PDF Oxu

Siyasət

  • 94

Gümrü qətliamı yenidən gündəmdə

Gümrü qətliamı yenidən gündəmdə

SİYASİ QİYAMA HAZIRLIQ GEDİR!

Gümrüdə müqavilə əsasında hərbi xidmət keçən rusiyalı hərbçinin yoxa çıxması ilə bağlı axtarışlar davam edir. Dmitri Loşmanov adlı hərbçi, məhz Gümrüdə Avetisyanlar ailəsinin yeddi üzvünü qətlə yetirən digər rus əsgər - Premyakovun da xidmət keçirdiyi 102-ci bazanın hərbi qulluqçusudur və bu faktor son günlər Ermənistanı vahimə içərisində saxlamağa başlayıb.

Onu da qeyd edək ki, erməni mediasının yazdığına görə, Loşmanovun itməsi ilə bağlı rəsmi xəbər onun yoxa çıxmasından yalnız bir neçə gün sonra ictimailəşdirilib. Belə ki, Dmitri Loşmanov aprelin 16-dan yoxa çıxsa da, bu barədə rəsmi şəkildə aprelin 19-da -3 gün (!) sonra məlumat verilib. Deyilənlərə görə, o, ayın 16-da alış-veriş üçün hərbi bazanın ərazisini tərk edib və geri qayıtmayıb. Erməni mətbuatı bu barədə müxtəlif versiyalarla çıxış edərək, onun silahlı olduğu barədə informasiyalar verirlər. Halbuki 102-ci bazadan bildirilir ki, ərazini tərk etdiyi vaxt hərbçinin üzərində heç bir silah olmayıb.

Rus hərbçisinin rəsmi axtarışına yalnız 3 gün sonra başlanılıb

"Bununla da, faktiki olaraq, üç gündür ki, hərbi bazanın ərazisini tərk edərək, geri dönməyən hərbi qulluqçu barədə Gümrüdəki axtarışa hələ indi başlayıblar"-deyə erməni mətbuatı yazır.

Qeyd olunur ki, Gümrüdə rus həbrçisi Premyakov tərəfindən güllələnərək, qətlə yetirilən Avetisyanlar ailəsinin 7 nəfər üzvünün qanı qurumamış növbəti rus əsgər, məhz həmin bazanın ərazisini tərk edib. "Şəhərdə Premyakovun törətdiyi hadisə barədə danışarkən, hələ də insanlarda təlaşı hiss etmək mümkündür"-deyə yazan erməni mətbuatı, əlavə edir ki, mövcud hadisə həmin riski yenidən artırıb.

"Xüsusilə, Gümrü, eləcə də, Ermənistan Premyakovun dəhşətli cinayətinin ardınca bütün suallara tam şəkildə cavab almağı bacarmadı"

Məsələn, 1in.am saytının rus bölməsində bu barədə qeyd edilərək bildirilir ki, Premyakovun törətdiyi faciədən sonra şəhərdəki vəziyyəti anlamaq çətin deyil və hüquq-mühafizə orqanları, xüsusilə, belə hadisələrin baş verməməsi üçün cavabdehlik daşıyan insanlar bunu dərk etməlidirlər. SİTAT: "Rusiyanın Gümrüdəki hərbi bazasına nəzarətlə yanaşı, gümrülülərə, eləcə də, şəhər infrastrukturlarına söz verilməlidir ki, bir daha bənzər faciə yaşanmayacaq. Xüsusilə, Gümrü, eləcə də, Ermənistan Premyakovun dəhşətli cinayətinin ardınca bütün suallara tam şəkildə cavab almağı bacarmadı. Rusiya tərəfi isə təəccüblü dərəcədə, hətta təlaşla cinayətkarı öz qanadları altında saxladı və erməni dövlət qanunlarına müvafiq olaraq, cəzalandırılmasına yol vermədi".

Ermənistan cəmiyyətində Rusiya hərbçisi xofu yenidən artmağa başlayıb

Adıçəkilən mətbuat, belə olan halda, rusiyalı hərbçilərlə bağlı gümrülülərin həyəcan keçirmələrinin anlaşılan olduğunu bir daha qeyd edərək, yazır ki, bu həssaslığa postfaktumdan deyil, daha öncədən diqqət yetirilməliydi - hərbi bazadakı qanunlarda müəyyən dəyişikliklərin edilməsi, ümumiyyətlə, rusların həmin bazada qalmaları baxımından: "Lakin göründüyü kimi, hələ ki, səs-küy yaradan epizodun tam mənzərəsi bəlli olmasa da, Rusiyanın Gümrüdəki bazasında elə də ciddi dəyişikliklərin baş verməsi müşahidə edilmir, nə də Premyakovun cinayətindən sonra təlim-tərbiyə işlərində, hadisələrə operativ yanaşma məsələlərində, psixoloji hazırlıq çərçivəsində heç bir iş aparılmır. Həmçinin, psixoloji aspektlərdən əlavə, preventiv xarakteri əks etdirən daha effektli operativ mexanizmlər də işlənib-hazırlanmayıb. Bununla, Ermənistan cəmiyyətində Rusiya hərbçisi xofu yenidən artmağa başlayıb və göründüyü kimi, yeni faciələrin baş verməməsi istiqamətində, növbəti cinayətlərin yaşanmaması üçün tədbirlərin görülməsi əvəzinə hər şey öz axarına buraxılıb".

Rusiyanın təkcə bir bazası bütöv bir səfil ölkəni öz ağuşunda boğmaqda davam edəcək

Beləliklə, Ermənistanın Gümrüdə yerləşən 102-ci hərbi bazası bu ölkənin qorxulu röyasına çevrilib və burada günahkar sadə erməni xalqı deyil, məhz Ermənistanın əvvəlki, eləcə də, indiki hakimiyyət dairələridir. Fakt budur ki, bu gün bir çox ermənilər Ermənistanın suverenliyini itirdiyini, dərk edərək, Rusiyanın tərkib hissəsinə çevrildiyini bəyan edirlər. Bununla da, ehtimal etmək mümkündür ki, Rusiyanın təkcə bir bazası bütöv bir səfil ölkəni öz ağuşunda boğmaqda davam edəcək. Ermənistanın hakim rejimi isə, bundan qətiyyən təlaş keçirmir.

Hətta Ermənistanın vətəndaş cəmiyyətləri və müxalifətçi siyasi təşkilatları siyasi qiyamın, məhz Gümrüdən başlayacağını da istisna etmirlər. Hər halda, mövcud hadisə ilə yanaşı, daha öncəki və sonrakı hadisələrin də bu yöndə inkişaf etdiyini proqnozlaşdırmaq mümkündür.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər