"Saatlıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsini keçirməsi və orada bir çox mühüm fikirlərlə yanaşı, xalq-iqtidar birliyinin möhkəm dayaqlara söykənməsi barədə irəli sürüdüyü tezisləri ifadə etməsi özündə bir çox əhəmiyyətli məqamları ehtiva etməkdədir". Bu fikirləri SİA-ya siyasi ekspert Bəhruz Quliyev sözügedən müşavirədə ölkə başçısının qeyd etdiyi fikirləri şərh edərkən deyib."İlk növbədə, qeyd edim ki, Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır və prezidenti isə xalq seçir. Prezident daxili və xarici siyasətində xalqın maraqlarından çıxış edərək, fəaliyyətinin əsas istiqamətini xalqın daha firavan yaşamasına yönəldir "-deyə qeyd edən siyasi ekspertin sözlərinə görə, dövlətin apardığı siyasətin təməlində xalq-iqtidar birliyinin möhkəmləndirilməsi amili dayanır: "Əlbəttə, ölkəmizdə mövcud olan çoxsaylı inkişaf faktorları var və onlardan biri də kənd təsərrüfatı, eyni zamanda pambıqçılıq sahəsidir. Hətta bu sahə ənənəvi tarixə malik olub. Ancaq bütövlükdə biz, ölkə başçısının çıxışlarından da belə nəticəyə gəlirik ki, O, əsas olaraq prioriteti kənd təsərrüfatı da daxil olmaqla, qeyri-neft sektoruna yönəltməkdədir. Burada isə insan amili əsas rol alır. İstər sahibkarlar, istərsə də sahibkarlara məxsus müəssisələrdə işlə təmin olunan vətəndaşlarımız dövlətin qayğısını hər zaman öz üzərlərində hiss edirlər. Əgər bu gün Azərbaycanda dövlət sahibkarlara kömək göstərirsə, Azərbaycan Prezidenti sahibkarlara siyasi dəstək göstərirsə, onlarla görüşür və problemlərinin həllinə çalışırsa artıq bunun özü xalq-iqtidar vəhdətinin göstəricisi kimi qiymətləndirilə bilər".Bəhruz Quliyev Prezident İlham Əliyevin daha bir mühüm fikrini şərh edərək deyib ki, ölkə başçısı çıxışında pambıqçılığın inkişafının məşğulluğun artırılması və regionlarda yaşayan insanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün aparıldığını da vurğulayıb: "Yəni cənab İlham Əliyev burada məhz xalqın sosial rifah halını düşünərək, pambıqçılığın inkişafını sosial layihə kimi inkişaf etdirməyi qarşıya məqsəd kimi qoymaqdadır. Söz yox ki, sağlam düşüncəli xalq, ictimai rəy anlayır və qəbul edir ki, dövlət hər zaman onun yanındadır. Ona görə də daim xalqın yanında olan dövlət bu məsələdə xalq-hakimiyyət birliyini daha da möhkəmləndirmiş olur"."Ümumiyyətlə, Azərbaycanda yürüdülən bu siyasi model həm də vətəndaşın təhlükəsizliyinin təminatında uğurlu nəticələrini verməkdədir"-deyə vurğulayan Bəhruz Qulievin sözlərinə görə, artıq Azərbaycan modeli beynəlxalq aləmdə bir siyasi-iqtisadi brendə çevrilib: "Hətta öz müşahidələrim kontekstində çıxış edərək, onu da deyərdim ki, xarici ölkələrin bir çoxu bu kimi siyasi modeldən bəhrələnmək üçün ölkəmizdən örnək götürməyə çalışır. Baxın, dünyada cərəyan edən qlobal böhranlar, siyasi-iqtisadi tənəzzüllər baş verərkən, Azərbaycanda sözügedən birliyin mövcudluğu nümunə rolunu oynamaqdadır. Dövlət həm ölkə vətəndaşının təhlükəsizliyini qorumasını təmin edir, həm vətəndaş həmrəyliyini möhkəmləndirir, həm də sosial-iqtisadi inkişafla bağlı regionların inkişafını sürətləndirir, xalqın yaşam səviyyəsinin yüksəlməsi üçün uğurlu siyasət yürüdür. Ona görə də, xalq-iqtidar birliyi ölkənin uğurlu inkişafını şərtləndirən əsas amil kimi qiymətləndirilməkdədir. Əlbəttə, belə davam edərsə, Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət, regionların inkişafı və yeni təşəbbüslər, islahatlar, dayanıqlı inkişafı təmin edəcək. Bu, Prezident İlham Əliyevin yönəltdiyi uğurlu siyasət tandeminin, uğurlu işin real və məntiqi nəticələridir".
sia.az