"Bədnam qonşularımız olan Ermənistan tərəfinin son vaxtlar sərgilədiyi hərəkətlər onu deməyə əsas verir ki, bu ölkə yaxın zamanlarda da Qarabağla bağlı hər hansı bir ağlabatan addımlar atmaq niyyətində deyil. Bunların ard-arda verdikləri mənasız bəyanatlar, hədə dolu boşboğaz fikirlər və az qala sıravi vətəndaşlarında belə gülüş doğuran açıqlamaları ona hesablanıb ki, vaxt qazansınlar, aprelin 2-də parlamentlərinə seçkiləri keçirib öz növbəti hoqqalarını davam etdirsinlər". Bunu SİA-ya müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.Onun sözlərinə görə, münaqişənin həlli istiqamətində heç bir irəliləyiş olmadığını Azərbaycan rəhbərliyi də dəfələrlə məhz Ermənistan tərəfinin qeyri-konstruktiv addımları ilə izah etmişdi və göründüyü kimi, bu hələ ki, belə davam edir: "Nə beynəlxalq qurumlar, nə aparıcı dövlətlərin rəsmi şəxsləri cinayətkar Serj Sarkisyanla keçirdikləri görüşlər zamanı da onu Qarabağ münaqişəsi ilə bağlı təcili və təsirli addımlar atmağa məcbur etmək istəmirlər. Status-kvonun bir xeyli bu vəziyyətdə qalmasında maraqlı görünən Ermənistan daxildə olan çox güclü konfrantasiyadan diqqəti yayındırmaq üçün də cəbhədə, cəbhəyanı bölgələrdə hərbi təlimlər keçirməklə öz məqsədlərinə nail olmağa can atır.Belə bir vəziyyətdə biz də sonsuzluğa qədər səbr və dözüm nümayiş etdirmək niyyətində deyilik. Nəyin bahasına olursa olsun, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam şəkildə təmin olunmalıdır. Bu istiqamətdə Silahlı Qüvvələrimiz öz döyüş hazırlıqlarını bir qədər də artırmaq üçün lazım olan işləri görməkdədirlər. Hesab edirəm ki, yaxın vaxtlarda ordumuz düşmənin ağlını başına yığması üçün bəzi təsirli addımlara əl atmağa məcbur olacaq. Baş verən son hadisələr də bunu deməyə əsas verir".
sia.az