SİYASİ RAKURS
Ermənilər də, məhz bu cür düşünür
Son zamanlar, xüsusilə, seçkilər ərəfəsində Ermənistanda vəziyyət çərçivədən çıxmaq üzrədir. İstər Qarabağda, cəbhəyanı ərazilərə zorla yerləşdirilmiş Suriya ermənilərinin həmin ərazilərdən çıxmaları və yenidən Ermənistana geri dönərək, oradan Qərb ölkələrinə köçmələri, istər bir sıra politoloqların və siyasi analitiklərin kasıb erməni ailələrinin övladlarının başqasının torpağı üçün ölməməli olduqları ətrafında verdikləri bəyanatları, aprel döyüşlərinin itki səbəbləri və s. bu kimi çoxsaylı faktlar Serj Sarkisyanın taxt-tacını kökündən laxlatmağa başlayıb.
Bu gün Sarkisyanın özünə yaxın bildiyi daha bir şəxs - Ermənistanın baş naziri Karen Karapetyanın da hədəfə alınması əbəs yerə deyil. Yeri gəlmişkən, K.Karapetyan bu günlərdə hakim elita qarşısındakı çıxışında aprel müharibəsindəki məğlubiyyəti etiraf edib və səbəblərini bildirib. Bundan sonra ona qarşı, həm də iqtidar komandasından, həm də müxalifətdən ciddi hücumlar başlayıb. Xüsusilə, müxalifətyönlü ictimai birliklər və partiyalar, demək olar ki, Karapetyan "ovuna" çıxaraq, onu ən sərt şəkildə tənqid obyektinə çevirməkdədirlər.
Qeyd edək ki, bir müddət öncə, Karapetyanın ermənilər arasında guya 80 faiz reytinqinin olması barədə fikirlər irəli sürülmüşdü. Bu fikirlər "Gallup Internernational" tərəfindən ictimailəşdirilsə də, sadə ermənilər bundan daha da qıcıqlanıblar.
"Ermənistanda ictimai baxışı formalaşdırmaqdan ötrü keçirilən sosial sorğulara ya elmi baxımından doğru yanaşılmır, ya da ümumiyyətlə, sosial sorğuların, sadəcə, "rəsmləri" çəkilir". SİA xəbər verir ki, bu fikirlərlə Ermənistanın "İnformasiyalı vətəndaşlar ittifaqı" qeyri-hökumət təşkilatının koordinatoru Daniel İonnisyan 1.in.am saytına müsahibəsində bildirib. Onun sözlərinə görə, hakimiyyət buraxdığı ciddi səhvlərin ardınca ictimaiyyətə sırımağa çalışır ki, iqtidara heç bir alternativ yoxdur və "sosial sorğular" da bu məqsədlə aparılır. Halbuki reallıq tamamilə əksini göstərir.
D.İonnisyan əlavə edib ki, adekvat ölkədə heç kim 80%-lik reytinq toplaya bilməz: " Belə şey Ermənistanda da yoxdur, bu, mümkün deyil".
Onun sözlərinə görə, belə vasitələrlə ictimaiyyətə zorla diktələr edilir və təbliğat aparılır. Lakin QHT rəsmisi hər şeyin əksinə olması qənaətindədir. O, 2016-cı ilin iyulundakı "Sasna-Tser" hadisələrini xatırladaraq deyib ki, xalqın iqtidara nifrəti və iyrəncliyi o qədər nəhəngdir ki, xalq, hətta silahlı qiyama belə hazırdır. İonnisyan deyib ki, onun üçün "Sasna-Tser" hadisələri ilə bağlı keçirilən sosial sorğular daha maraqlıdır və bu sorğularda obyektiv reallıq ortaya çıxardı. "Əgər bununla bağlı sorğu baş tutsaydı, onun nəticələri Sarkisyan iqtidarının "0" % dəstək aldığını göstərərdi"-deyən erməni QHT rəsmisi Karen Karapetyanı Şimali Koreyanın lideri Kim Çün İnlə müqayisə edib. "Kim Çen İndə şərəf və ləyaqət az olsa da, onun avtoriteti Ermənistanın baş nazirinkindən daha çoxdur". Göründüyü kimi, ötən ilin aprel ayında Ermənistan hakimiyyəti Qarabağda aldığı savaş yaralarının ardınca, indi də xalq qiyamı təhlükəsi ərəfəsini yaşayır. Əbəs yerə deyil ki, Serj Sarkisyan son günlər etdiyi xarici səfərlərində müharibə xarakterli ritorikalarla çıxış edir, savaşın hər an baş verəcəyini deyir. Əlbəttə, bu daxili publika üçün hazırlanmış plandır. Ancaq belə davam edərsə, Sarkisyan bir tərəfdən erməni xalqının, digər tərəfdən isə, güclü Azərbaycanın mühasirəsində siyasi canını tapşırmalı olacaq. Hadisələr də, məhz buna doğru inkişaf edir.
Rövşən NURƏDDİNOĞLU