PDF Oxu

Siyasət

  • 554

“Sahibkarlığın inkişafı bizim üçün prioritet məsələlərdən biridir”

“Sahibkarlığın inkişafı bizim üçün prioritet məsələlərdən biridir”

Prezident İlham Əliyevin sədrliyi i lə Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsi keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə aprelin 17-də Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsi keçirilib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı müşavirəni giriş nitqi ilə açdı. Prezident İlham Əliyev giriş nitqində qeyd edib ki, müşavirədən sonra bizim qeyri-neft ixracımız artacaq. Bunu deməyə əsas var. Çünki son illər ərzində Azərbaycanda ciddi islahatlar aparılmışdır, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları qəbul edilmişdir, sahibkarlara dövlət tərəfindən böyük dəstək göstərilmişdir və göstərilir:

"Son illər ərzində Yevlax rayonunun sosial-iqtisadi inkişafını sürətləndirmək üçün bir çox önəmli addımlar atılmışdır, həm iqtisadi, həm sosial layihələr icra edilmişdir. Mənim bu səfərim çərçivəsində biz bir neçə önəmli obyektin açılışını qeyd etdik. İki yol layihəsi istismara verildi. Uzun illər ərzində demək olar ki, fəaliyyətsiz qalan Varvara Su Elektrik Stansiyasının yenidən qurulması öz həllini tapdı və indi bu stansiya 18 meqavat enerji gücünə malikdir. Eyni zamanda, biz Yevlaxda müasir balıqartırma müəssisəsinin açılışını da qeyd etdik. Bu da böyük müəssisədir və böyük investisiya qoyulubdur, eyni zamanda, bu müəssisənin çox böyük ixrac potensialı var.

Əslində bizim fəaliyyətimizin əsas istiqamətləri daxili tələbatı daxili istehsal hesabına ödəməkdən və ixrac potensialımızı artırmaqdan ibarətdir. Biz bu yolla gedirik. Sahibkarlarla mənim müntəzəm olaraq ildə bir neçə dəfə görüşlərim keçirilir. Son 13-14 il ərzində yüzlərlə sahibkarla görüş keçirilmişdir. Mən sahibkarlıq fəaliyyəti sahəsində bir çox müəssisələrin açılışında şəxsən iştirak etmişəm. Sahibkarlar yaxşı bilirlər ki, onların fəaliyyətinə dövlət tərəfindən çox böyük dəstək, həmçinin siyasi dəstək verilir. Bu gün cəmiyyətdə sahibkarlara münasibət müsbətə doğru dəyişir və əlbəttə ki, sahibkarların sosial məsuliyyəti gündəlikdə duran məsələlərdən biridir.

Mən dəfələrlə bu barədə öz fikirlərimi bildirmişəm. Bu, həm sahibkarlara lazımdır ki, cəmiyyət onların işini daha yüksək qiymətləndirsin, eyni zamanda, sahibkarlar da öz tərəflərindən nəinki biznes maraqları, ümumiyyətlə ölkə qarşısında duran vəzifələrin, o cümlədən sosial vəzifələrin icrası üçün də səylərini qoysunlar. Əminəm ki, onlar maddi imkanları artdıqca bu məsələyə daha da böyük diqqət və vəsait ayıracaqlar.

O ki qaldı dövlət siyasətinə, bir daha demək istəyirəm, sahibkarlığın inkişafı bizim üçün prioritet məsələlərdən biridir. Qeyd etdiyim kimi, sahibkarlığın inkişafı üçün həm siyasi dəstək verilir, eyni zamanda, dövlət qurumları tərəfindən çox böyük metodiki dəstək göstərilir, belə gözəl regional inkişaf mərkəzləri yaradılır, bu, ikinci mərkəzdir. Mən Xaçmaz rayonunda birinci mərkəzin açılışında da şəxsən iştirak etmişdim. Sahibkarlar üçün Yevlax rayonundakı bu Aran Regional İnkişaf Mərkəzi də dövlət tərəfindən tikilib istifadəyə verilib. Bu da sahibkarlığın inkişafına növbəti dəstəyin əlamətidir."

