Arif Rəhimzadə
Azərbaycan Respublikası Milli Məclisinin komitə sədri,
YAP İdarə Heyətinin üzvü
Dünyada hökm sürən maliyyə-iqtisadi böhranı bizim ölkəyə də təsirsiz ötüşməmişdir. Bununla əlaqədar olaraq Prezident İlham Əliyev Azərbaycanın gələcək inkişaf strategiyasında mühüm düzəlişlər etmişdir. "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" 2016-cı il 6 dekabr tarixli Fərmanla 2016–2020-ci illər üçün iqtisadiyyatın on bir əsas sektorunun (neft və qaz sənayesi; kənd təsərrüfatı məhsullarının istehsalı və emalı; kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı; ağır sənaye və maşınqayırma; ixtisaslaşmış turizm sənayesi; loqistika və ticarət; uyğun qiymətə mənzil təminatı, peşə təhsili və təlim; maliyyə xidmətləri; telekommunikasiya və informasiya texnologiyaları; kommunal xidmətlər) inkişaf strategiyası və bu sahələr üzrə tədbirlər planı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli niyyətlər və sonrakı dövr üçün məqsədlər təsdiq edilmişdir. Nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində gözlənilir ki, 2025-ci ilə qədər Azərbaycanda ÜDM-in illik artımı 3 faizdən çox olacaq, 450 mindən çox iş yeri yaradılacaqdır. Müəyyən edilmiş vəzifələr nə qədər möhtəşəm olsa da, 2016-cı ilin uğurlu nəticələri qarşıya qoyulan məqsədlərə nikbin yanaşmaqla onların həyata keçiriləcəyinə əsas verir. Bunlar iqtisadiyyatın perspektivli sahələrindən olan kənd təsərrüfatının timsalında daha aydın görünür. Belə ki, əgər 2015-ci ildə respublikada 35 min ton pambıq tədarük edilmişdisə, ötən il bu göstərici əvvəlki ilə nisbətən 2,5 dəfədən çox artmış, 2017-ci ildə isə pambıq tədarükünün 200 min tona çatdırılmasınəzərdə tutulur. Barama istehsalı və tədarükü 200 kiloqramdan 70 tonadək artırılmış və bu il barama tədarükünün iki dəfədən çox artırılması hədəf kimi qarşıya qoyulmuşdur.
Müəyyən edilmiş tədbirlərin həyata keçirilməsi, şübhəsiz, idarəetmə sisteminin təkmilləşdirilməsini və onun səmərəliliyininyüksəldilməsini tələb edir. Bu məqalədə 2017-ci ilin dövlət büdcəsi əsas götürülərək qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsini yerli hakimiyyət orqanlarının timsalında təhlil etməyə cəhd göstərilmişdir. Çünki bütün inkişaf istiqamətlərini, o cümlədən idarəetmənin təkmilləşdirilməsi barəsində hökumətin niyyətlərini məhz bu maliyyə sənədi müəyyənləşdirir.
Cənab Prezidentin 2010-cu il 24 noyabr tarixli Fərmanında müvafiq orqanlara dövlət büdcəsinin formalaşmasında iştirak edən hüquqi və fiziki şəxslərdən tutulan vergilərin və digər rüsumların qismən və ya tamamilə şəhər və rayonların sərəncamında saxlanılmasına dair təkliflər verməyi tapşırması da bu mülahizələrdən irəli gəlirdi. Təəssüf ki, göstərilən tapşırıqla bağlı həyata keçirilmiş konkret tədbirlər barədə müəllifin məlumatı yoxdur. Lakin şəhər və rayonların öz yığımlarının dövlət büdcəsində müəyyən edilmiş həcmləri və onların artım dinamikası bu sahədə görülmüş tədbirlərin müsbət səmərə verdiyinin bariz göstəricisidir. Belə ki, əgər 2011-ci ildə yalnız Bakı şəhəri gəlirlərini öz yığımları hesabına formalaşdırırdısa, 2016-cı ildə belə şəhər və rayonların sayı yeddiyə çatmışdır. 2011–2015-ci illərdə şəhər və rayonların (Bakı şəhəri çıxılmaqla) gəlirlərinə yerli vəsaitlər hesabına daxilolmalar 326 milyon manatdan 588 milyon manatadək və ya 80 faizdən çox artmışdır. Son iki ildə daxilolmaların nəzərdə tutulan həcmi məlum çətinliklərlə əlaqədar bir qədər azalmış, bununla belə, 2015–2016-cı illərdə şəhər və rayonların gəlirlərinin formalaşmasına öz vəsaitlərinin yönəldilməsi 2011-ci ildəkindən xeyli çox nəzərdə tutulmuşdu.
