"ATƏT-in Minsk qrupunun həmsədrləri son vaxtlar ancaq deklorativ xarakterli bəyanatlar verməkdən başqa heç bir addım atmırlar". Bunu SİA-ya açıqlamasında politoloq Arzu Nağıyev Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı İlham Əliyevin Minsk qrupunun fəaliyyətinə dair səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, həmsədrlərin funksiyası yalnız hər hansı bir hadisəyə qiymət verməkdən və yaxud tərəflərlə görüşlər keçirməkdən ibarət olmamalıdır: "Məlum məsələdir ki, Ermənistanda keçirilən saxta referendumda "müharibə" partiyaları demək olar ki, hakimiyyətə gəlib. Bu, həm Daşnaksütyun partiyası, həm Sarkisyanın partiyası, həm də bir sıra başqa qruplardır. Bu gün onların masa ətrafında oturub danışıqlar aparması demək olar ki, sıfır vəziyyətindədir. Buna görə də Minsk qrupunun həmsədrləri doğurdan da münaqişənin tənzimlənməsini, status-kvonun ləğv edilməsini istəyirlərsə, Dağlıq Qarabağ münaqişəsini tam həll etməlidirlər. Əks halda münaqişə regionda hərbi toqquşmaya səbəb ola bilər ki, bu, region ölkələrinə, o cümlədən Minsk qrupuna xeyir gətirməz".
Politoloq vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının 5 üzvündən 3-ü Minsk qrupunda təmsil olunur, amma onlar münaqişənin həlli istiqamətində heç bir hərəkət etmirlər: "Azərbaycan əlbəttə ki, bundan razı qala bilməz. Nə qədər danışıqlar prosesini gözləmək olar? Ermənistan rəhbərliyi danışıqlar prosesindən boyun qaçırır, eyni zamanda münaqişənin həlli istiqamətinə müsbət bəyanatlar vermir.
Düşünürəm ki, məhz buna görə də Azərbaycan Prezidenti öz bəyanatlarında, ATƏT-in Minsk qrupuna qarşı iradlarda tam haqlıdır və onlar real işə keçib Ermənistana təzyiqi artırmalıdırlar".
sia.az