Prezident İlham Əliyev qeyd edib ki, son illər ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara dövlət tərəfindən 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilib. Bu kreditlər, eyni zamanda, sahibkarların qoyduqları vəsaitlər hesabına icra edilən layihələr bu gün deməyə əsas verir ki, biz qeyri-neft ixracımızı artırırıq. Çünki əgər bu kreditlər olmasaydı, bir çox layihələr icra edilməmiş qalardı və bu gün nəinki ixrac potensialımızın artırılmasından, ümumiyyətlə, daxili tələbatın ödənilməsindən söhbət gedə bilməzdi. Ona görə dövlət siyasəti, sahibkarlığa göstərilən həm siyasi dəstək, mənəvi dəstək, maliyyə dəstəyi və sahibkarlığın inkişafı üçün aparılan ciddi islahatlar və onlara edilən güzəştlər bu gün Azərbaycanda qeyri-neft sektorunun inkişafına təkan verən əsas amillərdən biridir:

"Əlbəttə, sahibkarlığın inkişafı haqqında danışarkən biz mütləq Regional İnkişaf proqramlarını qeyd etməliyik. Birinci proqram 2004-cü ilin əvvəlində - fevral ayında qəbul edilmişdir. Bu proqramın qəbul edilməsi mənim 2003-cü ildə seçkiqabağı proqramımın bir hissəsi idi. O vaxt bəyan etmişdim ki, əgər xalq etimad göstərərsə, regionların inkişafı mənim üçün əsas vəzifələrdən biri olacaqdır və belə də oldu. 2004-cü ildə birinci, 2009-cu ildə ikinci və 2014-cü ildə üçüncü Regional İnkişaf proqramları qəbul olunmuş və icra edilmişdir. Onu da qeyd etməliyəm ki, birinci və ikinci proqram artıqlaması ilə icra olunmuşdur. O proqramlarda nəzərdə tutulan bütün vəzifələr həyatda öz əksini tapmışdır. Hazırda biz üçüncü Regional İnkişaf Proqramının icrası ilə məşğuluq. Əminəm ki, bu proqram da uğurla icra ediləcək.

Bu proqramların icrası nəticəsində biz nələri əldə etdik? İlk növbədə, regionlarda müasir infrastruktur yaradıldı. Əgər biz infrastruktur layihələrinə vəsait qoymasaydıq, heç bir inkişafdan söhbət gedə bilməzdi. Onu biz o vaxt etməyə başladıq ki, hələ ölkəyə böyük həcmdə neft gəlirləri gəlməmişdi. Neft gəlirləri Bakı-Tbilisi-Ceyhan neft kəmərinin 2006-cı ildə istismara verilməsindən sonra gəlməyə başlamışdır. Ancaq biz birinci Regional İnkişaf Proqramını 2004-cü ildə qəbul etdik və onu icra etməyə başladıq. Yəni, bu, onu göstərir ki, bizim uğurlarımızın təməlində təkcə maliyyə vəziyyətimiz dayanmır. Eyni zamanda, düşünülmüş siyasət, güclü iradə və düzgün seçilmiş ardıcıl fəaliyyətimiz həm Regional İnkişaf proqramlarının icrasına gətirib çıxardı və bütövlükdə bütün digər sahələrdə də biz ardıcıl siyasət apararaq ölkəmizi gücləndiririk.

