"Azərbaycan hökumətinin 2016-cı ildəki nailiyyəti qənaətbəxşdir və ötən il də ölkə başçısı tərəfindən bir sıra çoxplanlı addımlar atılıb, işlər görülüb, islahatlar həyata keçirilib". SİA-nın xəbərinə görə, bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatının müzakirələri zamanı çıxış edərkən deyib.Onun sözlərinə görə, dünyada baş verən hadisələrin içərisində ötən il Azərbaycanda islahatlar aparılıb, beynəlxalq münasibətlər genişləndirilib: "Təkcə ötən il Milli Məclisdə həm iqtisadiyyatımız, həm bank kredit, həm vergi, həm də digər sistemlərlə bağlı qanunlar qəbul olunub. Azərbaycan prezidentinin təşəbbüsü ilə hazırlanan "Strateji yol xəritəsi"nin mərhələli şəkildə həyata keçirilməsi, regionların sosial-iqtisadi inkişafı, abadlıq quruculuq işlərini və digərlərini nəzərə alsaq, ötən il hökumətin gərgin dövrdə yüksək fəaliyyət göstərdiyini deyə bilərik. Hesab edirəm ki, bu fəaliyyət gələcəkdə də davam edəcək. Bəzən müəyyən məsələləri başqa-başqa ölkələrlə müqayisə edirlər. Nefti olan və olmayan ölkələrə də nəzər salsaq, orada da qiymət artımı, eləcə də valyuta dəyişməsindəki fərqlərin şahidi olarıq. Çin, Rusiya, Türkiyədə də belə hallar var".S. Novruzov söyləyib ki, qiymətlərin süni şəkildə artırılmasının qarşısı alınmalıdır. Çıxışı zamanı bir neçə təklif irəli sürən deputat qeyd edib ki, yerli kommersiya bankları yerli sahibklarlığın inkişafı ilə bağlı dövlət müəssisələrinin özləri ilə əlaqədar müəyyənləşən kreditləri yüksək faizlə verməməlidir: "Belə olan halda, kredit alan hər hansı bir sahibkar heç bir bizneslə məşğul ola bilməz. Dollarla depozit vətəndaşdan 3 faizə götürülürsə, digər vətəndaşa 24 faizə verilir. Belə olan halda, bir vətəndaşdan 21 faiz gəlir götürülür. Bu faizə kredit götürən vətəndaş, qaytarmaq məqsədilə götürmür. Məlumdur ki, götürən şəxs həmin krediti qaytara bilməyəcək və bunu etmək mümkün də deyil. Bu baxımdan Mərkəzi Bank bu məsələlərə ciddi şəkildə nəzarət etməlidir. Hansı əsasa görə vətəndaşlara belə yüksək faizlə kredit verildiyi hesablanmalıdır. Banklar vətəndaşların düşdüyü vəziyyətdən istifadə edərək, onları soyur, hüquq mühafizə orqanlarından asılı vəziyyətə salırlar. Bu məsələlər ölçülüb- biçilməlidir. Belə məqamlarda dünya təcrübəsindən istifadə etməkdə fayda var. Yoxsa kimin ağlına nə faiz gəlirsə, onu təqdim etməsi düzgün deyil. Biz ilk növbədə Azərbaycan Respublikası Prezidentinin qeyd etdiyi kimi, vətəndaşlarımızı qorumalıyıq".Millət vəkili vurğulayıb ki, Azərbaycanda struktur islahatları aparılmalıdır: "Azərbaycanda 18-19 nazirlik, şirkət və komitə var. Bir ölkənin nazirliyi həmin ölkənin strukturudur. Əgər lazımdırsa, onların hər biri regional olmalıdır. Təqdirə layiq haldır ki, icbari sığorta ilə bağlı iki rayonda pilot layihə həyata keçirilir. Əgər bu özünü doğruldursa, digər rayonlara da tətbiq olunsun. Bundan başqa kim hansı rayonu istəyirsə, onu mərkəz seçir. Mərkəzlər digər rayonlardan ora gələnlər üçün rahat olmalıdır. Lakin bəzən baxırsan ki, tam əksinədir. Bunların hamısı mərkəzləşdirilmiş qaydada, ciddi şəkildə qurulmalıdır. Biz bilirik ki, yerli İcra Hakimiyyətləri Cənab Prezidentin təyin etdiyi səlahiyyətli nümayəndədir. Düzdür, Prezidentin tapşırığı ilə nazirlər ayrı-ayrı yerlərdə görüşlər keçirir, şikayətləri dinləyirlər. Lakin kimin nə işi varsa, haqlı olaraq birbaşa icra hakimiyyətinə müraciət edir. Çünki vətəndaşlar bilir ki, hökumətin yerlərdə nümayəndəsi Rayon İcra Hakimiyyətidir. Dövlətin təmsilçisi onlardır. Lakin biz onlardan bütün səlahiyyətləri alırıq. Onlar sadəcə olaraq küçə süpürmək və digər məsələlərə nəzarət edirlər. Amma müvafiq işlərə gəldikdə, bunu onlardan tələb edirik"."Özəl sektorlarda insanlar yerli-yersiz işdən çıxarılır və ya əmək haqlarının yarısı kəsilir. Bunun da qarşısı alınmalıdır. Azərbaycanda azad bazar iqtisadiyyatıdır. Lakin biz özəl sektorlardan vətəndaşların hüquqlarının qorunmasını tələb etməliyik. Özəl sektorlar öz ciblərinə deyil, vətəndaşların cibinə toxunurlar. Buna nəzarət olunmalıdır" – deyə, S. Novruzov əlavə edib.
sia.az