Avropa Şurasının rəsmisi: "Əlimizdə olan sübutları araşdırıb bir nəticəyə gələcəyik"
Ermənistanda aprelin 2-də keçirilmiş parlament seçkilərinin üzərindən günlər keçsə də, artıq bu seçkilərin ölkəyə və xalqa heç bir müsbət irəliləyiş bəxş etməyəcəyi göz önündədir. Prezident Serj Sarkisyanın hakimiyyətini qoruyub-saxlamaqdan ötrü teatralizə ssenarisi əsasında təşkil etdiyi bu seçkilərə hətta Avropa Şurasının müşahidə missiyası tərəfindən də konkret qiymətləndirilməyib. Məsələn, Avropa Şurasının Ermənistana ezam olunmuş nümayəndə heyətinin başçısı, fövqəladə və səlahiyyətli səfir Pyotr Svitalski aprelin 2-də bu ölkədə keçirilmiş seçkiləri şərh edərkən deyib ki, artıq seçkilərin hansı səviyyədə başa çatması və nəticələrinin qiymətləndirilməsinin vaxtı çatıb. "SƏS" İnformasiya Agentliyi bu barədə Ermənistanın birinci informasiya agentliyinə (1in.am) istinadən xəbər verir.
SİTAT: "Parlament seçkilərdən bir neçə gün keçib, biz çox əhəmiyyətli postseçki mərhələsindəyik və müxtəlif aktorlar tərəfindən edilmiş şikayətlərin həll olunmasının hansı üsullarla yoluna qoyulacağının zamanı çatıb".
Əllərində olan bu və ya digər sübutların çox diqqətli və çox sakit şəkildə analiz edilməsinin vaxtının çatdığını qeyd edən avropalı müşahidəçinin sözlərinə görə, Ermənistanın müstəqillik əldə etməsindən sonra, ilk dəfədir ki, səsvermələr zamanı əldə edilən bütün sübutların öyrənilməsi üçün şərait yaranıb: "Xüsusilə, beynəlxalq vətəndaş cəmiyyəti tərəfindən əldə olunmuş - qeydiyyata alınmış seçicilərin analizini aparmaq, videomüşahidə kameralarının qeydə aldığı görüntüləri öyrənmək imkanı yaranıb. Bizdə seçkilərin nəticələrin əks etdirən tam mənzərə olmadığına görə, hələlik, heç nə, hətta qiymətləndirmələr belə, son nəticə kimi göstərilmir".
Avropa Şurasının nümayəndə heyətinin rəhbəri, sonda bir daha qeyd edib ki, siyasi hərarət düşdükdən və təmsil etdiyi qurumun siyasi təşəbbüs, eləcə də, maliyyələşdirmə məsələsində Ermənistana etdiyi yardımının ardınca seçkilərə qədər və seçkilərdən sonrakı vəziyyəti araşdırmağın tam zamanıdır.
Lakin Ermənistandakı seçkisonrası ab-havanı araşdırdıqca, hesab etmək olmaz ki, bu ölkədə hər şey qaydasındadır və ictimai rəy bununla tamamilə razıdır.
"Justice Armenia": "Palament seçkiləri nəticəsində şübhəli hakimiyyət formalaşıb"
Məsələn, ""Justice Armenia" təşəbbüs qrupunun təsisçisi Ara Arazi diaspora ilə birgə Nyu-Yorkdan Ermənistana aprelin 2-də parlament seçkilərini müşahidə üçün gəlmişdi. Bu barədə də adıçəkilən saytda informasiya yerləşdirilib. Erməni saytı qeyd edir ki, diasporadan təşkil edilmiş təşəbbüs qrupu palament seçkiləri nəticəsində, şübhəli hakimiyyətin formalaşdırılması iddiası ilə çıxış edir. Ara Arazi budəfəki seçkilərin daha öncəkilərdən az-çox normal təşkil edildiyini desə də, bununla belə, ciddi pozuntuların baş verdiyini vurğulayıb. "Seçkilərin keyfiyyəti zəncirə bənzəyir və bu zəncirin möhkəmliyi onun bir-birinə keçən halqalarından asılıdır. Bu halqaların çoxu zəif idi və real hədəf - hansı ki, legitim və qanuni seçkilərdə gözlənildiyi kimi, gerçəkləşməmiş qaldı, burada heç bir şübhə yoxdur"-deyə "Justice Armenia" təşəbbüs qrupunun rəhbəri bildirib.