Demək olar ki, 2004-cü ildən bu günə qədər Azərbaycanda əsas infrastruktur layihələri icra edilmişdir. Biz elektrik enerjisini idxal edirdik, artıq ixrac etməyə başlamışıq, 30-a yaxın elektrik stansiyası tikilib istifadəyə verilmişdir. Bu, inkişaf üçün birinci şərtdir. Əgər enerji gücü olmasa, heç bir müəssisəni yaratmaq mümkün olmayacaq. Digər tərəfdən, infrastruktur layihələrimiz sosial xarakter daşıyır. Çünki dayanıqlı enerji ilə vətəndaşları təmin etmək hər bir dövlətin borcudur. Biz buna da nail olduq. Əvvəlki illəri yaxşı xatırlayırıq, işıqlar sönürdü, hətta Bakı şəhərində fasilələr yaranırdı. Bu gün isə biz dayanıqlı elektrik enerjisini demək olar ki, təmin etmişik. Hələ də işlər gedir, enerji infrastrukturu yeniləşir, yarımstansiyalar tikilir, yeni xətlər çəkilir, elektrik dirəkləri təzələnir. Ancaq demək olar ki, biz işlərin böyük hissəsini görə bilmişik.

Azərbaycanda qazlaşdırma 92 faizə çatıb. Xatırlayıram, Prezident kimi bölgələrə ilk səfərlərimdə vətəndaşlar tərəfindən qaldırılan məsələlərdən biri də qazlaşdırma ilə bağlı idi. O vaxt nəinki kəndlərdə, hətta rayon mərkəzlərində təbii qaz yox idi. Bakı şəhəri 100 faiz təbii qazla təmin edilmirdi. Biz bu məsələni də demək olar ki, həll etdik. Qazlaşdırmanı 92 faizə çatdırmaq hər bir ölkə üçün böyük nailiyyətdir. Ancaq biz bununla kifayətlənmirik. Növbəti illərdə daha da yüksək faizə çatacağıq."

Dövlət başçısı qeyd edib ki, birinci proqram qəbul olunandan sonra 11 min kilometrdən çox uzunluğu olan yollar salınıb. Bütün qonşu ölkələrlə bizi birləşdirən yollar ya istismara verilib, ya da ki, artıq buna yaxındır. Kənd yollarının salınması geniş vüsət almışdır. Eyni zamanda, sosial infrastrukturun yaradılması - 3 mindən çox məktəb, 600-dən çox xəstəxana tikilmiş, yaxud təmir edilmişdir. Regional inkişaf proqramlarının icrası öz gözəl nəticələrini vermişdir. Minlərlə yeni müəssisə yaradılıb. Bir milyon 700 min yeni iş yeri yaradılmışdır ki, onların bir milyon 300 mini daimi iş yeridir. Prezident qeyd edib ki, bu, bir daha onu göstərir ki, tutduğumuz yol düzgün yoldur və bu təşəbbüslərin yerinə yetirilməsi artıq tam yeni bir vəziyyət yaratdı:

"Biz bu gün inamla deyə bilərik ki, Azərbaycan öz iqtisadi potensialını şaxələndirə bilib. Hazırda qeyri-neft sektorumuz iqtisadiyyatımızın təxminən 65 faizini təmin edir. İxracatda isə biz bunu hələ ki, deyə bilmərik. İxracımızın böyük hissəsi hələ ki, neft və qazla bağlıdır. Bu da yəqin ki, indiki dövr üçün təbiidir. Çünki biz neft-qaz potensialımızı artırırıq. Ancaq qarşıda duran vəzifələrdən biri də odur ki, biz ixracda da şaxələndirməyə nail olaq. Necə ki, buna ümumi daxili məhsulda nail olmuşuq, ixracda da buna nail olmalıyıq.

