PDF Oxu

Siyasət

  • 70

Dağlıq Qarabağdan böyük köç başlayıb

Dağlıq Qarabağdan böyük köç başlayıb

Ekspertlər vəziyyətin belə davam edəcəyi təqdirdə Azərbaycanın hərbi əməliyyatlar keçirmədən ərazi bütövlüyünü bərpa edəcəyini bildirirlər

Azərbaycan silah arsenalını daha da genişləndirmək üçün Pakistandan 26 ədəd qırıcı-bombardımancı təyyarə almağı planlaşdırır. Bu fakt Ermənistanın "İskəndər" hədəsinin işğalçı ölkəyə baha başa gələcəyini göstərir. Təbii ki, Azərbaycanın iqtisadi cəhətdən inkişaf etməsi və bunun fonunda silahlı qüvvələrinin daha da güclənməsi nəticə etibarı ilə Dağlıq Qarabağdan qan tökülmədən işğal olunmuş ərazilərin boşaldılmasına gətirib çıxaracağı ehtimalını artırır. Söhbət etdiyimiz müsahiblərimiz hazırkı məqamda ermənilərin vahimə içində olduğunu və vəziyyətin belə davam edəcəyi təqdirdə, Azərbaycanın hərbi əməliyyatlar keçirmədən ərazi bütövlüyünü bərpa edəcəyini qeyd etdilər.

Millət vəkili Azər Badamov:

- Torpaqlarımızın 20 faiz işğal altında qalması və sülh yolu ilə işğala son qoyulması məsələsi öz həllini tapana qədər Azərbaycan hərbi gücünü daha da artırmalı və müasirləşdirməlidir. Azərbaycan Ordusu ən müasir və yüksək dağıdıcı gücə malik silahlarla təchiz olunur. Pakistandan müasir qırıcı-bombarmançı JF-17 təyyarələri almağımız da düşməni ən qısa müddətdə məhv etməyə hesablanmışdır. Son vaxtlar Ermənistan bizi "İskəndər" raketləri ilə hədələyirdi. Birincisi, Qarabağda "İskəndər" raketləri yoxdur və Ermənistan öz ərazisindən Azərbaycana raket ata bilməz. Əgər belə olarsa, bizim Ermənistanı yerlə yeksan edə biləcək qədər hərbi potensialımız var. Həm də düşünürəm ki, heç Ermənistan ordusunda "İskəndər" raketi də yoxdur. Sarkisyan, sadəcə, Ermənistanda yerləşən Rusiya hərbi bazasında yerləşən "İskəndər" raketləri ilə bizi hədələyir. Hətta Ermənistan hansıasa raketdən istifadə etsə belə, Azərbaycanın İsraildən aldığı müasir komplekslər onu havadaca məhv etməyə qadirdir. Ermənistanda aprelin əvvəlində parlament seçkiləri keçirilməlidir. Sarkisyan, sadəcə, "İskəndər" raketlərini gündəmə gətirməklə, ictimaiyyət arasında reytinq qazanmaq istəyir.

Bizim istəyimiz və tələbimiz Qarabağı işğaldan azad etməkdir. Biz ATƏT-in Minsk Qrupunun sülh yolu ilə münaqişənin həllini dəstəkləyirik və beynəlxalq ictimaiyyət də bunu istəyir. Amma çox təəssüf ki, illərdir məsələ öz həllini tapmır. Biz də əbədi olaraq beynəlxalq təşkilatları və müəyyən əlaqədar dairələri gözləyə bilmərik. Ordumuzu gücləndiririk və müasir silahlar alırıq. Əgər, sülh yolu ilə bu həllini tapmazsa, torpağımızı hərbi yolla azad edəcəyik. Ölkə başçısının da istəyi odur ki, qan tökmədən torpaqları işğaldan azad edək. Azərbaycan Ordusundakı uzağı vuran dağıdıcı gücə malik müasir silahlar istəyimizi reallaşdırmağa imkan verəcək. Ermənilər yaxşı bilirlər ki, cəllad Sarkisyan rejiminin hakimiyyət hərisliyi bir gün Azərbaycan silahlarını işə saldıracaq və düşməni məhv edəcəyik. Artıq ermənilər bunu dərk etməyə başlayıbdır. Ona görə də, Qarabağdan kütləvi köçə başlayıblar. Hətta Ermənistandan da qaçırlar. Nəticədə, nəinki vuruşmağa, hətta Ermənistanda yaşamağa adam tapılmayacaq. Hesab edirəm ki, Dağlıq Qarabağda böyük köçün belə davam edəcəyi təqdirdə, Azərbaycan hərbi əməliyyatlar keçirmədən, ərazi bütövlüyünü bərpa edəcək.

Siyasi şərhçi Azər Həsrət:

- Azərbaycanın öz silah-sursat arsenalını, hərbi texnika imkanlarını genişləndirməsi başadüşüləndir. Çünki 20% torpağımız işğal altındadır, üstəlik, təcavüzkar Ermənistan durmadan təxribatlarını davam etdirir. Yəni bizi daha ciddi müdafiə tədbirləri görməyə məcbur edir. Ona görə də, Pakistan da daxil olmaqla, bizə yaxın olan ölkələrdən əlavə qırıcıların və başqa hərbi silah və hərbi texnikanın alınması məntiqə uyğundur. Ermənistan sadəcə, anlamalıdır ki, Azərbaycanla müqayisədə ciddi surətdə uduzur. İndi bizim əlavə qırıcılar almağımız onların "İskəndər" hədələrinə də cavab kimi görünə bilər. Amma unutmayaq ki, bu qırıcıları almadan da Azərbaycanın hərbi arsenalı Ermənistandan dəfələrlə güclüdür.

Ermənistanın işğal altındakı torpaqlarımızı xoşluqla tərk edəcəkləri inandırıcı deyil. Çünki bu dövlətin başında duranlar xaraktercə elə insanlardır ki, onlar yalnız zor dilini anlayırlar. Xoşluqla danışmaq, inandırmaq və izah etməklə bunları torpaqlarımızdan çıxarmaq çətin olacaq. Ona görə də, Ermənistanın hər bir təxribatına on qat artıq cavab verməyə məcburuq.

GÜLYANƏ

Digər xəbərlər