"Ermənistanın gələcəyi, qonşuları, xüsusilə də Azərbaycanla münasibətlərinə dair reallığı əks etdirən istənilən fikir Serj Sarkisyan iqtidarı tərəfindən təzyiq və təhdidlə qarşılaşır. Hakimiyyətdəki şəxslər belə S.Sarkisyanı tərk edirlər. İstefa verən bütün şəxslər anti-Sarkisyan hərəkatına qoşulurlar". Bunu SİA-ya açıqlamasında hərbi-siyasi icmalçı Ramil Məmmədli deyib.O qeyd edib ki, Ermənistanda S.Sarkisyan hakimiyyətinin çat verdiyi göz önündədir: "Ermənistanın yerli siyasi qüvvələri cinayətkar erməni iqtidarına qarşı əsaslı tədbirlər görməyə çalışırlar. Onlar S.Sarkisyanın hansı əqlin sahibi olduğunu cəmiyyətə çatdırmaq istəyirlər. Orada keçiriləcək seçkilərdə anti-Sarkisyan hərəkatının hansı səviyyədə uğur qazanıb-qazanmayacağını demək çətin olsa da, iqtidarda olan rejimin dağılmaq üzrə olduğunu hamı görür. S.Sarkisyanın ən yaxın silahdaşlarından sayılan keçmiş müdafiə naziri Seyran Ohaniyan belə radikal addımlar ataraq onun və rəhbərlik etdiyi hakimiyyətin cinayətlərini xalqa çatdırmağa çalışır".Ekspert bildirib ki, "Hitlersayağı" bəyanatları ilə regionda təhdid toxumu səpən S.Sarkisyan Ermənistan üçün ciddi problem olduğuna görə erməni xalqı onun hakimiyyətinə son qoymalıdır.
sia.az