"Şəffaflıq əsas amillərdən biridir. Çünki bu gün müxtəlif sahələrdə qanun pozuntularının olması, müxtəlif maliyyə pozuntularının əmələ gəlməsi nəticəsində büdcəyə kifayət qədər ziyan dəyir və vətəndaşların əmlakına, onların vəsaitlərinə xələl gətirilir". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bugünkü iclasında Hesablama Palatasının ötənilki hesabatının müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, əsas şərt maliyyə pozuntuları zamanı vəsaitlərin dövlət büdcəsinə geri qaytarılmasıdır: "İstənilən cəzanın verilməsi və ya ağırlaşdırılmasından asılı olmayaraq, vəsaitlər geri qaytarılmırsa, bunun heç bir əhəmiyyəti yoxdur. Əksinə, cəza verilmiş şəxsin saxlanılması üçün dövlət kifayət qədər vəsait ayırır. İllər ərzində gözümüzün qarşısında bank və digər sektorlarda maliyyə pozuntularına yol verilib. Hazırda onlara cəza da tətbiq edilib. Lakin həmin vəsait büdcəyə geri qaytarılmır. Ona görə də ilk şərt həmin vəsaitlərin büdcəyə qaytarılması olmalıdır. Bunun özündə struktur dəyişikliyinə ehtiyac var. Biz gözləyirik ki, hər hansı şəxs cinayəti törətsin, sonra ondan həmin pulun geri qaytarılmasını tələb edək. O da geri qaytara bilmədiyi təqdirdə məhkəmə çəkişmələri davam edir. Əgər bir yerdən pozuntularla bağlı siqnal daxil olursa, o zaman Hesablama Palatasına həmin qanun pozuntularının qarşısının alınması səlahiyyəti verilsin ki, onlar oğurlanan vəsaitləri büdcəyə qaytarsınlar. Yoxsa biz illərlə gözləyirik ki, kimsə pulları silib-süpürsün, sonra axtaraq ki, pullar hara gedib".S. Novruzov qeyd edib ki, bankların ilk işi kreditlərin hansı məqsədə yönəldilməsinə nəzarət etməkdir: "Banklardan külli miqdarda pul götürülərək oğurlandı və nəticədə insanların banklara olan inamı sındı. Ona görə də hesab edirəm ki, Hesablama Palatası gələcək fəaliyyətində bu istiqamətləri nəzərə almaqla, başlanılan cinayət prosesini yerində saxlamalı, bununla da büdcənin vəsaitlərinin geri qaytarılmasını təmin etməlidir".
sia.az