Məqalədə bilərəkdən şəhər və rayonların gəlirlərinin onların öz vəsaitləri hesabına doldurulmasının faktiki göstəriciləri deyil, həmin prosesi tənzimləyən orqanların niyyətləri nəzərdən keçirilir, çünki bu, təkcə iqtisadiyyatın deyil, həm də onların ölkənin bütün ictimai-siyasi həyatının sonrakı inkişafını necə gördüklərinin daha dolğun mənzərəsini yaradır. Bu baxımdan son iki ildə vəsaitlərin mərkəzləşdirilməsi və müvafiq olaraq bəzi sahələrin idarə edilməsi istiqamətində həyata keçirilməsi nəzərdə tutulan proses başa düşülən deyil.
Faktlara nəzər salaq. 2016-cı ilədək mədəniyyət müəssisələrinin maliyyələşdirilməsi şəhər və rayonların müvafiq qurumları tərəfindən mərkəzləşdirilmiş mənbələrdən daxilolmalar hesabına həyata keçirilirdi. 2016-cı ildən bu funksiyalar Mədəniyyət Nazirliyinin yeni yaradılmış rayonlararası bölmələrinə verilmişdir. 2017-ci ildə təhsil sistemində də şəhər və rayonların yerli qurumlarından müvafiq funksiyalar və maliyyə alınıb Təhsil nazirliyinin rayonlararası qurumlarına veriləcəkdir. Buna görə ötən ilki yeddi inzibati ərazi vahidi müqabilində 2017-ci ildə respublikanın 34 şəhər və rayonunun özünümaliyyələşdirməyə keçməsi haqqındakı fikir müəmmalı səslənir.
Son vaxtlar respublikanın təbii-iqtisadi zonaları əsasında vilayət icra hakimiyyəti strukturlarının yaradılması və bu yolla dövlət idarəetməsinin təkmilləşdirilməsi, yerlərdə icra hakimiyyəti orqanlarının sayının ixtisar edilməsi barədə təkliflər cəmiyyətdə daha çox səslənir. Bu təkliflər məntiqsiz deyildir və demokratik inkişaf yolu seçmiş ölkələrin təcrübəsinə uyğundur. Demokratik inkişaf yolu Azərbaycanın Konstitusiyasında müəyyən edilmişdir və ölkə Prezidenti tərəfindən uğurla həyata keçirilir. Eyni zamanda, yerlərdə icra hakimiyyəti orqanlarının sayının ixtisar edilməsi yolu ilə iriləşdirilməsi idarəetmənin əksmərkəzləşdirilməsi, icra orqanlarının bəzi funksiyalarının bələdiyyələrə verilməsi, yerli özünüidarə orqanlarının inkişaf etdirilməsi sahəsində qabaqcadan müəyyən tədbirlərin görülməsini tələb edir. İstəsək də, istəməsək də, ölkəmiz hökmən bu yolla getməlidir. Burada əlavə heç nə icad etməyə ehtiyac yoxdur. Özünü doğrultmuş dünya praktikası var: yerlərdə nələri etmək mümkündürsə, bunlar yerli özünüidarə orqanlarının səlahiyyətinə daxildir; ümumdövlət və regionlararası xarakter daşıyan problemlər mərkəzi icra hakimiyyəti orqanları tərəfindən həll edilir; yerli icra hakimiyyəti orqanları yerli özünüidarə orqanlarının fəaliyyətinin ölkə konstitusiyasına və qanunlarına uyğunluğuna nəzarət edir və bələdiyyələrlə mərkəzi icra hakimiyyəti orqanları arasında körpü rolunu oynayırlar. Əlbəttə, bu, çətin yoldur, amma müvəqqəti çətinliklərə görə heç vaxt kəsilməməlidir.
