İlham Əliyev: "Azərbaycan vətəndaşının maraqları bizim üçün hər şeydən üstündür"
Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətində hazırda sosial cəhətdən həssas əhali kateqoriyalarına dövlət qayğısının artırılması xüsusi yer tutur. Yalnız son iki ildə dövlət başçısı tərəfindən əmək və sosial müdafiə sistemi ilə bağlı onlarla Fərman və Sərəncam imzalanması bu sahənin inkişafına yüksək diqqət və qayğının bariz nümunəsidir.
Bu sənədlər sosial cəhətdən həssas təbəqələrə dövlət qayğısının əhəmiyyətli şəkildə artırılmasına və yeni sosial təminat növlərinin formalaşmasına imkan yaratmaqla, milli əmək və sosial müdafiə sisteminin mütərəqqi islahatlar mərhələsinə daxil olmasına şərait yaradıb. Son on iki il ərzində Azərbaycanda sosial sahədə çoxlu qanunlar qəbul olunub, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Əhalinin, xüsusən də, onun aztəminatlı təbəqəsinin alıcılıq qabiliyyətinin artırılması, milli valyutanın devalvasiyasının və qiymət artımının təsirlərinin azaldılması məqsədi ilə müxtəlif sosial ödənişlərin, o cümlədən, əmək haqlarının, pensiyaların, müavinətlərin, təqaüdlərin və kompensasiyaların artırılması məsələsinə mühüm önəm verilir. Prezident İlham Əliyev bununla bağlı deyib: "Sosial siyasət həmişə prioritet olub və olacaq. Bütün atılan addımlar, bir daha onu göstərir ki, Azərbaycan sosial dövlətdir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşının maraqları bizim üçün hər şeydən üstündür. Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsi insanların daha da yaxşı yaşamaları məqsədi daşıyır".
Sosial-iqtisadi siyasət - sosial rifahın davamıdır
Prezident İlham Əliyevin imzaladığı sərəncam və fərmanlarda, təsdiq etdiyi dövlət proqramlarında çoxlu sayda yeni iş yerlərinin açılmasına şərait yaradılması, sosial xidmətlərin keyfiyyətinin və ünvanlılığının, mütəmadi artırılması, yoxsulluğun azaldılması kimi vəzifələr daim əsas planda yer alır. Digər tərəfdən, dövlət başçısının rəhbərliyi altında həyata keçirilən məqsədyönlü siyasətin elmi-nəzəri və iqtisadi əsaslara söykənməsi, bu zaman sosial prioritetlərin düzgün müəyyənləşdirilməsi, nəticə etibarilə xalqın maddi rifah halının daha da yaxşılaşdırılmasını, eyni zamanda, Azərbaycanın daha qüdrətli bir ölkəyə çevrilməsini təmin etməkdədir və bu, Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin əsas məqsədidir. Onu da qeyd edək ki, dövlət başçısı mühüm sosial proqramların icrasını, əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinin təmin edilməsini dövlət qarşısında strateji vəzifələrdən biri kimi müəyyən edib. Bu istiqamətdə təkcə 2016-cı ildə 30-dək Fərman və Sərəncamın imzalanması, ümumilikdə, 3,6 milyon nəfərə və ya ölkə əhalisinin 38 faizinə yönələn əməkhaqları və pensiyaların, təqaüd və müavinətlərin növbəti dəfə artırılması ilə nəticələnib.
Aztəminatlı ailələrin müdafiəsində ünvanlı dövlət sosial yardımı mühüm rola malikdir. Bu məqsədlə 2016-cı il dövlət büdcəsində nəzərdə tutulan məbləğin artırılması üçün dövlət başçısının 25 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Prezidentinin Ehtiyat Fondundan 20 milyon manat vəsaitin ayrılması ünvanlı dövlət sosial yardımına ehtiyacı olan aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsinə ölkə rəhbəri tərəfindən göstərilən qayğının növbəti ifadəsidir.
Əmək pensiyası alan şəxslərin sayı 1 milyon 312 min nəfərdir
Ölkəmizdə sosial müdafiənin əsas istiqamətləri sırasında əhalinin pensiya təminatı mühüm yer tutur. Bu baxımdan, hazırda Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 milyon 312 min nəfərdir. Qeyd edək ki, əmək pensiyasının baza hissəsinin 2016-cı il fevral ayından 10 faiz və sığorta hissəsinin isə 4 faiz artırılması nəticəsində, ötən ilin 1 noyabr tarixinə olan məlumata görə, əmək pensiyalarının orta aylıq məbləği 2016-cı ilin əvvəlinə nisbətən 7,6 faiz artaraq 191,15 manata, o cümlədən, yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 212,50 manata çatıb.
Prezident İlham Əliyev yeritdiyi sosial siyasətin davamı olaraq yanvarın 21-də respublikada əhalinin maddi rifahını yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədilə minimum aylıq əməkhaqqının artırılması haqqında müvafiq Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği 2017-ci il yanvarın 1-dən 116 manat müəyyən edilib.
"Biz həm sosial məsələlərin həlli, həm də iqtisadi inkişaf ilə bağlı siyasətimizi gələn illərdə də davam etdirəcəyik" - deyən Prezident İlham Əliyevin sosial inkişaf kursuna uyğun olaraq, ölkəmizdə 2017-ci ildə də əhalinin sosial müdafiəsinin gücləndirilməsinin, bütün sosial proqramların uğurla davam etdirilməsinin prioritet istiqamətlər olacağını deməyə əsas verir.
Göründüyü kimi, dünyada baş verən iqtisadi böhrana, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Prezident İlham Əliyev Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirləri davam etdirir. Mövcud qlobal iqtisadi böhran şəraitində vətəndaşların normal yaşaması üçün dövlət tərəfindən bütün lazımi tədbirlərin görülməsi isə, heç şübhəsiz, Azərbaycanda əhalinin həyat şəraitinin yüksəldilməsi istiqamətində müntəzəm addımların atılmasını bir daha sübut edir.
RƏFİQƏ KAMALQIZI