Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatının Meşə Mühafizəsi və Bərpası Müəssisəsi və Yaşıllaşdırma İdarəsi ərazi ilk partiya təşkilatlarında yığıncaq keçirilib. Yığıncaqlarda YAP Daşkəsən rayon təşkilatı aparatının rəhbəri Sərdar Xıdırov və gənclər birliyinin sədri Elşən Alıyev iştirak ediblər.
Yığıncaqlarda çıxış edən natiqlər bildiriblər ki, respublikamızın hər yerində olduğu kimi, Daşkəsən rayonunda da bütün sahələrdə dinamik inkişaf prosesi mövcuddur. "Daşkəsən rayonu sənaye rayonu olmaqla yanaşı, eyni zamanda, rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir"-deyə bildirilən fikirlərdə vurğulanıb ki, ölkədə aparılan aqrar islahatların həyata keçirilməsi nəticəsində, torpağın və əmlakın xüsusi mülkiyyətə verilməsi, torpaq istifadəçilərinin əkiləcək kənd təsərrüfatı bitkilərini özləri müəyyən etmələri bu sahədə marağın artmasına səbəb olub.
Çıxış edənlər, həmçinin, 1918-ci ilin mart hadisələrini ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin növbəti mərhələsi olduğunu bildiriblər. "Həmin vaxt xalqımıza qarşı bu soyqırımını həyata keçirmək üçün təxminən 7 min erməni əsgəri Bakıya gətirilmişdir. Bundan başqa, "Qırmızı Qvardiya" adı altında yaradılan 10-12 minlik ordunun 70 faizindən çoxunu, məhz ermənilər təşkil edirdilər"-deyə çıxışlarda vurğulanıb. Əlavə olunub ki, azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilib: "Azərbaycan xalqı illərlə, bəlkə də, əsrlərlə haqsızlıqlarla üzləşib. Amma bu gün ölkəmizə, millətimizə, ərazi bütövlüyümüzə qarşı olan bütün hədələri dəf etməyə, onlara layiqli cavab verməyə gücümüz var. Bu gücün əsasında isə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən başlanan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən, yalnız milli mənafeyə xidmət edən siyasət dayanır".
Sonda hər iki ərazi ilk partiya təşkilatında bir qrup gəncə və qadına Yeni Azərbaycan Partiyasının üzlük vəsiqələri təqdim olunub.
RƏFİQƏ