Bələdiyyələrə dövlət büdcəsindən subvensiyanın ayrılmaması da ölkənin inkişaf məntiqinə heç cür uyğun gəlmir. 2000-ci ildən bələdiyyələrə dövlət büdcəsindən dotasiya ayrılır. Ötən illər ərzində bu dotasiyanın məbləği 62,3 milyon manata çatmış və cari ildə 5,2 milyon manat ayrılması nəzərdə tutulmuşdur. Dövlətin bu yardımı yerli özünüidarə orqanlarının təşəkkülündə müsbət rol oynamışdır.
"Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununda 20 iyun 2014-cü ildə edilmiş dəyişikliyə əsasən 2015-ci ildən bələdiyyələrə dotasiya ilə yanaşı subvensiyanın da ayrılması qaydaları müəyyənləşdirilmiş və dövlət büdcəsində bələdiyyələrə subvensiya ayrılmasının ayrıca sətirlə göstərilməsi nəzərdə tutulur. Bu dəyişiklik o zərurətdən yaranmışdı ki, subvensiya kimi ayrılmış vəsaitdən məqsədli istifadə olunur və nəticə etibarı ilə bələdiyyələr tərəfindən yerli əhəmiyyətli məsələlərlə bağlı layihələrin həyata keçirilməsi, əlavə iş yerlərinin yaradılması təmin edilir. Göstərilən dəyişikliyin qəbul edilməsindən üç il keçir. Lakin bu müddət ərzində bir bələdiyyəyə də subvensiya ayrılmayıb. 2017-ci ilin dövlət büdcəsi hazırlanarkən təkcə kənd bələdiyyələri subvensiya alınması üçün 70-dən çox təklif və biznes-plan təqdim etmişdilər. Lakin bunların heç birinə də baxılmamış və subvensiya ayrılmamışdır. Büdcənin formalaşdırılması üçün cavabdeh olan orqanın rəhbərləri isə vəziyyətin bu cür olmasının səbəbi barədə sualın cavabında ölkəmizin demokratik inkişaf yolunu müəyyən etmiş Konstitusiya normalarına etinasızlıq göstərərək hər dəfə dövlətin bələdiyyələrə subvensiya ayırmağa dair öhdəlik götürmədiyini deyirlər.
Subvensiya probleminin həlli yolu təkcə əlavə maliyyə vəsaitlərinin cəlb olunması deyildir. Büdcədə bələdiyyələrə dotasiya verilməsi üçün nəzərdə tutulan vəsaitin bir hissəsindən bu məqsəd üçün istifadə edilə bilər. Axı sirr deyil ki, bir çox iri bələdiyyələrin, xüsusən şəhər bələdiyyələrinin dotasiyaya ehtiyacı yoxdur. Lakin subvensiyanın ayrılması dövlət büdcəsinin vəsaitlərindən ünvanlı şəkildə, daha səmərəli istifadə etməyə imkan verməklə birlikdə, bələdiyyələrin yaradıcı fəallığına təkan verər, onların fəaliyyətinə yarış ruhu gətirər, yerli özünüidarə orqanlarının qarşısında duran aktual vəzifələrin yerinə yetirilməsinə kömək göstərər.
Məqalədə idarəetmənin əksmərkəzləşdirilməsindən və yerli özünüidarə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsindən bizi uzaqlaşdıran bəzi nümunələr göstərildi. Ümid etmək olar ki, bu cür hallara tənqidi yanaşma Azərbaycan Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi uğurlu islahatlar strategiyasının həyata keçirilməsinə kömək göstərəcəkdir.