Bu ilin göstəriciləri də çox sevindiricidir. Mən bu barədə artıq demişəm, bir daha demək istəyirəm ki, bu ilin üç ayının göstəriciləri bizi çox ruhlandırır. Bu, bir daha göstərir ki, 2016-cı ildə qəbul etdiyimiz qərarlar və başladığımız islahatlar qısa müddət ərzində öz gözəl nəticələrini vermişdir. Bu ilin üç ayında iqtisadiyyatımızın qeyri-neft sektoru 2,4 faiz artmışdır. Bu, çox yaxşı göstəricidir. Qeyri-neft sənayemiz 2 faiz, kənd təsərrüfatı 3,5 faiz artmışdır. Üç ay ərzində səksən mindən çox yeni iş yeri yaradılmışdır. Ticarət dövriyyəmiz 15 faiz, ixrac 50 faizə yaxın artmış, idxal 17 faiz azalmışdır. Kənd təsərrüfatı məhsullarının ixracı isə 44 faiz artmışdır. Müsbət saldomuz 1 milyard dollardan artıqdır. Biz üç ayda 1 milyard dollar vəsait qazanmışıq. Bizim valyuta ehtiyatlarımız artır. Bu müsbət dinamika deməyə əsas verir ki, biz il ərzində daha da böyük nəticələrə gəlib çatacağıq. Çünki götürdüyümüz bu temp və geniş vüsət almış islahatlar, o cümlədən sahibkarlar tərəfindən bizim siyasətimizə göstərilən praktiki dəstək, - onlar öz işi ilə, öz investisiyaları ilə bunu göstərirlər, - deməyə əsas verir ki, 2017-ci il çox uğurlu il olacaq. Eyni zamanda, biz yeni iqtisadi modelə keçməklə bundan sonra iqtisadiyyatımızı ancaq islahatlar, innovasiyalar, texnologiyalar və qeyri-neft sektoru hesabına inkişaf etdirəcəyik.

Biz dünyada mövcud olan ən qabaqcıl təcrübəni öyrənmişik və Azərbaycanda investisiyanın və ixracın təşviqi sistemlərini tətbiq etməyə başlamışıq. Hər iki mexanizm işə salınıb və artıq uğurla icra edilir. Sahibkarlar bəlkə də ilk anlarda inanmırdılar ki, dövlət onlara bu güzəşti də edəcək. Bəzi hallarda buna təəccüb edirdilər. Ancaq indi görürlər ki, əgər o, ixracyönümlü məhsulu istehsal edirsə və onu dünya bazarlarına çıxarırsa, dövlət onun qiymətinin müəyyən faizini ona qaytarır. Yəni, bu, çox böyük stimul verən təşəbbüsdür.

Sahibkar iqtisadi cəhətdən bundan həm əlavə qazanc əldə edir, eyni zamanda, hesab edirəm ki, bunun mənəvi cəhətdən də mənası var. Çünki sahibkarda inam artır, öz işini daha da böyük inamla qurur, ölkəmizə daha da böyük inamla sərmayə cəlb edir. İnvestisiya təşviqi mexanizmi işə salındı. Artıq qısa müddət ərzində investisiya təşviqi üzrə 130 sənəd verilmişdir. Bu proqram çərçivəsində ölkə iqtisadiyyatına sahibkarlar tərəfindən 1 milyard 250 milyon manat həcmində sərmayə qoyulur və qoyulacaqdır. Yəni, bu investisiya təşviqi mexanizmini işə salmaqla görün, biz investisiya üçün nə qədər vəsait cəlb etmişik. Sahibkarlar özləri bunu təşkil edirlər. Dövlət, əlbəttə ki, öz dəstəyini göstərir.

Mən artıq qeyd etmişəm, kreditlər verilir, fermerlər torpaq vergisindən başqa bütün vergilərdən azaddırlar. Texnika alınır, güzəştli şərtlərlə gübrələr, yanacaq, subsidiyalar verilir. Bütün bunlar qeyri-neft sektorumuzu canlandırdı. Ancaq sahibkarlara əlavə dəstək verilməlidir ki, onlar artıq öz məhsullarını xarici bazarlara çıxarsınlar. Çünki bu, onlara da, dövlətə də lazımdır. Bu, ölkəmizə valyuta gətirir. Ona görə, biz bu sərgilərdə iştirakımızı genişləndirməyə başladıq. Xarici ölkələrə bir neçə ixrac missiyası ezam edilmişdir. Bu missiyaların da çox böyük faydası var. Qərara gəldik ki, bir neçə ölkədə Azərbaycanın ticarət evlərini yaradaq və biz artıq buna yaxınlaşırıq. Yəni, dövlət tərəfindən atılmış bütün bu addımlar əlbəttə ki, sahibkarlar üçün yeni imkanlar yaradır.

