"Prezident İlham Əliyev Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında tam haqlı olaraq qeyd etdi ki, bu gün təcavüzkarı sülhə məcbur edən heç bir addım atılmır". Bunu SİA-ya açıqlamasında millət vəkili Asim Mollazadə deyib. O bildirib ki, uzun illərdir Ermənistan guya danışıqlarda iştirak etməsinə dair imitasiya ilə məşğul idi: "İndi danışıqları da dayandırıblar. Amma görürsünüz ki, heç bir beynəlxalq təşkilat, ilk növbədə ATƏ-in Minsk qrupu tərəfindən təcavüzkara qarşı heç bir təzyiq müəyyənləşmir. Bu da münaqişənin həllində ən əsas maneədir. Yəni münaqişə ona görə həll olunmur ki, beynəlxlaq hüquq normalarına riayət edilmir. Ona görə də bu prosesdə köklü dəyişiklik etmək lazımdır".
Millət vəkili vuğulayıb ki, hazırda Minsk qrupu Rusiyanın inhisarına keçib və münaqişənin həlli bilavasitə Moskvanın nəzarətindədir: "Ermənistanın istənilən şıltaqlığına isə göz yumulur".
Prosesdə hansısa dəyişikliyin olacağına ümid etdiyini deyən A.Mollazadə əlavə edib ki, hazırda Minsk qrupunun həmsədrləri Ermənistanla tutduğu mövqeyi dəyişməsinə dair danışıqlar aparmalıdır: "Ermənistan sülhə məcbur edilməlidr. Əks halda vəziyyət dəyişməyəcək. ATƏT-in, BMT Təhlükəsizlik Şurasının qərarlarının icra olunması üçün müvafiq addımlar atılmalıdır. Düşünürəm ki, burda əsas rolu ABŞ oynamalıdır. Lakin son vaxtlar Rusiya-ABŞ münasibətlərində olan gərginlik Minsk qrupunun fəaliyyətinə də öz mənfi təsirini göstərir".
sia.az