İlham Əliyev: "Bu gün Qazaxıstan və Azərbaycan fəal inkişaf edən iki müstəqil dövlət kimi əməkdaşlığın ikitərəfli formatını möhkəmləndirir"
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin aprelin 3-də rəsmi qarşılanma mərasimi olub. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Qazaxıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevi qarşıladı. Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Nursultan Nazarbayevə, Qazaxıstan nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi. Azərbaycan və Qazaxıstan prezidentləri rəsmi foto çəkdirdilər.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin məhdud tərkibdə görüşü olub.
Prezident İlham Əliyev ali qonağı salamlayıb:
-Nursultan Abişeviç, xoş gəlmisiniz. Sizi Azərbaycanda görməyə çox şadam. Biz Sizin səfərinizə böyük əhəmiyyət veririk. Əminəm ki, bu səfər ölkələrimiz və xalqlarımız arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə xidmət edəcək. Bizim münasibətlərimiz çox uğurla inkişaf edir. Biz bir sıra istiqamətlər üzrə əməkdaşlıq edir, beynəlxalq aləmdə həmişə bir-birimizi dəstəkləyir, regionda çoxsaylı mühüm birgə tədbirlər, təşəbbüslər həyata keçiririk.
Bugünkü səfərin gündəliyi kifayət qədər genişdir. Müzakirə edəcəyimiz xeyli məsələlər var. Əminəm ki, qəbul edəcəyimiz qərarlar, imzalanacaq sənədlər ölkələrimiz arasında münasibətlərin daha fəal inkişafı işinə xidmət edəcək. Biz buna çox böyük əhəmiyyət veririk. Qazaxıstan bizim üçün dost, qardaş ölkədir. Onun çox böyük potensialı var və Sizin rəhbərliyinizlə Qazaxıstanın qazandığı nailiyyətlər dost kimi bizi sevindirir. Buna görə əminəm ki, səfəriniz çox məhsuldar, səmərəli olacaq, yaxşı nəticələr verəcək. Bu, ölkələrimizi daha da yaxınlaşdıracaq və regionumuzda daha əlverişli şərait yaradacaq. Bir daha xoş gəlmisiniz.
X X X
Prezident Nursultan Nazarbayev:
-Əvvəla ölkənizə rəsmi səfərə dəvətə görə çox sağ olun İlham Heydər oğlu. Mən bu səfəri böyük məmnuniyyətlə edirəm. Çünki mən burada özümü evdəki kimi hiss edirəm.
Qazaxıstan ilə Azərbaycan arasında münasibətlər heç vaxt və heç bir halda pozulmayıb, əksinə, biz tariximizin, mədəniyyətimizin, dinimizin yaxınlığını qeyd etmişik və münasibətlərimizi bu etimad əsasında qurmuşuq. Müstəqilliyi bərpa etdikdən sonra biz Heydər Əliyevlə birlikdə bunun bünövrəsini yaratmışıq və indi həmin işi davam etdiririk. Nümayəndə heyətimiz buraya səmimi əminliklə gəlib ki, bu səfər və danışıqlar ticari-iqtisadi, siyasi münasibətlərin möhkəmləndirilməsinin, xalqlarımızın və ölkələrimizın daha da yaxınlaşmasının yeni əsasını qoyacaq. Biz artıq dünən Sizinlə ilkin danışıqlara başlamışıq və bu yeni şəraitdə hansı perspektivlərin, imkanların olduğunu görürük. Elə indi - dünyada böyük dəyişikliklərin, iqtisadi-siyasi cəhətdən böhranın baş verdiyi zamanda bizim ixrac-birja məhsullarımız çöküb. Bu, bir tərəfdən, pisdir, digər tərəfdən, məlum olduğu kimi, problemdə imkanları da görmək lazımdır. Biz də bu imkanları onda görürük ki, iqtisadiyyatı şaxələndirməliyik, yeni istehsal sahələri yaratmalıyıq, yeni işlər görməliyik, buna isə elmi və innovasiyaları cəlb etməliyik. Bu işlər həm sizdə, həm də bizdə həyata keçirilir və yeni əsaslar üzərində ölkələrimizin iqtisadi əlaqələrini kəskin şəkildə yüksəltmək mümkündür. İşimizi davam etdirmək üçün vaxtı bir daha dəqiqləşdirməliyik.
