PDF Oxu

Siyasət

  • 141

Artıq Ermənistan adlı dövlət yoxdur

Artıq Ermənistan adlı dövlət yoxdur

Erməni politoloqdan şok iddialar

Dünyanın siyasi-iqtisadi və sair aparıcı sahələrində yaşanan yeni təlatümlər Ermənistanda böyük narahatlıqla izlənməkdə, baş verənlərin bu ölkəyə hansı təsirlər göstərəcəyi bu gün də geniş müzakirə predmetinə çevrilməkdədir. Hətta aprelin 2-də bu ölkədə səslərin alınması üçün korrupsiya və rüşvətlər hesabına keçirilən parlament seçkilərinin saxta nəticələrinin ardınca bir sıra erməni ictimai-siyasi xadimləri Ermənistan adlı dövlətin yox olması iddiası ilə çıxışlar edirlər. Xüsusilə, son zamanlar xarici ölkələrdə fəaliyyət göstərən və zamanında güclü diaspora təşkilatı kimi qiymətləndirilən erməni diasporasının hakimiyyətə maliyyə dəstəyi göstərməkdən imtina etməsi bu ölkənin dalana dirənməsini sübut edən fakt kimi göstərilə bilər. Çünki Ermənistanın xarici yardımlardan asılı dövlət olması və kənardan kömək olmadan dövlət kimi mövcudluğunu davam etdirməsinin mümkünsüzlüyü artıq reallığa çevrilib.

Hakimiyyət aprelin 2-də keçirilən parlament seçkiləri vasitəsilə xalqın səsini rüşvətlə alaraq mənimsədi

Onu da qeyd edək ki, ötən ilin iyulunda Yerevanda baş verən iğtişaşların ardınca narazı xalq kütləsində belə bir ümid yaranmışdı ki, artıq yaranmış vəziyyət ölkədə hakimiyyət dəyişikliyini aktuallaşdırıb və vəziyyətdən çıxış yolu Serj Sarkisyan hakimiyyətinə qarşı sonadək mübarizənin aparılmasıdır. Yalnız bundan sonra ölkə siyasətində kardinal dəyişikliklərin edilməsi, Ermənistanın gələcəyi haqqında planların qurulmasına ümid edilə bilərdi. Ancaq bu, baş vermədi və söz yox ki, qiyamı yatızdırmağa nail olan hakimiyyət aprelin 2-də keçirilən parlament seçkiləri vasitəsilə xalqı rüşvətlə alaraq mənimsədi. Məhz bu kimi amillər bir çox tanınmış erməni politoloqlarını ölkə haqqında bədbin proqnozlar verməyə vadar edib.

İqor Muradyan: "Ermənistan suveren ölkə deyil, sadəcə, Rusiyanın br hissəsidir"

Məsələn, erməni politoloqu İqor Muradyan, ümumilikdə Cənubi Qafqaz regionu üzrə təhlilini apararkən, bildirib ki, artıq bu region barədə heç kim danışmır, çünki kimsənin marağında deyil. SİTAT: "Təəssüf ki, artıq Ermənistan adlı dövlətin olmadığını deməyə məcburuq. Ermənistan yoxdur. Hətta iddia olunsa ki, bu dövlət var, o zaman da deməliyik ki, Ermənistan suveren ölkə deyil, sadəcə, Rusiyanın bir hissəsidir".

Ermənistanın 1in.am saytına danışan İqor Muradyan, hətta iddia edib ki, bir müddət sonra Ermənistanın mövcud olub-olmaması ilə bağlı Birləşmiş Millətlər Təşkilatında da qaldırıla bilər. "BMT-də məsələ qaldırılacaq ki, biz (Ermənistan-R.N.) suveren dövlətik, yoxsa yox? Biz Qərb dünyasının dostuyuq, yoxsa NATO-nun, ABŞ-ın düşməniyik? Bax, onda gec olacaq, hər şey itiriləcək".

Erməni politoloqu, həmçinin, əlavə edib ki, bu gün Avropanın Ermənistana münasibəti uzun illər bundan öncə necəydisə, elə həmin vəziyyətdə də qalmaqdadır. "Heç bir dəyişiklik baş verməyib, bu planda da prinsipial dəyişiklikləri gözləməyə dəyməz".

Məhz İ.Muradyanın fikirlərindəki bədbinliklərə diqqət yetrərkən, əslində, bu cür düşünənlərin çox olduğu qənaətinə gələ bilərik. Ən azından, Ermənistanın birinci prezidenti, parlament seçkilərində kürsüyə sahib olmasının qarşısı alınmış Levon Ter-Petrosyanın bir müddət öncə, səsləndirdiyi fikirlərini xatırlamaq olar. O, iddia edib ki, əgər Ermənistan Azərbaycanla müharibə vəziyyətində qalmağa üstünlük verəcəksə, sülhü rədd edəcəksə, bu zaman çox qısa dövrdə ermənilər ölkənin bir dövlət kimi itirilməsinin şahidinə çevrilməli olacaqlar.

Bu baxımdan, İ.Muradyanın növbəti fikirləri də maraqlıdır. Məsələn, politoloq qeyd edib ki, hazırda zaman ermənilərə qarşı işləyir. "Biz isə seçkilərlə başımızı qatırıq"-deyən erməni politoloqunun fikrincə, konstitusiya ona görə dəyişdirilib ki, Ermənistan Rusiyadan daha çox asılı vəziyyətdə qalsın. Juranlistin parlament seçkiləri ilə bağlı sualına isə, politoloq bir kəlmə ilə cavab verib: "Bu, gülməli bir vəziyyətdir"...

Beləliklə, Ermənistanın bugünkü "mövcudluğunun", sadəcə, sözdə göründüyü reallıqdır və əgər bu ölkənin maliyyə qaynağı rolunda çıxış edən zəngin diasporası ondan imtina edirsə, demək, çox yaxın vaxtlarda bu ölkə rəhbərliyi tərəfindən rəsmən Rusiyanın əyalətlərindən birinə çevriləcək. Hər halda, beynəlxalq ictimai-siyasi rəydə kifayət qədər qəbul edilən erməni politoloqları da bu fikir üzərində qalmaqda davam edirlər.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər