Levon Ter-Petrosyan: "Seçkilərin nəticələrini normal qiymətləndirmək siyasi savadsızlıq olardı"
Ermənistanın birinci prezidenti - "Ermənistan Milli Konqresi" blokunun lideri Levon Ter-Petrosyan və Ermənistan Xalq Partiyası ölkədə keçirilən seçkilərin nəticələri ilə bağlı birgə bəyanatla çıxış ediblər. "SƏS" İnformasiya Agentliyi xəbər verir ki, Levon Ter-Petrosyanın fikirlərini qeyd edən "ilur.am" saytının yazdığına görə, o, seçkilərin nəticələrini başqa cür təsəvvür belə etmirdi. Ter-Petrosyan bunun əksini düşünməyi siyasi savadsızlıq adlandırıb. SİTAT: "Bir ölkədə ki, milli gəlir istər qanuni, istərsə də qanundan kənar şəkildə bir neçə ailənin cibinə axır və xalq aclıq çəkir, bu zaman seçkilərin nəticələri barədə hər hansı müsbət fikir səsləndirmək siyasi savadsızlıq olardı. Bizə isə "Respublika" partiyasının, "Çiçkəklənən Ermənista"nın, "ERF"-nin, "Daşnaksyutun"un və "Yerk" blokunun nəhəng addımlarla hoppanaraq, Ermənistan iqtisadiyyatına çoxmilyardlı investisiyanın axın etməsini, erməni ordusunu gücləndirmələrini, ölkədən mühacirət edənlərin qarşısını almalarını və əsas məsələ - Qarabağ münaqişəsini necə həll edəcəklərini gözləmək qalır".
"Bundan sonra ölən hər bir əsgərin qanı parlamentdə təmsil olunan siyasi güclərin vicdanlarında qalacaq"
Digər tərəfdən, Ter-Petrosyan bildirib ki, onun təşəbbüsü ilə "Sülh, barışıq və mehriban qonşuluq" şüarı formalaşdırılıb və hələlik, kütləvi hal almasa da, yaxın vaxtlarda bu şüar ictimai hərəkata çevrilərək və inkişaf edəcək.
Ermənistanın eks-prezidenti bu hərəkatın yalnız bir məqsədə xidmət etdiyini bildirib. Həmin məqsəd Ermənistan və Qarabağı gözləyən dəhşətli fəlakətin qarşısının alınmasına hesablanıb. "Burada başqa hədəf yoxdur"-deyə qeyd edən Ter-Petrosyan əlavə edib ki, sülh indi lazımdır, fəlakətlər və yeni mənasız ölümlərdən sonra deyil: "Bundan sonra ölən hər bir əsgərin qanı parlamentdə təmsil olunan siyasi güclərin vicdanlarında qalacaq".
"Xalq öz səsini hakimiyyətə satdı, sabah isə yenidən onları söyməyə başlayacaq ki..."
Digər müxalifət təmsilçisi - "Ohanyan-Raffi-Oskanyan" blokunun namizədi, Ermənistanın sabiq müdafiə nazirinin müavini və "Veteranlar ittifaqı"nın üzvü Qagik Melkonyan "1in.am" saytına müsahibəsində "ORO"nun 7 fazilik həddi keçmədiyinə münasibətini bildirərkən deyib ki, bu seçkilər yalnız bazarla müqayisə oluna bilər. SİTAT: "Şəxsən mən bu seçkiləri bazarla müqayisə edirəm-insanlar bazara məhsul almağa gedirlər: kim daha çox pul versə, ona da mal satılacaq. Bizim xalq öz səsini hakimiyyətə satdı, yeyib-içib doyandan sonra isə sabah yenidən onları söyməyə başlayacaq ki, nə isə doğru deyil və s. Axı onlar öz istəkləri ilə səslərini satıblar. Biz daha yaxşı nəticələr gözləyirdik, lakin insanlara nə rüşvət nə də başqa şey təklif etməmişdik". Yeri gəlmişkən, Ermənistandada siyasi və seçki texnologiyaları üzrə tanınmış ekspert kimi tanınan Armen Badalyanın sözlərinə görə, hakim Respublika Partiyası ilə birgə "Tsarukyan" bloku, məhz rüşvət hesabına parlamentdə yerlər əldə ediblər. Bu barədə o, "a1+" media qurumuna deyib.
Ermənistandakı seçkiləri müşahidə edən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun məlumatları da maraq doğurur. Belə ki, erməni mətbuatının yazdığına görə, ATƏT təmsilçilərində rüşvət və s. tipli qanun pozuntuları ilə bağlı məlumatların olduğu bildirilir. Qeyd olunub ki, bu kimi halların baş verməsi ictimai etibarın itirilməsinə səbəb olur.
Beləliklə, Ermənistanda dırnaqarası tərzdə baş tutmuş parlament seçkiləri Sarkisyan rejiminin və ona sözdə "müxalifət" olan bir neçə siyasi qurumunun "qələbəsi" ilə başa çatıb. Yalnız bu "qələbə", əslində, ağır və birdəfəlik məğlubiyyətə aparan yolun davamıdır.
Rövşən NURƏDDİNOĞLU