Aprelin 7-də Daşkənddə keçiriləcək MDB Xarici İşlər Nazirləri Şurasının iclasında 16 sənəd layihəsinə baxılacaq. SİA "podrobno.uz" saytına istinadən xəbər verir ki, bunu Özbəkistan XİN rəhbərinin müavini Ənvər Nasırov deyib. Onun sözlərinə görə, Ermənistan, Belarus, Qazaxıstan, Rusiya xarici işlər nazirləri, həmçinin qurumun icraçı katibi iclasda iştirakını rəsmi olaraq təsdiqləyib. Azərbaycan, Moldova və Gürcüstan isə nazir müavinləri səviyyəsində təmsil oluncaq.
Ə.Nasırov əlavə edib ki, gündəliyə daxil olan 16 sənəd layihəsinin 10-nun təsdiqlənərək MDB Dövlət Başçıları Şurasına təqdim ediləcəyi planlaşdırılır. Onların arasında xarici siyasət, hüquqi, mədəni və humanitar sahələrdə qarşılıqlı əməkdaşlıq, həmçinin dövlətlərin təhlükəsizliyinin təmini, terrorçuluğun maliyyələşdirilməsinə və kütləvi qırğın silahlarının yayılmasına qarşı sənədlər var.
"Nazirlər regional təhlükəsizlik və sabitliyin möhkəmlənməsi, ticari-iqtisadi, mədəni-humanitar əməkdaşlığın dərinləşməsi, eləcə də MDB-nin üzvü olan ölkələrin davamlı inkişafına dair fikir mübadiləsi aparmağı planlaşdırırlar"-deyə, Özbəkistanın XİN rəsmisi vurğulayıb.
Qeyd edək ki, MDB XİN Şurasının iclası ildə iki dəfə keçirlir və MDB Dövlət başçılarının iclasına hazırlıq üçün əsas mərhələni təşkil edir.
sia.az