Beləliklə, biz bundan sonra bu gözəl nəticələr əsasında işimizi daha da təkmilləşdirməliyik, fəaliyyətimizi genişləndirməliyik. Əlbəttə ki, qeyri-neft ixracını artırmaq üçün, ilk növbədə, daxili tələbatı yerli məhsullarla təmin etməliyik və biz buna yaxınlaşırıq. Hər il regional inkişaf proqramına yekun vururuq. Bu mövzu daim gündəlikdə olur ki, biz hansı məhsullarla özümüzü nə qədər təmin edirik, hər il də dinamikanı görürük. Ancaq hələ ki, buna tam nail ola bilməmişik. Ona görə də hesab edirəm, növbəti 3-4 il ərzində biz çalışmalıyıq ki, əsas istehlak mallarımızla özümüzü tam şəkildə təmin edək. Beləliklə, ixrac üçün əlavə imkanlar yaranacaqdır.

Bir məsələni də qeyd etmək istəyirəm ki, biz daim inkişafda olmalıyıq. Çünki ölkə dinamik şəkildə inkişaf edir və əhali artır. İnkişaf etmiş ölkələrdə əhalinin sayı ya sabit qalır, ya da ki, azalır. Bizim ölkəmizdə isə əhali artır. 2004-cü ildə birinci regional proqramı qəbul edərkən bizdə əhali az idi. İndi əhalinin sayı 10 milyona yaxınlaşır. Bu, əlbəttə ki, bizim böyük üstünlüyümüzdür, eyni zamanda, onu göstərir ki, iqtisadi inkişaf çox sürətli olmuşdur. Ona görə, insanlar daha da yaxşı yaşamağa başladılar, rifah yüksəldi və təbii ki, əhali də artır. Ancaq, eyni zamanda, bu müsbət tendensiya bizim qarşımızda çox ciddi vəzifələr qoyur. Biz istehsalımızı daim artırmalıyıq ki, daxili tələbatı tam ödəyək və ixraca rəqabətqabiliyyətli mallar təqdim edək. Ona görə, növbəti illərdə daxili tələbatı yerli məhsullarla təmin etmək məsələləri birinci dərəcəli vəzifələrdir."

Sonra iqtisadiyyat naziri Şahin Mustafayev, Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov, Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov, "Azersun Holdinq" MMC-nin baş icraçı direktoru Savaş Uzan, "Az-Granata" MMC-nin direktoru Rövşən Fərhadov, "Gök-NUR Bakı" MMC-nin müdiri Fərid Fərhadzadə, "D-Fruits Kəndli Təsərrüfatı" MMC-nin təsisçisi İsaməddin Dəmirov, Biznes İnkubator iştirakçısı Ariz Mikayılov çıxış etdilər. Prezident İlham Əliyev müşavirədə yekun nitqi söylədi.

Prezident İlham Əliyev yekun nitqində qeyd edib ki, növbəti illərdə ixracyönümlü müəssisələrin yaradılmasına daha böyük diqqət göstərilməlidir. Əslində, Azərbaycanda bundan sonra da yaradılacaq müəssisələr hər iki məqsədi güdməlidir - həm daxili tələbat ödənilməli, həm də ixrac imkanları olmalıdır. Buna nail olmaq üçün dövlət orqanları ardıcıl fəaliyyət göstərirlər. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə gələcəkdə ödəniləcək kreditlər ixracyönümlü müəssisələrin yaranmasına təkan verməlidir. Çünki ixracyönümlü məhsullar, eyni zamanda, daxili bazarlarda da asanlıqla öz yerini tapacaq. Bu məsələlərin həllində yerli icra orqanları da fəal iştirak etməlidirlər. Əlbəttə ki, burada əsas yük dövlət qurumlarının üzərinə düşür:

