TƏHLİL
Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli, prinsipial və xalqın milli maraqlarına cavab verən siyasəti sayəsində Azərbaycanın ardıcıl şəkildə qazandığı diplomatik uğurlar Ermənistan rəhbərliyinin ağır, çıxılmaz vəziyyətə düşməsi ilə nəticələndi
Azərbaycanın işğal edilmiş ərazilərində - Qarabağdakı qoşunların təmas xəttində işğalçı və təcavüzkar Ermənistan tərəfindən 2016-cı ilin 2-5 aprel tarixlərində törədilən təxribata qüdrətli silahlı qüvvələrimizin cavab verməsi nəticəsində, işğal altında olan 2000 hektara yaxın ərazimizin, o cümlədən, strateji əhəmiyyət daşıyan Lələtəpə və Talış yüksəkliklərinin geri qaytarılmasından, Cocuq Mərcanlının düşmən nəzarətindən çıxmasından, o cümlədən, işğalçıların tapdağı altında olan on minlərlə hektar əraziyə, bilavasitə nəzarət etmək imkanı qazanmasından, həmçinin, işğalçı ölkənin 300-dən çox hərbçisinin və çoxsaylı texnikasının məhv edilməsi tarixindən bir il ötdü. Bu zəfər yürüşü Azərbaycan üçün təkcə hərbi-texniki deyil, eyni zamanda, diplomatik-siyasi və mənəvi-psixoloji əhəmiyyət daşıyan qələbə kimi tariximizə qızıl hərflərlə yazıldı.
Dünya biliyi anlamağa başladı ki, müharibə baş verərsə...
Belə ki, Azərbaycan dövləti Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bu günə qədər irəli sürülmüş təşəbbüslərin qarşısını almağa cəhdlər edən təcavüzkar Ermənistanın burnunu ovdu, eləcə də, layiq olduğu yeri göstərdi! O cümlədən, beynəlxalq aləmə də sübut olundu ki,Ermənistanın hərbi təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil və Qarabağda hər an böyük hərbi əməliyyatların başlaması ehtimalı böyükdür. Məhz bu səbəbdən, dünya biliyi anlamağa başladı ki, müharibə baş verərsə, bunun ağır fəsadları böyük bir müharibə qaçılmazlığı ilə bütün regionda daha ağır fəsadlar törədər. Əlbəttə ki, məsuliyyət də təcavüzkar ölkənin və eyni zamanda, bu təcavüzə uzun illərdir ikili standartlarla yanaşan ATƏT-in Minsk Qrupu həmsədrlərinin üzərinə düşər.
Beləliklə, aprel qələbəsi, bir daha göstərdi ki, Azərbaycan dövləti və xalqı öz ərazilərinin işğal altında qalması ilə barışmayacaq, düşmənə layiq olduğu cavabı verəcək və nəyin bahasına olursa-olsun, torpaqlarını düşmən tapdağından azad edəcək. Əbəs yerə deyil ki, bu qələbə Azərbaycan dövlətinin hərb sisteminin yenidən qurulmasına, müasir silahlarla təchiz edilməsinə və Vətənin müdafiəsinə xüsusi qayğı göstərilməsinə dair Prezident və Ali Baş Komandan İlham Əliyevin siyasətinin uğurlarının nəticəsidir. Belə ki, dövlət büdcəsində müdafiə xərclərinin ən çox olmasının zəruriliyi də bunu kifayət qədər ehtiva edib.
Aprel döyüşlərində əldə edilən qələbə Azərbaycan üçün həm cəbhədə, həm də siyasi arenada yeni şərait yaratdı
Başqa tərəfdən, bu qələbə erməni cəmiyyətinə sarsıdıcı mənəvi-psixoloji zərbə vurdu. Erməni xalqı hakimiyyətin yarıtmazlığının bir daha şahidi oldu. Məhz aprel qələbəmizdən sonra Ermənistanda iqtidar əleyhinə mitinqlərə start verildi.
Həmçinin, Azərbaycanın kiçik bir əks-hücumu nəticəsində, nəinki işğal edilmiş ərazilərdən, o cümlədən, Ermənistandan adamlar qaçmağa başladılar. Bunu isə təsdiq edən çoxsaylı videomateriallar və fotomateriallar mövbuddur. Ancaq aprel döyüşləri dünyaya göstərdi və sübut etdi ki, erməni qaniçənlərindən fərqli olaraq, Azərbaycan dinc sakinlərə qarşı deyil, ərazilərinin işğaldan azad edilməsi üçün döyüşür.
Ermənistan daha ağır və daha sarsıdıcı zərbələr altında inləyəcək
Eləcə də, diplomatiyanın hər zaman gücə arxalanmalı olması faktoru sübuta yetirlidi. Bu baxımdan, qənaətə gəlmək mümkündür ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü qətiyyətli, prinsipial və xalqın milli maraqlarına cavab verən siyasəti sayəsində Azərbaycanın ardıcıl şəkildə qazandığı diplomatik uğurlar Ermənistan rəhbərliyinin ağır, çıxılmaz vəziyyətə düşməsi ilə nəticələndi.Məsələn, ATƏT-in Minsk Qrupunun həmsədrləri artıq münaqişənin həlli ilə bağlı qəti mövqe ifadə edir, mövcud status-kvonun saxlanmasının mümkün olmadığı barədə ümumi rəy bildirirlər. Artıq bu amilin özü haqqın və ədalətin Azərbaycanın tərəfində olduğunun bariz göstəricisidir və əgər Ermənistan təcavüzkar siyasətindən əl çəkməyəcəksə, daha ağır, daha sarsıdıcı zərbələr altında qalaraq inləyəcək.
Rövşən NURƏDDİNOĞLU