlər ki, bu münaqişəni tezliklə həll edin, bitsin. Ermənistanda adi camaat bunu istəyir. Ona görə də, cəbhədə düşməni daim təzyiq altında, gərginlikdə saxlamaq, məhv etmək lazımdır. Ali Baş Komandanımızın dediyi kimi, əgər erməni əsgərləri Qarabağda ölməsini istəmirlərsə, Azərbaycan torpağından rədd olub getsinlər!"

Beləliklə, nəticə olaraq, bir daha belə qənaətə gəlmək olar ki, işğalçı ölkənin və separatçıların rəhbərləri artıq danışmağa söz də tapa bilməyərək, susurlar. Onları susduran isə ortada mövcud olan real faktdır. Belə faktların isə ardıcıllıqla gələcəyinə kimsə şübhə etməməlidir.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər