Ermənistanda seçkisonrası ajiotajlar davam edir
Aprelin 2-də Ermənistanda keçirilmiş parlament seçkilərində hakim "Respublika" Partiyasının saxtakarlıq və çoxsaylı rüşvətvermələr vasitələri ilə iqtidarı əlində saxlaması ölkə mətbuatının gündəmindən düşmür.
Məsələn, deputat seçilməyən, yaxud siyahıdan kənarda qalan hakimiyyət adamlarının iqtidara qarşı düşmən kəsliməməsi üçün, Serj Sarkisyan yeni plan ortaya ataraq, necə deyərlər, onların könüllərini "vəzifə vermək" vasitəsilə ələ almaq tapşırığı verib. SİA xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazır. SİTAT: "Parlament seçkilərindən sonra hakimiyyətin siyahılarından kənarda qalmışların və deputat seçilməmişlərin işlə təmin olunmaları mərhələsi başlayıb".
Erməni nəşri yazır ki, bu, hakimiyyət üçün kifayət qədər çətin bir prosesidr. Məsələn, bu ərəfədə ötən parlamentdə Vahid Milli Liberal Partiyasından deputat olmuş Levon Martirosyanın bu dəfə Ermənistanın Kanadadakı səfiri təyin olunması bəlli olub.
"Hraparak"a görə, Ovanes Saakyanla bağlı söhbətlər gəzir ki, ona bir neçə vəzifə təklif olunub - auditorlar palatasının sədri, parlament aparatının rəhbəri... Hakim partiyanın Şirakda uduzmuş nümayəndəsi Artak Zakaryan isə müdafiə nazirinin müavini vəzifəsinə sahiblənərək, David Tonoyanı əvəzləyəcək: "Dirçələn Ermənistan" Partiyasının sədri Artur Baqdasaryanın Konstitusiya Məhkəməsinə sədr təyinatı barədə gəzən söz-söhbətlər isə inandırıcı deyil. Sabiq hərbi prokuror, parlamentdə Ermənistan Milli Konqresindən deputat olmuş Qagik Canqiryan isə yenidən formalaşdırılan ali məhkəmə şurasına sədr seçilə bilər".
Sarkisyan daha irəli getməyə qorxur
Yeri gəlmişkən, nəzərdə tutulan yeni konstitusiyanın yazılmasında, məhz hakimlər və parlament əsas yer alacaq ki, buradan da aydın olur ki, Sarkisyan, hətta deputat görmək istəmədiyi hakimiyyət adamlarını belə özündən uzaqlaşdırmaq fikrində deyil, çünki daha irəli getməyə qorxur.
Onu da qeyd edək ki, daha öncə ali məhkəmənin sədri postuna sabiq baş prokuror Gevorq Kostanyanın namizəd olduğu deyilirdi. Lakin böyük ehtimalla o, parlamentdə qalacaq və dövlət-hüquq məsələləri üzrə daimi komissiyaya sədrlik edəcək.
Göründüyü kimi, parlament seçkilərinin başa çatmasına baxmayaraq, ölkənin siyasi elitası hələ də özünü formalaşdırmaq gücünə sahib olmadığını bu kimi amillərlə sübuta yetirmiş olur.
Bir aydan sonra keçiriləcək Yerevan meriyasına seçkilərdə hakimiyyət öz adamını təyin etmək iddiasındadır
Bu arada ölkə ictimaiyyətində daha bir narahatlıq yaranmaqdadr. Belə ki, indi də paytaxt Yerevanın satılması prosesinə başlanılacağı deyilir. Bu haqda armtimes.com yazır. Daha dəqiq desək, erməni saytında qeyd olunur ki, bir aydan sonra paytaxt sakinləri mer və şəhər şurası seçkisinə qatılacaqlar və bu seçkilərdə də hakim "Respublika" Partiyası mer postuna, eləcə də, şəhər şurasına ən çox namizəd ərizəsi göndərib. Artıq merin Taron Markaryanın olacağı qeyd edilməkdədir.
"Bu zaman sual yaranır - məgər Yerevan son illərdə bu qədərmi yaxşı idarə olunub ki, "Respublika" Partiyası yenidən bu idarəçiliyi öz öhdəsinə götrüməyə cəhd edir? Şəhəri idarə etmək geniş bir məsələdir, nəqliyyatdan başlamış, hətta yol hərəkətlərinə, həmçinin, yaşıllaşdırma və arxitektura işlərinə, məhz meriya nəzarət edir. Lakin burada Yerevan parklarının və xiyabanlarının yoxa çıxması daha çox görünür"-deyə artmtimes.com qeyd edir.
"Respublika" Partiyası erməni paytaxtını da əlində saxlamağa çalışır"
Erməni saytı Yerevanın 2000-ci ildə kosmosdan çəkilmiş şəkli ilə "maps.google.com" internet-axtarış resursundan götürülmüş son zamanlardakı şəklini müqayisə edib. Birinci şəkildə "Qələbə parkı" nümayiş etdirilir və ətrafında heç bir tikilinin olmadığı görünür.
İkinci şəkildə isə kültəvi tikililərin görüntüsü aşkar şəkildə seçilir. "Bura paytaxtın ən bahalı məntəqələrindən biridir"-deyə yazan erməni saytı konkret adlar da açıqlayıb. Baş nazir Kren Karapetyan, Qagik Beqlaryan, Ovik Abramyan, Vardan Arutunyan və s. sabiq hakimiyyət adamları. Sadə sual yaranır: şəhərə rəhbərlik edə-edə oranın yaşıl ərazilərini satmaq nə qədər doğrudur? Yaxud hakimiyyətdə olan "Resublika" Partiyası şəhəri hissə-hissə satmağa başlayıb - əlinin altına düşən hər şeyi, eləcə də, "Qələbə parkı"nı da satmaq bu qədər vacibiydi?"
Sayt sonda qeyd edir ki, 2001-ci ildən etibarən, Yerevanın bütün merləri "Respublika" Partiyasının üzvləri olub -Robert Nazaryandan tutmuş, Taron Markaryana qədər və indi "Respublika" Partiyası erməni paytaxtını da əlində saxlamağa çalışır".
Beləliklə, ac və səfil erməni xalqı parlament seçkilərində rüşvət vasitəsilə susdurulub, indi isə növbə Yerevanın satılmasıdır...
Rövşən NURƏDDİNOĞLU