Ara Arazi: "Əsgərlərə və onların ailələrinə edilən təzyiqlərin hansı dərəcədə olduğunu təsəvvürümüzə belə gətirə bilmərik"
Hakim "Respublika" Partiyasının siyahılarındakı namizədlərin xeyrinə iş aparan məktəb direktorlarının və uşaq bağçalarının direktorları ilə bağlı məsələyə gəlincə, Ara Arazi bildirib ki, "əgər təhsil müəssisələrinin rəhbərləri bu kimi hallara rəvac verirlərsə, onda biz dövlət qurumları sistemində, eləcə də, əsgərlərə və onların ailələrinə edilən təzyiqlərin hansı dərəcədə olduğunu təsəvvürümüzə belə gətirə bilmərik. Onun sözlərinə görə, bütün bunlar xalqda və beynəlxalq müşahidəçilərdə seçkilərin qanuni şəkildə keçirilməsində şübhələr yaradır.
"Kimlər ki, normal parlamentin seçilməsinə qadağa qoyur, onlar sərt dəyişikliklərin baş verməsinə səbəbkar olrlar. Məni də, məhz bu qayğılandırır və mən istəməzdim ki, yeni "Sasna Tsrer"lər yaransın. Onlar (hakimiyyət) sülh və qanuni yollarlar dəyişikliklərə nail ola bilmədilər, məni də, məhz bu hal təlaşlandırır, narahat edir"-deyə ABŞ-ın erməni diasporasının "Justice Armenia" adlı təşəbbüs qrupunun rəhbəri Ara Arazi bildirib.
"Hayakan Jamanak": "Qalmaqallara səbəb parlamentdə vitse-sədr postunu tutmaq uğrunda aparılan amansız mübarizədir"
Maraqlıdır ki, Ermənistanda keçirilmiş seçkilərdən sonra, hakimiyyət nümayəndələri ilə yanaşı, parlamentə rüşvətvermə yolları ilə düşməyi bacarmış hakimiyyətyönlü müxalifətçilər arasında da qızğın qalmaqallara start verilib. Misal üçün, "Haykakan Jamanak" qəzeti yazır ki, onların əldə etdiyi informasiyaya görə, hakimiyyətyönlü müxalifət - "Tsaurkyan" blokunda daxili qarşıdurmalar baş qaldırıb. Buna səbəb, parlamentdə vitse-sədr postunu tutmaq uğrunda aparılan amansız mübarizədir. Belə ki, yeni seçilmiş parlamentdə iki vitse-prezidentlərdən biri müxalifəti təmsil etməlidir.
"Bu posta, Qagik Tsarukyan istisna olmaqla, dörd nəfər blok üzvü iddialıdır"-deyə yazan "Hykakan Jamanak"da qeyd olunur ki, digər mətbuat orqanlarının da yazdığına görə, ilkin ehtimallar ikinci vitse-spikerin İşxan Zakaryanın üzərində dayanır. Belə ki, Zakaryan blokun siyahısında ikinci yeri tutur: "Lakin söhbətlər gəzir ki, Zakaryanın viste-spikerliyi hakimiyyətə sərf etmir, necə ki, "Tsarukyan" blokunda 3-cü sırada yer almış Naira Zöhrabyan da bu fikirdədir. Siyahıda 4-cü sırada yer almış Vardan Bostancyanı isə vitse-spikerlik postuna namizədliyini Qagik Tsarukyanın özü istəmir".
Erməni nəşri sözügedən məsələ ilə bağlı ciddi fikir ayrılıqlarının hökm sürdüyünü qeyd etməklə yanaşı, tərəflər arasında ümumi razılığın ola biləcəyini də istisna edir.