Mən Sizi keçirilmiş referendum münasibətilə təbrik edirəm. Əminəm ki, bu referendum Azərbaycan xalqının rifahına xidmət edəcək. Bu referendum xalqın şəxsən Sizə olan etimadını bir daha nümayiş etdirdi. Belə mürəkkəb dövrdə bu, çox mühüm məqamdır. Biz səmimi qəlbdən Sizi təbrik edirik.
Mən Bakı şəhərinin necə inkişaf etdiyini, daha da gözəlləşdiyini görürəm. Yeni paytaxt quran insan kimi mənim üçün bu, aydındır, bunun necə başa gəldiyini bilirəm. Şəhər gözəlləşir, çünki bu, ölkənin simasıdır. Hər gələn paytaxtı, ölkəni görür, həmçinin Azərbaycan da inkişaf edir. Mən bir daha qeyd edirəm ki, biz yaxın qonşularıq və biri-birinə etibar edən dostlarıq. Bizim nümayəndə heyətinə göstərilən səmimi qəbula görə sağ olun. Aparacağımız danışıqlar və imzalayacağımız bəyannamə özlüyündə bizim gələcəkdə ölkələrimiz və xalqlarımız üçün nəzərdə tutduğumuz böyük işlərdən xəbər verir. Təşəkkür edirəm.
Prezident İlham Əliyev: Sağ olun.
Aprelin 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin geniş tərkibdə görüşü olub. Prezident İlham Əliyev çıxış edərək bildirib ki, bu səfər ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsi üçün çox böyük əhəmiyyət kəsb edir:
-Hörmətli Nursultan Abişeviç, hörmətli qonaqlar. Sizi Azərbaycanda bir daha səmimi qəlbdən salamlayıram. Sağ olun ki, bizim dəvətimizi qəbul edərək ölkəmizə səfərə gəlmisiniz.
Bu səfər ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsi üçün çox böyük əhəmiyyət kəsb edir. Mən, ilk növbədə, Qazaxıstanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə Sizi bir daha təbrik etmək istərdim. Bu, dünya miqyaslı məsələlərdə Qazaxıstanın rolunun, Sizin şəxsi nüfuzunuzun etiraf edilməsi və təkcə bizim regionda deyil, bütövlükdə planetdə sülhün möhkəmlənməsi üçün Sizin irəli sürdüyünüz təşəbbüslərin tanınması deməkdir.
Biz münasibətlərimizin inkişafından çox məmnunuq, biz daim əlaqə saxlayırıq. Bu gün biz artıq bir sıra məsələlərə dair fikir mübadiləsi apardıq. Biz bu işə dünən axşam başladıq və artıq baş tutmuş fikir mübadiləsi göstərir ki, müzakirə edilən bütün məsələlər barədə mövqelərimiz tamamilə üst-üstə düşür. Siyasət sahəsində fəal qarşılıqlı əlaqələrimizi, iqtisadi sahədə, nəqliyyat sahəsində yaxşı perspektivləri ətraflı müzakirə etmişik və indi nümayəndə heyətlərinin iştirakı ilə diskussiyaları davam etdirəcəyik.
Əminəm ki, bizim bu gün qəbul edəcəyimiz qərarlar qısa müddətdə əmtəə dövriyyəsini əhəmiyyətli dərəcədə artırmağa və regional əməkdaşlıq baxımından yeni şərait yaratmağa imkan verəcək. Həm Qazaxıstan, həm də Azərbaycan konkret nəqliyyat, enerji layihələri, iqtisadi inkişafla bağlı layihələr vasitəsilə regional əməkdaşlığı möhkəmlətmək üçün çox iş görür. Mənim üçün bu da xoşdur ki, şirkətlərimiz arasında qarşılıqlı investisiyalar qoyuluşu başlanır və artıq yaxşı nəticələr verir.
Fikrimcə, Sizin səfəriniz və qəbul ediləcək qərarlar investisiyaların həcmini artırmaq üçün özəl sektoru da stimullaşdıracaq. Sizi bir daha salamlamaq və əmin olduğumu bildirmək istərdim ki, bu səfər çox uğurlu keçəcək və ölkələrimizi daha da yaxınlaşdıracaq. Xoş gəlmisiniz.
X X X
Prezident Nursultan Nazarbayev:
-Sağ olun, hörmətli İlham Heydər oğlu. Mən, ilk növbədə, Sizin ölkənizə çoxdan gözlənilən bu səfərə dəvət üçün dərin təşəkkürümü bildirmək istərdim. Biz azərbaycanlı qardaşlarımızın səmimiyyətini, qonaqpərvərliyini hiss edirik. Dövlətlərarası beş sənəd, müvafiq sazişlər, idarələrarası razılaşmalar hazırlanıb. Bu sənədlər bizim iştirakımızla imzalanacaq. Son illərdə bizim münasibətlərimizdə yeni mərhələ olan bu sənədlər dövlətlərimiz arasında iqtisadi və maliyyə sahələrində əməkdaşlıq məsələlərini həll edəcək.
Biz həqiqətən bütün məsələləri müzakirə etdik. İmzalanmaq üçün hazırlanmış Bəyannamədə hər şey - bütün istiqamətlər üzrə münasibətlərimiz nəzərə alınıb. Biz aydınlaşdırdıq ki, yaxın iki-üç il ərzində əmtəə dövriyyəsini kəskin şəkildə - bir neçə dəfə artırmağa imkan var. İdarələr arasında, xüsusən nəqliyyat-kommunikasiya nazirlikləri arasında imzalanacaq sənədlər, müvafiq razılaşmalar hər iki dövlət üçün böyük səmərə vəd edir.
Digər məsələlərə - həm iqtisadi və siyasi, həm də mədəni-humanitar məsələlərə gəldikdə isə biz münasibətlərimizi bir daha vurğulamaq üçün gənclərin dövlətlərimizdəki müvafiq ali məktəblərə qəbul edilməsi, mədəni münasibətlərin, ziyalıların görüşlərinin, iki ölkənin qarşılıqlı mədəniyyət günlərinin bərpa olunması məsələlərinə diqqət yetirməliyik. Bunun üçün yaxşı imkanlar, bir növ körpü var. Qazaxıstanda bizim vətəndaşlarımız olan 130 min etnik azərbaycanlı yaşayır. Onlar bizim vətəndaşlarımızdır və bütün məsələlərə tam şəkildə qoşulublar. Bu, bizim ticari əlaqələrimiz üçün yaxşı körpüdür. Mən bilirəm ki, məhz onlar müştərək müəssisələr açır, biznes qurur və bizim münasibətlərimizi yaxşılaşdırmağa kömək edirlər. Fikrimcə, biz bunu dəstəkləməliyik.
Aprelin 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Qazaxıstan sənədləri imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev Prezidentlərin Birgə Bəyannaməsini imzaladılar. "Azərbaycan Dəmir Yolları" QSC ilə Qazaxıstan Dəmir Yolları Milli Şirkəti arasında logistika və dəmir yolu nəqliyyat maşınqayırması sahəsində strateji əməkdaşlıq haqqında Saziş"i "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov və Qazaxıstan Dəmir Yolları Milli Şirkətinin prezidenti Kanat Alpısbayev imzaladılar.
"Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında ikiqat vergitutma sahəsində Sazişə əlavə və dəyişikliklərin edilməsi haqqında Protokol"u Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov və Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev imzaladılar.
"Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş"i Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Qazaxıstanın investisiya və inkişaf naziri Jenis Kasımbek imzaladılar. "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2017-2018-ci illər üzrə Əməkdaşlıq Proqramı"nı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Qazaxıstanın xarici işlər naziri Kairat Abdraxmanov imzaladılar. "Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov və Qazaxıstanın Baş nazirinin birinci müavini Askar Mamin imzaladılar.
Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanmasından sonra Prezident İlham Əliyev və Prezident Nursultan Nazarbayev mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev bəyanatında bildirib ki, bizim ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəm təməli var:
"Hörmətli Nursultan Abişeviç. Hörmətli qonaqlar, xanımlar və cənablar. Nursultan Abişeviç, bir daha Sizi Azərbaycanda səmimi qəlbdən salamlayıram. Əziz dost, xoş gəlmisiniz. Azərbaycanda Sizi çox sevirlər, hörmət edirlər və Sizin səfəriniz ikitərəfli münasibətlərimizdə böyük hadisədir. Bizim ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəm təməli var. Bu il biz dövlətlərimiz arasında diplomatik münasibətlər qurulmasının 25 illiyini qeyd edirik, hərçənd xalqlarımızın qarşılıqlı münasibətlərinin tarixi yüzilliklərlə hesablanır. Bu tarix həmişə dostluq, əməkdaşlıq, qarşılıqlı dəstək tarixi olub.
Bu gün Qazaxıstan və Azərbaycan fəal inkişaf edən iki müstəqil dövlət kimi əməkdaşlığın ikitərəfli formatını möhkəmləndirir. Nursultan Abişeviçin bugünkü səfəri, apardığımız danışıqlar, imzalanmış sənədlər ölkələrimiz arasında olduqca möhkəm əlaqələrin mövcudluğunu sübut edir. Biz qarşılıqlı siyasi fəaliyyəti fəal inkişaf etdirir, həm rəsmi səfərlər, həm də beynəlxalq tədbirlər çərçivəsində çox tez-tez görüşürük. Söhbət etmək və münasibətlərimizin inkişaf yollarını müəyyənləşdirmək üçün həmişə vaxt tapırıq. Biz beynəlxalq strukturlarda fəal əməkdaşlıq edir, bir-birimizə həmişə qarşılıqlı dəstək oluruq. Bu da bizim münasibətlərimizin səmimiliyinin yaxşı göstəricisidir. Fürsətdən istifadə edərək, bir daha Nursultan Abişeviçi və bütün qardaş Qazaxıstanı dünya siyasətinin ali strukturuna - BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə təbrik etmək istəyirəm. Bu, dünya ictimaiyyətinin Qazaxıstana münasibətinin göstəricisi, Qazaxıstanın uğurlarının, eləcə də onun beynəlxalq və qlobal işlərdə rolunun tanınması deməkdir. Əminəm ki, BMT Təhlükəsizlik Şurasının üzvü kimi Qazaxıstanın fəaliyyəti sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə yönələcək. Əminəm ki, bu qurumda onun işi uğurlu olacaq. Həmçinin Azərbaycanın təmsil olunmadığı beynəlxalq strukturlarda Azərbaycanı dəstəklədiyinizə görə təşəkkür etmək istərdim.
Biz bu gün ticari-iqtisadi inkişafa dair məsələləri siyahı üzrə birbaşa müzakirə etdik və əmtəə dövriyyəsini sürətlə artıra biləcəyimiz mövqeləri müəyyənləşdirdik. Əmtəə dövriyyəmizdə artım olsa da, bu, bizim nə potensialımızı, nə də niyyətlərimizi əks etdirə bilməz. Buna görə də gələn ay hökumətlərarası komissiyanın növbəti iclasının keçirilməsi qərara alınıb. Mən, həmçinin çox şadam ki, Azərbaycan Qazaxıstana fəal sərmayə qoymağa başlayıb və Aktauda logistika mərkəzinin açılışı və həmin şəhərdə energetika-maşınqayırma zavodunun inşası bizim ticari-iqtisadi əməkdaşlığımızın möhkəmlənməsinə yönəldilmiş investisiyalarımızın nümunəsidir. Qazaxıstan bazarı bizim üçün böyük maraq doğurur. Bir daha demək istəyirəm ki, biz Qazaxıstana ixrac edə biləcəyimiz və oradan idxal edə biləcəyimiz mövqeləri bənd-bənd konkret müzakirə etdik. Əlbəttə, humanitar sahədə əməkdaşlıq da müzakirə olundu. Biz bu əməkdaşlığın möhkəmləndirilməsi üzrə konkret addımlar müəyyənləşdirmişik. Eləcə də gənc nəslin biri-birini yaxşı tanıması, dostluq etməsi və xalqlarımız arasında qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi, ölkələrimizin yaxınlaşması məqsədilə Qazaxıstan və Azərbaycan rəhbərlərinin apardıqları siyasəti onların da gələcəkdə aparması üçün Qazaxıstan və Azərbaycan gənclərinin müxtəlif tədbirlərdə iştirakını nəzərdə tutmuşuq."
