İlham Əliyev: "Azərbaycan islam ölkələri ilə əməkdaşlığı prioritet hesab edir"
Hər bir ölkənin daxili siyasəti, onun beynəlxalq aləmdəki güzgüsüdür - bu amil Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində rolunu və əvəz olunmasını göstərir. Bütün bunlar isə ölkə daxilində aparılan uğurlu daxili siyasət hesabına baş verir. Xüsusilə də, Azərbaycan Prezidenti İlham Əliyevin müsəlman ölkələrinə səfərləri, keçirdiyi görüşlər və səsləndirilən bəyanatlar Azərbaycanın islam aləmində həmrəyliyin təmin olunması istiqamətində ardıcıl siyasət həyata keçirdiyini, müsəlman dövlətləri arasında əməkdaşlığın genişləndirilməsinə mühüm əhəmiyyət verdiyini göstərir.
Dövlət başçımızın 2017-ci ili Azərbaycanda "İslam Həmrəyliyi İli" elan etməsi, bütövlükdə, islam dünyasına, eləcə də, dünyaya mesaj xarakteri daşıyır. Eyni zamanda, 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan olunması və İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyinə hazırlıq görülməsi Azərbaycanın müsəlman dünyasına verdiyi ən böyük töhfələrdəndir.
Sivilizasiyaları birləşdirən məkan
Bu gün Azərbaycan Respublikası müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq əlaqələrinin qurulmasına, transmilli layihələrin reallaşdırıcısı kimi qlobal təhlükəsizlik məsələlərinə, Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verən fəal aktor və regional güc kimi qəbul edilməkdədir. Azərbaycanın Qərb və Şərq sivilizasiyaları, eyni zamanda, Şimal və Cənub arasında dəhliz rolunu oynaması əhəmiyyətli ölkə kimi onun nüfuzunu ortaya qoymuş olur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu Azərbaycan Respublikasının milli dövlət kimi müasir beynəlxalq münasibətlər sistemində gücünü və nüfuzunu artıran mexanizm qismində çıxış etməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadi sıçrayış dövrünü yaşayan Azərbaycan həm də dünya birliyinin fəal və nüfuzlu aktorlarından birinə çevrilib. Rəsmi Bakı Amerika Birləşmiş Ştatları, Rusiya, Türkiyə, Avropa İttifaqı və islam ölkələri ilə bərabərhüquqlu əməkdaşlıq edir. 2011-ci ildə 155 ölkənin səsini qazanaraq, BMT Təhlükəsizlik Şurasının üzvü seçilən Azərbaycan Respublikası dünyada sülh və təhlükəsizliyin təmin olunmasında yaxından iştirak edərək, beynəlxalq münasibətlər sisteminin fəal üzvü imicini möhkəmləndirib. Bütüun bu deyilənlərdən, aydın olur ki, Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində rolu və yeri əvəzolunmazdır. Bütün bunlar isə ölkə daxilində aparılan uğurlu daxili siyasət hesabına baş verir. Çünki hər bir ölkənin daxili siyasəti, onun beynəlxalq aləmdəki güzgüsüdür.
İslam həmrəyliyinin ideya və real fəaliyyət mərkəzi - Azərbaycan
Hər bir xalqın ən qiymətli sərvəti onun tarixinin süzgəcindən keçmiş milli-mənəvi dəyərləridir və bu dəyərlərin təməlində isə tarix, dil, din, adət-ənənələr, milli mentalitet, mədəniyyət və s. dayanır. Şübhəsiz, bəşəriyyətin ehtiyac duyduğu bu gözəl dəyərlərin ruhumuza və qanımıza hopmasında yaşadığımız ərazinin Şərqlə Qərb arasında həm mədəni, həm də coğrafi baxımdan körpü rolu oynamasının, xalqımızın islam dinini düzgün anlamasının və onun humanist dəyərlərini mənimsəməsinin böyük rolu vardır.
Onu da vurğulayaq ki, dövlət başçısı İlham Əliyevin 2016-cı ili "Multikulturalizm İli", onun məntiqi davamı kimi bu ili "İslam Həmrəyliyi İli" elan etməsi bütün dünyaya "Bir-birimizə qarşı dözümlü olaq, hörmətlə yanaşaq, həmrəy olmağı, dinlər və məzhəblər arasında dialoq qurmağı bacaraq" çağırışıdır. Bunun ən gözəl örnəyi əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın dövlət-din münasibətləri modelinin digər dövlətlər tərəfindən öyrənilməsi və tədqiq olunmasıdır.
Bu gün Prezident İlham Əliyev tərəfindən yürüdülən siyasət xalqın milli-mənəvi dəyərlərinin tərkib hissəsi olan dinimizə dövlət qayğısının bariz nümunəsidir. Faktlar da bunu təsdiqləyir.
Beləliklə, dövlətimizin xarici siyasətinin istiqamətlərindən biri islam ölkələri ilə ikitərəfli və çoxtəfərli formatda əməkdaşlığı genişləndirmək və dərinləşdirməkdir. Əməkdaşlığın inkişaf dinamikası Azərbaycana və həmin ölkələrə qarşılıqlı fayda vəd edir. Bu fayda iqtisadiyyat, siyasət, mədəniyyət, turizm və b. sahələrdə olacaq, dövlətimizin beynəlxalq mövqelərinin güclənməsinə təsir edəcəkdir.
RƏFİQƏ KAMALQIZI