"Azərbaycan post neft dövrünə keçidə çoxdan hazır idi. Hətta bu məsələ "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında da öz əksini tapmışdı. Lakin neftin qiymətinin siyasi amillər hesabına sürətlə ucuzlaşması bu amili daha da sürətləndirdi. Azərbaycan prezidenti də bu prosesin ağrısız və sürətlə getməsi üçün bir-birindən uğurlu addımlar atdı və çox ciddi islahatlar etdi". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı " Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov deyib.Deputat bildirib ki, hazırki proseslərə qədər də Azərbaycan çox işlər görmüşdü: "Belə ki, sahibkarlığın inkişafı, regionlarda infrastrukturun yaradılması, onların fasiləsiz elektrik enerejisi, su ilə təmin edilməsi, Taxta Körpü və Şəmkirçay su anbarlarının, soyuducu ambarların yaradılması, yolların çəkilişi və digərləri atılan addımların uğurunu əvvəlcədən təmin etmişdi. 2017-ci ilin ilk rübünün yekunları da göstərdi ki, 2016-cı ildə görülən işlər uğurlu olub. Cari ilin bir rübü ərzində Azərbaycanın 1 milyard dollar valyuta gəliri olub. Bu, mühüm göstəricidir. Beynəlxalq təşkilatlar da öz rəqəmləri ilə Azərbaycanın iqtisadi inkişafını təsdiqləyirlər".B. Sadıqov söyləyib ki, Azərbaycan ənənəvi bitkiçiliyi bərpa etməklə həm sahibkarlığı inkişaf etdirir, həm xalqın rifah halını yaxşılaşdırır, həm iş yerləri açır, həm ölkəyə valyuta gəlişini təmin etmiş olur: "Ölkəmiz eyni zamanda "Made in Azerbaijan" brendi ilə özünü dünyaya təqdim edir. Bu addımlarla ölkəmiz həm dünyaya inteqrasiya olur, həm dövlətlərarası əlaqələr möhkəmlənir, həm də qarşılıqlı ticarət əlaqələri yaranır. Ümumiyyətlə, Prezident İlham Əliyev siyasəti elə bir formada qurur ki, bu, həm ölkəmizlə əməkdaşlıq edən ölkələrin xeyrinədir, həm dövlət maraqlarımızı təmin edir, həm də Azərbaycana xeyli siyasi dividentlər gətirir".Baş redaktor qeyd edib ki, bu gün bölgələrimizdə qeyri-neft sektorunun inkişafı ilə bağlı mühüm işlər görülür: "Bildiyiniz kimi, bir müddət öncə dövlət başçısı Saatlıda kənd təsərrüfatı ilə bağlı keçirilən müşavirədə qarşıya mühüm öndəliklər qoymuşdu. Lakin bir neçə gün öncə Yevlaxda keçirilən müşavirədə isə Azərbaycan Prezidenti qarşıya yeni vəzifələr qoydu. Təbii ki, bu məsələdə jurnalistər də diqqətli olmalıdırlar. Qabaqcıl təcrübəni, bu istiqamətdə görülən işləri işıqlandırmalı, "Made in Azerbaijan" brendinin təbliği etməlidir. Əgər Azərbaycan dünyaya çıxırsa, yeni bazarlar axtarırsa, dünya mediasında bununla bağlı reklamlar yerləşdirirsə, bizdə qonşu dövlətlərin medialarına çıxaraq, yerli məhsullarımızı təbliğ etməliyik. Ümumiyyətlə ölkəmizdə qeyri neft sektorunun inkişafı ilə bağlı fundamental işlər görülür. Bu baxımdan hesab edirəm ki, görülən işlər Azərbaycan dövlətinin qüdrətlənməsinə, xalqımızın daha da firavan yaşamasına səbəb olacaq".
sia.az