Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının IX konfransının keçirilməsi ilə bağlı hazırlıq çərçivəsində 8-ci mikrorayon, İbrahimpaşa Dadaşov küçəsi - 60 ünvanlı (Dövlət Sığorta Şirkəti) ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib.
Ərazi ilk partiya təşkilatının sədri Məmməd Məmmədov iclası giriş sözü ilə açaraq, hesabat məruzəsi ilə çıxış edib M.Məmmədov təşkilat tərəfindən həyata keçirilən tədbirlər və layihələr barədə geniş məlumat verib.
Yığıncaqda çıxış edən ərazi ilk partiya təşkilatının üzvləri Dövlət Sığorta Şirkətinin sədrinin I müavini Aftandil Hacıyev, Növrəstə Nəsirova, Əfruz Şərifova və Əfqan Mirzəyev hesabat məruzəsini qənaətbəxş hesab ediblər.
Hesabat məruzəsi səsə qoyularaq, qəbul edildikdən sonra təşkilati məsələlər geniş müzakirə olunub. Qərara əsasən, 7 nəfərdən ibarət idarə heyəti, Məmməd Məmmədov yenidən sədr, Növrəstə Nəsirova sədr müavini və YAP Binəqədi rayon təşkilatının IX konfransına 4 nəfər nümayəndə seçilib.
Yığıncaqda YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov çıxış edərək, dünyada baş verən gərgin ictimai-siyasi proseslərin fonunda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən uğurlu siyasətdən danışıb: "Bu gün ölkəmizdə bütün sahələr üzrə, həmçinin, sığorta sahəsi üzrə işlər uğurla həyata keçirilir və bu sahədə böyük nailiyyətlər əldə olunub. Təbii ki, bütün bunlar Ulu Öndər Heydər Əliyev siyasi kursunun ardıcıl və məqsədyönlü şəkildə davam etdirilməsinin nəticəsidir".
ZÜMRÜD