"Dağlıq Qarabağ azərbaycanlılarına münasibət ATƏT-in Minsk Qrupu həmsədrləri, eləcə də Rusiya üçün testdir". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.Mərkəz sədrinin sözlərinə görə, Dağlıq Qarabağ azərbaycanlıları əzəli, əbədi torpağı olan Dağlıq Qarabağdan deportasiya olunublar: "Bütün tarix Dağlıq Qarabağın Azərbaycanla azərbaycanlılarla bağlı olduğunu sübut edir. Dağlıq Qarabağa ermənilər köçürülmədir. Dağlıq Qarabağa ermənilərin köçürülməsinin müəllifi Rusiyadır. Bir qrup Rusiya rəsmisi 19-cu əsrdən başlayaraq İrandan və Osmanlı imperiyasından erməniləri Azərbaycan ərazilərinə, o cümlədən Dağlıq Qarabağa köçürdülər. İndi də bir qrup Rusiya siyasətçisi Dağlıq Qarabağ ermənilərinin Dağlıq Qarabağa sahiblənməsinin rəsmiləşməsinə şərait yaratmaqla məşğuldur. Bu məsələdə Rusiya rəsmiləri siyasətçilərindən zərrə qədər geri qalmırlar. Hal-hazırda Dağlıq Qarabağ ermənilərinin gəlmə olmasından danışmaq məsələnin çox kiçik bir hissəsidir.Məsələ burasındadır ki, gəlmə olan ermənilər yerli, aftoxton azərbaycanlıları deportasiyaya məruz qoydular, qovub çıxardılar. Bu Rusiya hökumətinin həm çar Rusiyası dövründə həm də sovet dövründə apardığı siyasi ənənəyə tamamilə uyğundur. İstər çar Rusiyası, istər Stalin dövründə xalqları öz yaşadığı ərazidən məhrum etmək, başqa ərazilərə köçürmək adi hal almışdı. Çox təəssüf ki, həmsədrlər də Rusiyanın bu ənənəsinə hörmət nümayiş etdirirlər. ATƏT-in Minsk Qrupu həmsədrlərinin, xüsusən Qərb ictimaiyyətinin Rusiyanın deportasiya siyasətini dəstəkləməsi zərrə qədər yol verilməzdir. Ona görə Dağlıq Qarabağ azərbaycanlılarının Dağlıq Qarabağa qayıtması məsələsinə həmsədrlərin münasibəti sınaq münasibətidir. Onların niyyətinin saflığına test münasibətidir. Əgər həmsədrlər bu regionda deportasiya siyasətinə dəstək verəcəklərsə deməli, həmsədrlər Rusiya ilə birlikdə bu region üçün xaos arzulayırlar.V.Putinin siyasətində uğur var, bu şəksizdir. Amma Putin Rusiyasında uğurun ən az gəlib çatdığı məkan məhz Qafqazdır. Qafqaz regionuna uğurlu siyasətini daxil edə bilməyən Rusiya xaos siyasətini daxil edir və bu məsələdə də Qərb, ona dəstək verir və yaxud Rusiya ABŞ və Fransanı özünə dəstəkçi kimi qoşa bilib. O anlamda ATƏT-in Minsk Qrupu həmsədrləri Dağlıq Qarabağ tənzimlənməsində Qarabağ azərbaycanlılarının yeri və roluna münasibət bildirməlidir. İlk növbədə Dağlıq Qarabağın statusunun müəyyən olunmasında Dağlıq Qarabağ azərbaycanlılarının rolunun rəsmi və geniş izahına ciddi ehtiyac var. Əks təqdirdə uğursuzluq zolağına çevrilən Qafqazda yeni deportasiya dalğası üçün nəzəri, ideoloji hazırlıq işləri ilə məşğul olduğunu iddia edə bilərik".
sia.az