Prezident Nursultan Nazarbayev bəyanatında diqqətə çatdırıb ki, bu səfər zamanı bizim danışıqlarımız Azərbaycan-Qazaxıstan münasibətlərinə tamamilə yeni yol açacaq:
"Hörmətli İlham Heydər oğlu.
Əvvəla, mən bu rəsmi səfərə dəvətə görə təşəkkür etmək istəyirəm. Biz bu səfəri səbirsizliklə gözləyirdik. Böyük məmnuniyyətlə buraya gəlmişik. Mən azərbaycanlı dostlarımızdan qardaşlıq münasibəti, dostluq hissi və qonaqpərvərlik duyuram.
Dünən axşam və bu gün səhər məhdud və geniş tərkiblərdə görüşlərdə biz bütün məsələlər kompleksini müzakirə etdik. Siz bu barədə ətraflı məlumat verdiniz. Mənə yalnız bunu əlavə etmək qalır ki, bizim qarşılıqlı münasibətlərimizin əsas məsələsi ticarətdir. Ticarəti genişləndirmək əsasında bütün digər münasibətləri inkişaf etdirmək lazımdır. Ticarət bazisdir, təməldir. Biz ticari münasibətlərdə əmtəə dövriyyəsinin artırılmasının vacibliyini xüsusi ilə qeyd etdik. Demək olmaz ki, 140 milyon dollar potensialımıza cavab vermir, amma bizim imkanlarımızı göstərmir. Buna görə də bu sahədə birinci yerə Xəzər dənizi ilə nəqliyyat-logistika əməkdaşlığı çıxır.
İkinci məsələ. İlham Heydəroğlu qeyd etdi, əgər Qazaxıstanın idxalının nə olduğuna, Azərbaycanın ixrac və idxalının nələr olduğuna baxsaq belə çıxır ki, biz bir-birimizdə olan malları uzaq ölkələrdən alırıq. Məsələn, şəkər. Qazaxıstanda böyük şəkər qıtlığı var. Biz onu alırıq, amma Azərbaycandan da ala bilərik. Yaxud, Azərbaycan, məsələn, siqaretləri 250 milyona alır. Biz bunun yarısını verə bilərik və sair. Əgər bu malların siyahısına nəzər yetirsək, biz əmtəə dövriyyəsini kəskin artıra bilərik. Siz 2020-ci ilədək əmtəə dövriyyəsini 500 milyon dollara qədər artırmağı qarşıya vəzifə qoymusunuz. Amma mən dünən eşidəndə ki, bizim təkcə nəqliyyat nazirliklərimiz 500 milyonluq müqavilə imzalayıblar, onda deyə bilərik ki, biz 1 milyard həcmində əmtəə dövriyyəsinə nail ola bilərik.
Əlbəttə, prezidentlər görüşərkən regional təhlükəsizlik, ümumi təhlükəsizlik problemlərini müzakirə etməyə bilməzlər və bununla əlaqədar Qazaxıstan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvi kimi əsas diqqətini, əlbəttə, bizim regionumuza və Suriyaya, Əfqanıstan da daxil olmaqla Mərkəzi Asiya regionuna yönəldəcək. Bununla əlaqədar bir daha qeyd edə bilərəm ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Qazaxıstan bizim səs verdiyimiz Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qətnamələrə, yəni, beynəlxalq münasibətlərin hamılıqla qəbul olunmuş normalarına əsaslanır. Ümumiyyətlə, Qazaxıstan Azərbaycanla olduğu kimi, Ermənistan və Gürcüstanla da mehriban münasibətlər saxlayır. Biz istərdik ki, burada sülh olsun və məsələ sülh yolu ilə həll edilsin. Biz bu yolda əlimizdən gələni edirik, necə deyərlər, hamıya məsələnin sülh yolu ilə həll olunmasını təklif edirik. Yeri gəlmişkən, bu, həm Ermənistan, həm də Azərbaycan xalqlarının, eləcə də, bizim hamımızın maraqlarına cavab verir. Hamımız bir yerdə yaşayırıq. Biz ticarət etməli, yaşamalı və inkişaf etməliyik."
Aprelin 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin şərəfinə rəsmi qəbul təşkil olunub.