YAP Tərtər rayon təşkilatı, rayonun icra hakimiyyəti və təhsil şöbəsi bu mövzuda məktəblərarası inşa yazı müsabiqəsi keçiriblər
Dünən Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatı, rayon icra hakimiyyəti və rayon təhsil şöbəsinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil orta məktəblərinin yuxarı sinif şagirdləri arasında ötən ilin 4 günlük aprel müharibəsində Azərbaycan Ordusunun mənfur erməni qəsbkarlarının törətdikləri fitnəkarlığa qarşı əldə etdiyi tarixi qələbənin ildönümünə həsr olunmuş "Rəşadətli Azərbaycan Ordusu" mövzusunda inşa yazı müsabiqəsi keçirilib.
Tədbirdə YAP rayon təşkilatı aparatının rəhbəri Kamil Məmmədov, rayon təhsil şöbəsinin müdiri Surxay Mirzəyev, rayon icra hakimiyyəti başçısı aparatının məsul işçisi Elvin Umudov çıxış edərək, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu siyasətinin bu gün möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, bu gün Azərbaycan Ordusunun təkcə regionda deyil, uzun tarixə malik dövlətlərin orduları arasında da qabaqcıl yerlərdən birinə sahib olmasından, ordumuzun hər an düşmən tapdaqları altında olan torpaqlarımızın azadlığı uğrunda aparılacaq mübarizəyə hazır olmalarından danışdılar.
Rayonun 44 ümumtəhsil məktəblərinin hər birindən bir nümayəndə inşa yazı müsabiqəsində iştirak edib.
İnşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması məqsədilə 3 mükafat təsis edilib. Rayon icra hakimiyyəti, YAP rayon təşkilatı və rayon təhsil şöbəsi tərəfindən qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
RÖVŞƏN