Bir neçə gün bundan öncə, İsrailin Ermənistana yeni təyin olunmuş səfiri Eliyaxu Yeruşalmi news.am erməni nəşrinə müsahibə verib. Müsahibə zamanı səfir E.Yeruşalmiyə İsrailin Azərbaycana silah satması, qondarma "erməni soyqırımı" və Qarabağ münaqişəsi ilə bağlı təxribatçı suallar ünvanlanıb. Təxribatçı suala Səfirin "Azərbaycana silah satmağımızın sizə dəxli yoxdur" deməsi həm də böyük bir mesaj idi və bu cavab erməniləri məyus etdi.
Səfir E.Yeruşalminin Ermənistanda səsləndirdiyi mesajlara Milli Məclisin Sədrinin birinci müavini Ziyafət Əsgərovun münasibətini öyrəndik. Z.Əsgərov "SƏS" qəzetinə açıqlamasında bildirdi ki, Ermənistan Azərbaycan-İsrail əlaqələrinə xələl gətirmək gücündə deyil: "Bu gün İsrail-Azərbaycan münasibətləri çox yüksək səviyyədədir. İsrail dövləti ilə çox yaxşı iqtisadi və hərbi əlaqələrimiz var. Eyni zamanda, düşünürəm ki, bu əlaqələrin həm də çox gözəl perspektivləri var. Gələcəkdə də bu münasibətləri davam etdiriləcək".
Z.Əsgərov onu da əlavə edib ki, Ermənistan dövlət deyil, ona görə də, dediklərinin heç bir çəkisi yoxdur və İsrail dövləti də bunu çox gözəl bilir: "Ermənistan dalana dirənmiş, perspektivi olmayan bir qurumdur, dövlət də deyil. Ermənistanın dediklərinin heç bir əhəmiyyəti yoxdur".
Samir