"Azərbaycanda gözəl investisiya mühiti mövcuddur. Biz son illər ərzində 200 milyard dollardan çox sərmayə cəlb etmişik. Bunun bir hissəsi neft, bir hissəsi qeyri-neft sektoruna qoyulan sərmayədir. Bütövlükdə, Azərbaycanda investisiya iqlimi çox müsbətdir. Mötəbər beynəlxalq qurumlar bizim fəaliyyətimizi yüksək qiymətləndirir. Davos Ümumdünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə dünya miqyasında 37-ci yerə layiq görübdür. İl ərzində biz 3 pillə qabağa getmişik. Yəni, bütövlükdə iqtisadi liberallaşma, dərin islahatlar, gözəl investisiya iqlimi və MDB məkanında adambaşına düşən birbaşa xarici investisiyaların həcminə görə ön sıralarda olmağımız, əlbəttə ki, xarici və daxili investorları cəlb etmək üçün əlavə şərait yaradır. Yerli icra orqanları da bu məsələni daim diqqətdə saxlamalıdırlar. Gələcəkdə yerli icra orqanlarının fəaliyyətinə veriləcək qiymət, eyni zamanda, bu amilə də əsaslanacaqdır - bu və ya digər rayona nə qədər sərmayə gətirilib. Yerli icra orqanları mərkəzi icra orqanları ilə birlikdə bu işləri təşkil etməlidirlər.

Təbii ki, ixrac ediləcək məhsullar beynəlxalq standartlara cavab verməlidir. Əks təqdirdə, onların ixrac perspektivləri olmayacaq. Ölkəmizdə fəaliyyət göstərən laboratoriyalar beynəlxalq akkreditasiyadan keçməlidir və bu məsələ tezliklə öz həllini tapmalıdır. Azərbaycanda istehsal olunan məhsullara verilən sertifikatlar xarici ölkələr tərəfindən tanınmalıdır." Dövlət başçısı qeyd edib ki, ixrac prosedurlarını sadələşdirmək lazımdır. Bu istiqamətdə də addımlar atılır. Əvvəlki illərdə olduğu kimi, indi ixrac qarşısında süni əngəllər yoxdur. Ancaq, eyni zamanda, həm institusional tədbirlər görülməlidir, həm də real həyatda bütün müvafiq dövlət qurumları ixracı stimullaşdırmaq və asanlaşdırmaq üçün əlavə səylər göstərməlidirlər:

"Mən giriş sözümdə qeyd etdim ki, Azərbaycan bir çox ölkələrdə ticarət evləri yaradacaq. Birinci ticarət evi yaxın həftələrdə Belarusda yaradılacaqdır. Digər postsovet ölkələrində - Rusiyada, Ukraynada, Qazaxıstanda belə evlərin yaradılması gündəlikdədir. Bu, həm ölkəmizi təbliğ edəcək, həm də ixracatçılar üçün yeni imkanlar yaradacaqdır. Bununla bərabər, Asiya qitəsinin böyük ölkələrində mütləq ticarət evlərimiz olmalıdır. İndi Körfəz ölkələrində bizim məhsullarımıza böyük maraq göstərilir. Əslində, bu marağın da mənbəyi bizim fəaliyyətimizdir. Çünki son vaxtlar biz Körfəz ölkələri ilə, o cümlədən bu istiqamətdə çox işgüzar əməkdaşlıq qura bilmişik və oraya Azərbaycan məhsullarının çıxarılmasına nail olmuşuq. Bizim xüsusilə kənd təsərrüfatı məhsullarımıza o ölkələrdə böyük maraq var və Körfəz ölkələrinin istehlak bazarı kifayət qədər böyükdür. Onlar bizdə istehsal edilən və ixrac olunan malların bir çoxunu xaricdən, başqa ölkələrdən gətirirlər, idxal edirlər. Ona görə, biz bu bazarlara fəal girməliyik. Bunun üçün də Körfəz ölkələrində mütləq ticarət evləri yaradılmalıdır.

