"Azərbaycanla Ermənistan arasındakı münasibətlərdə heç bir dəyişiklik olmayıb". SİA-nın verdiyi məlumata görə, bunu bu gün Baş nazirin müavini, YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.Baş nazirinin müavini bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bitməyincə, Azərbaycanın işğal altında olan torpaqları geri qaytarılmayınca münasibətlərdə dəyişiklik ola bilməz: "Bu baxımdan Ermənistanda keçirilən seçkilər bizi az qayğılandırır. Amma mətbuatdan aldığımız məlumata görə Ermənistanda ictimai-siyasi vəziyyət heç də ürəkaçan deyil. Ölkədəki iqtisadi vəziyyətlə bağlı siyasi gərginlik artıb. Bu seçkinin nə ilə nəticələnəcəyi onların öz işləridir. Bizim onlara sözümüz odur ki, münaqişəni aradan qaldırmayacaqlarsa, vəziyyəti düzəltmək onlar üçün mümkün olmayacaq. Ən yaxşı yol odur ki, onlar bu günə qədər etdikləri səhvi başa düşsünlər". YAP-ın Sədr müavini əlavə edib ki, Ermənistanda keçiriləcək və gələcəkdə ölkənin idarəçilik mexanizmini köklü şəkildə dəyişməyi nəzərdə tutan parlament seçkilərinin bu ölkə üçün yaxşı nələrsə vəd edəcəyini düşünmür: "Azərbaycan isə bu seçkilərdə müşahidəçi qismində iştirak etmək niyyətində deyil".
sia.az