1in.am: "Cari ilin ilk dörd ayında Ermənistanı 54 min 31 nəfər tərk edərək, geri qayıtmayıb"
1in.am saytının analitik bölməsində isə bildirilir ki, seçkilərdən sonra mühacirət məsələsi Ermənistanda milli təhlükə kimi qalmaqda davam edir. "Mühacirətin tempi yeni güc toplayır və ölkənin statistika xidmətinin yaydığı göstəricilərə görə, ötən illə nisbətdə Ermənistanı 54 min 31 nəfər tərk edərək, geri qayıtmayıb. 2015-ci ildə bu rəqəm 47 min 676, 2014-cü ildə isə 47 min 74 nəfəri təşkil edib.
Mühacirətlə bağlı bir sıra məsələlərə toxunulan şərh yazıda maraq doğuracaq fakta toxunularaq, bildirilir ki, seçki prosesi zamanı seçicilərin sayı artır və bununla paralel olaraq, respublikanı tərk edən vətəndaşların da sayı artmaqda davam edir. "Yəni ölkədən daha çox insan köçür, ancaq bununla yanaşı, polis siyahılarda seçicilərin sayını artırır, MSK-dan isə, buna müvafiq olaraq, seçkilərdə çox seçicinin iştirak etdiyi bəyan olunur. Bu, maraqlı və paradoksal haldır"-deyə adıçəkilən saytın analitik bölümündə bildirilir.
"Ermənistanda mühacirətin təhlükəli və kəskin hal alması bu mövcudluğun qarşısını ala biləcək heç bir müsbət irəliləyişin olmamasından xəbər verir"
"Daha bir mövcudluq iqtisadi artımla bağlıdır"-deyə qeyd edilən yazıda bildirilir ki, Ermənistan hakimiyyəti seçkilər öncəsi iqtisadi uğurlardan, iqtisadi artımdan danışırdılar, hansı ki, cari ilin ilk dörd ayında, faktiki olaraq, ölkəni qazanc məqsədilə tərk edənlərin sayı öncəkilərdən çox olub: "Yəni ölkədə iş tapmaq imkanı daha da azlıb və bu vəziyyət "Respublika" Partiyası tərəfindən elan edilən iqtisadi artım faktorları ilə heç cür üst-üstə düşmür. Çünki iqtisadi artım iş yerlərinin açılması deməkdir və bu da, öz növbəsində, daha az insanın xarici ölkələrdə iş dalınca getməsinə səbəb ola bilər. Ancaq ötən illə müqayisədə bu il daha çox insan ölkəni tərk edir. Bu isə, belə qənaətə gəlməyə əsas verir ki, Ermənistanda yeni iş yerlərinin açılması planlarında heç bir irəliləyiş yoxdur. Əgər hakimiyyət nə qədər çox iş yerlərinin açılması barədə anonslar verirsə, demək ki, bir o qədər də iş yerləri bağlanır..."
Şərh yazıda bildirilir ki, hətta işlə təmin olunan insanlar olsa belə, onlara o qədər az məvaciblər verilir ki, nəticədə, həmin insanlar öz ailələrinin qayğısına qala bilmirlər, ona görə də, ölkəni tərk etmək məcburiyyətində qalırlar.
"İstənilən halda, cari ilin ilk dörd ayında Ermənistanı tərk edənlərin sayının artması və kütləviləşməsi, onu təsdiq edir ki, iflas davam edir və Ermənistanda mühacirətin təhlükəli və kəskin hal alması bu mövcudluğun qarşısını ala biləcək heç bir müsbət irəliləyişin olmamasından xəbər verir. Bütün bunların fonunda iqtidardakıların öz mövqelərini, hakimiyyətlərini, bizneslərini və vəzifələrini qorumağa çalışanların "bazarları" maraqlı görünür"-deyə 1in.amın analitikasında yazılır.
Rövşən NURƏDDİNOĞLU