"Bu il ölkəmizdə "İslam Həmrəylik ili" elan edilib. Azərbaycan IV İslam Həmrəylik Oyunlarına hazırlaşır". SİA-nın xəbərinə görə, bunu Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilən "İslam Həmrəyliyi İli" elan edilməsi və İslam Həmrəylik Oyunlarının İslam ölkələri arasında mədəni əlaqələrin möhkəmləndirilməsi mövzusunda konfransda çıxışı zamanı deyib. Azərbaycanda İslam dininin 7-8 ci əsrlərdə yayıldığını deyən B.Həsənov söyləyib ki, ölkəmizdə tolerant düşüncə tərzi mövcuddur: "Azərbaycanda İslam dini yayıldıqdan bu günə qədər məzhəblər arasında heç bir qarşıdurma olmayıb. Bu, bizim uğurumuzdur. Bütün dünyada islam ölkələrində dini zəmində qarşıdurmalar yaradılsa da, Azərbaycanda bu cür hallar yoxdur. Bu da Azərbaycanın nümunəvi olduğunu göstərir".Onun sözlərinə görə, İslam ölkələrinin birgə fəaliyyətə ehtiyacı var: "Bu birlik Azərbaycanda başlamalıdır. Müstəqillik illərindən bu günə qədər ölkəmizdə 2166 məscid fəaliyyət göstərir. Müstəqillik ilinə qədər isə ölkəmizdə cəmi 17 məscid var idi. Bundan əlavə ölkəmizdə məscid və ibadət yerlərinə diqqət göstərilir. İslam dinin ən böyük himayə olunduğu yer məhz Azərbaycandır".PA əməkdaşı vurğulayıb ki, İslam həmrəyliyi tarixi zərurət kimi islam ölkələrinin qarşısında durur: "Azərbaycan Prezidentinin də ifadə etdiyi kimi, İslam Həmrəylik Oyunları tək idman oyunu deyil, həm də tarixi hadisədir. Bu oyunların qayəsi sülh, bərabərlikdir. Bu baxımdan İslam Həmrəylik Oyunlarının ölkəmizdə keçirilməsi məqsədəuyğundur".Azərbaycanın torpaqlarının Ermənistan tərəfindən işğal olunduğunu xatırladan B.Həsənov söyləyib ki, bu məsələdə elə islam ölkələri var ki, Azərbaycanın yanında olmaqla yanaşı, ölkəmizin haqlı mövqeyini dəstəkləyir: "Misal üçün Pakistan, Səudiyyə Ərəbistanı Ermənistanı tanımaqdan imtina edib. Bu da torpaqlarımızın işğalı ilə bağlıdır. Biz də onların maraqlarını beynəlxalq platformalarda qorumağa çalışırıq. Lakin elə İslam ölkələr var ki, onlar Ermənistanla əməkdaşlıq edirlər. İşğalçı ölkə ilə əməkdaşlıq etmək ona haqq qazandırmaq deməkdir".Bir il bundan öncə aprel döyüşlərinin şahidi olduğumuzu xatırladan PA əməkdaşı Azəraybaycan Prezidentinin siyasi iradəsi nəticəsində yaxın zamanda torpaqlarımızın işğaldan azad olunacağını deyib: "Biz işğaldan azad olunacaq torpaqlarda məscidlərin tikilməsi ilə məşğul olacağıq".
sia.az