Rusiyalı politoloq: "Onun üçün əsas olan budur ki, Ermənistanın rəhbəri kimi qalmasına yönəlmiş planlarını realizə etsin"
Ermənistanda parlament seçkiləri ərəfəsi baş verən daxili siyasi qalmaqallar və Serj Sarkisyanın son günlər ardıcıl xarici səfərlər etməsi erməni ictimaiyyətində yaranan narazılıqları daha da coşdurub. Xüsusilə, müxalifət liderləri və ictimai-siyasi dairələr Sarkisyanın bu kimi addımlarının arxasında onun hakimiyyətdə qalmaq şansları axtardığını yaxşı anlayır və buna imkan verməyəcəklərini deyirlər.
Sarkisyan rejiminə qaşrı çıxanlar onu da bilirlər ki, bir müddət öncə, "konstitusiya islahatları" fonunda oynanılan kartlar uzağı Serj Sarkiyanın öz yerini baş nazir Karen Krapetyana həvalə etməsi ilə başa satacaq. Amma bu heç də "demokrarik seçkilərin" nəticəsi olmayacaq. Yəni Sarkisyan bütün hallarda rejimin sükanını öz əllərində saxlamağa cəhdlər göstərir.
Aleksandr Saçkov: "Onun əsas hədəfi parlament seçkiləridir"
Bu arada müxalifətyönlü erməni mətbuatı da, məhz bu məsələlər ətrafında açıqlamalara, rəylərə və müəllif yazılara yer verir. Hətta Sarkisyanın səfərlərində Qarabağ məsələsinin planda olmadığı da qabardılır. İddia olunur ki, onun yeganə məqsədi hakimiyyəti əldə saxlamaqdır.
"Ermənistan prezidentinin bu yaxınlarda Parisə etdiyi səfər və orada Fransua Ollandla keçirdiyi görüşü, eləcə də, Moskva səfəri daha çox daxili siyasət kontekstini daşıyır - seçkilər və daxili mühitdə baş verənlər". SİA xəbər verir ki, bu fikirləri Ermənistanın 1.in.am saytına Şərq araşdırmaları institunun Mərkəzi Asiya və Qafqaz üzrə Mərkəzin işçi qrupunun koordinatoru Aleksandr Saçkov deyib. Rusiyalı politoloqun sözlərinə görə, Sarkisyan dövlət başçısı rolunda qalmağı planlaşdırır və bu məqsədlə müxtəlif paytaxtlara səfərlər edərək, beynəlxalq dəstək axtarışına çıxıb.
Saçkov Sarkisyanın gözlənilən Moskva səfərində Qarabağ məsələsinin müzakirə olunacağını istisna etməsə də, onun əsas hədəfinin parlament seçkiləri olduğunu bildirib: "Qarabağ ətrafında baş verənlər, əlbəttə ki, səfərlər çərçivəsində müzakirə oluna bilər, lakin bu, əsas mövzu deyil. Çünki əsas mövzu Ermənistan daxilində hökm sürən vəziyyət, seçki planları, Sarkisyanın gələcəyidir. Onun üçün əsas olan budur ki, Ermənistanın rəhbəri kimi qalmasına yönəlmiş planlarını realizə etsin".
Rusiyalı politoloq əlavə edib ki, Avropa İttifaqına gəlincə, Qarabağ məsələsi daha az əhəmiyyət daşıyır və bu məsələdə Avropa İttifaqının fəallaşması üçün əsas yoxdur: " Bu gün Avropa İttifaqının daha əhəmiyyətli problemləri var - ABŞ-la münasibətlərini düzəltmək və normaya salmaq. Fransua Olland, artıq öz yerini tərk edərək getməyə hazırlaşan bir prezidentdir, ona görə də, onun Qarabağ məsələsi ilə bağlı məşğul olması inandırıcı görünmür".
"Başqa cür olsaydı, o zaman konstitusiya islahatları nəyə gərək idi?"
Serj Sarkisyanın dövlət başçısı qalması planlarının olması barədə və hakimiyyəti başqa kimsəyə təhvil verməyəcəyi ətrafında irəli sürdüyü fikirlərinin nə qədər həqiqətə uyğun olub-olmamasına gəlincə, erməni jurnalistinin sualını cavablandıran Aleksandr Saçkov Ermənistanda keçirilən konstitusiya islahatlarının da, məhz buna hesablandığını bildirib. "Başqa cür olsaydı, o zaman konstitusiya islahatları nəyə gərək idi?"-deyə sual edən politoloq əminliklə vurğulayıb: "Mən hesab edirəm ki, bu, aşkar bir məsələdir. Hər şey bir hədəfə doğru ünvanlanmışdı - Serj Sarkisyan ya kölgə hakimiyyətinin başçısı, ya hakim partiyanın lideri, ya da parlament sədri kimi qalacaq".
Baş nazir Karen Karapetyanın bu məsələdə hər hansı rol oynamasına gəlincə, rus politoloqu hesab edir ki, onun burada rolu var və hakimiyyət ona ümid edir. Daha dəqiq desək, sonradan Karapetyanın vaxtilə Serj Sarkisyanın Robert Koçaryana qarşı oynayacağı oyuna getməyəcəyinə ümid edirlər. Lakin bu gün Ermənistanın acınacaqlı reallığında hər şey baş verə bilər. Sarkisyan da, məhz bundan təlaş keçirir.
Rövşən NURƏDDİNOĞLU