Biz əlbəttə ki, bizim üçün prioritet olan ixrac bazarlarında böyük satış şəbəkələri ilə işgüzar əməkdaşlıq qurmalıyıq. Onların adları bəllidir. Onları Azərbaycana dəvət etmək, imkanlarımızı göstərmək, bizim əsas, qabaqcıl müəssisələrə səfərlərini təşkil etmək lazımdır. Gəlib öz gözləri ilə görsünlər ki, burada həm böyük potensial var, həm də bizim məhsullarımız rəqabətqabiliyyətlidir. Əlbəttə, mən öz həmkarlarımla, başqa ölkələrin dövlət və hökumət başçıları ilə görüşlər zamanı daim bu məsələni qaldırıram. Çünki bizim ticarət dövriyyəmiz artmalıdır və mallarımız o ölkələrin bazarlarına çıxmalıdır. Əlbəttə ki, siyasi dəstək göstərilir, ancaq biz müxtəlif səviyyələrlə işləməliyik və ən yaxşı yol, yenə də deyirəm, böyük satış şəbəkələri ilə münasibətlər qurmaq və onları Azərbaycana dəvət etməkdir. İxrac missiyalarımız artıq öz səmərəsini göstərir. Bu missiyaların çox böyük faydası var və il boyu bu missiyalar təşkil edilməlidir. Bu, avtomatik rejimdə olmalıdır, yəni, artıq mənim göstərişimlə yox. Hər il müxtəlif dövlət qurumları öz iş planına salmalıdırlar ki, bu il neçə ixrac missiyası hansı ölkələrə ezam ediləcəkdir. Bizim üçün ən yaxşı potensial bazar olan ölkələrə hər il missiyalar getməlidir. Böyük ölkələrin müxtəlif bölgələrinə xüsusi missiyalar təşkil edilməlidir. O ölkələrin təkcə paytaxt şəhərlərinə yox, bütün bölgələrinə, bütün regionlarına müntəzəm olaraq bizim qruplarımız getməlidir.

Biz xarici bazarlarda öz mövqelərimizi möhkəmləndirməliyik və bunun üçün logistika mərkəzlərinin yaradılması xüsusi əhəmiyyət daşıyır. Birinci belə təcrübə var. Artıq burada çıxışlarda da səsləndi. Qazaxıstanın Aktau vilayətində Azərbaycanın xaricdə birinci logistika mərkəzi yaradıldı. Bu mərkəzin çox böyük əhəmiyyəti var. Bu, bizə imkan verəcək ki, öz məhsullarımızı rahatlıqla Orta Asiya, Qazaxıstan bazarlarına ixrac edək. Başqa ölkələrdə də bu mərkəzlər yaradılmalıdır. Bu işlərdə xaricdə yaşayan azərbaycanlılar da öz rolunu oynamalıdırlar.

Bilirsiniz ki, biz xaricdə yaşayan azərbaycanlıların problemlərinin həlli üçün böyük işlər görürük. Azərbaycan nadir ölkələrdəndir ki, artıq bizdə ənənəvi olaraq xaricdə yaşayan azərbaycanlıların qurultayı keçirilir. Biz onlara həm siyasi dəstək göstəririk, eyni zamanda, onlar üçün biznes imkanları yaradırıq. Onlar da bu işlərdə fəal iştirak etməlidirlər. Bildiyimə görə, onlar bizim yeni təşəbbüslərimizə fəal qoşulurlar. Xaricdə yaşayan azərbaycanlılar, xüsusilə MDB məkanında yaşayan soydaşlarımız, o cümlədən bizneslə məşğuldurlar, onların böyük imkanları var. Onlar da öz biznes imkanlarını genişləndirmək, eyni zamanda, öz Vətəninə kömək etmək üçün orada fəal işləməlidirlər. Bu işlər başlayıb və bizim dövlət qurumlarımız bu işlərlə məşğuldur. Mən onları da bu işlərə dəvət edirəm, onların da böyük ticarət şəbəkələri var. Onlar dünyanın müxtəlif yerlərindən məhsul idxal edirlər. Xüsusilə nəzərə alsaq ki, indi bizim imkanlarımız genişlənir, daha çox Azərbaycandan idxal etsinlər".

Digər xəbərlər