"Qədimliyi və müasirliyi özündə təcəssüm etdirən Azərbaycan Şərq ilə Qərb arasında tarix boyu islam dünyasının əsas mədəni, dini və sivilizasiya mərkəzi olub. Bu gün respublikamız tolerant mövqeyi, siyasi və iqtisadi sabitlik, müasir sivilizasiyanın dəstəklənməsi kimi müdrik siyasəti sayəsində islam dünyası üçün modeldir" - bu fikirləri AMEA-nın vitse-prezidenti, millət vəkili İsa Həbibbəyli "SƏS" qəzetinə açıqlamasında bildirib. Onun sözlərinə görə, Azərbaycan Prezidentinin 2017-ci ili Azərbaycanda "İslam Həmrəyliyi İli" elan olunması vaxtında qəbul olunmuş və zamanın çağırışlarına cavab verən qərardır. "İslam Həmrəyliyi İli" yalnız din amilini deyil, eyni zamanda, müsəlman ölkələrinin həm iqtisadi, həm mədəniyyət, həm də mənəviyyat sahəsində bir-birinə dəstək olması, həmrəy olması məsələsini özündə əks etdirir və onlar arasında nifaq salmaq istəyənlərə bir cavabdır: "Bu il çox önəmli beynəlxalq tədbir olan IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçiriləcək ki, bu da müstəqil Azərbaycanımızın müsəlman dünyasındakı nüfuzundan xəbər verir. Ölkə Prezidentinin də, qeyd etdiyi kimi, bu, böyük siyasi, mədəni tədbirdir, böyük ictimai hadisədir. Bu, bir daha Azərbaycanı müstəqil, öz dəyərlərinə, islam dəyərlərinə sadiq ölkə kimi, eyni zamanda, müasir ölkə kimi göstərir və bu gün islama qarşı çirkin kampaniya aparanlara da bir cavab olacaq".
İ.Həbibbəyli, onu da bildirib ki, Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib: "2017-ci ilin "İslam Həmrəyliyi İli" elan edilməsi haqqında Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı toxunan Prezident İlham Əliyev deyib ki, bu il Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bu da, çox önəmli beynəlxalq tədbirdir, bütün müsəlman aləminin həmrəylik oyunlarına biz ev sahibliyi edəcəyik. Azərbaycan islam aləmində çox böyük hörmətə malik bir ölkədir. Baxın, İslam Əməkdaşlıq Təşkilatının rəhbərləri bizim ölkəmizə necə yüksək qiymət verirlər. Bəzən bir-biri ilə yola getməyən müsəlman ölkələri də bizə böyük hörmətlə yanaşırlar. Nəyə görə? Çünki bizim siyasətimiz səmimidir, düzgündür, ədalətlidir, prinsipialdır və cəsarətlidir. Bax, budur bizim siyasətimiz".
R.HÜSEYNOVA