PDF Oxu

Siyasət

  • 590

Yuri Xaçaturov oyuncaq kukla rolunu oynayacaq

Yuri Xaçaturov oyuncaq kukla rolunu oynayacaq

Erməni generalının Yuri Xaçaturovun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi seçilməsindən sonra Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə əngəllərin daha geniş xarakter ala biləcəyi barədə fikirlər səslənir. Söhbət etdiyimiz müsahiblərimiz isə bu təyinatın Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən danışıqlarda hansısa əngəllər yaranmasının mümkünsüz olduğunu bildirdilər.

Politoloq Rüstəm Məmmədov:

- Yuri Xaçaturovun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi seçilməsi ilə Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən danışıqlarda hansısa əngəllər yaranması mümkünsüzdür. Çünki bu münaqişənin həllinin açarı Rusiyanın əlindədir. Əgər Rusiya tərəfi Dağlıq Qarabağ münaqişəsinin həll olunmasını istəsə, bunun qabağında heç bir kəs dayana bilməz. Bu, hər kəsə məlumdur ki, işğalçı ölkə olan Ermənistan Rusiyanın forpostudur. Yəni Ermənistan Rusiyadan asılıdır. Belə olan halda da, erməni generalı Yuri Xaçaturov kimdir ki, münaqişənin həlli ilə bağlı hansısa problem yartsın, ən azı mövqe ortaya qoysun və ya təklif irəli sürsün. Ümid edirik ki, Dağlıq Qarabağ münaqişəsi öz həllini tezliklə tapar və öz yurd-yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkünlər öz ev-eşiyinə qayıdarlar.

Politoloq Arzu Nağıyev:

- Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında katibliyin Ermənistana keçməsi ilə düşmən ölkə hansısa üstünlük əldə etməyəcək. Ermənilər dəfələrlə təmas xəttində təxribat törədərək, KTMT-dən dəstək almağa çalışsalar da, niyyətləri baş tutmayıb. KTMT-nin üzvü olan digər dövlətlər Azərbaycanla normal münasibətdədirlər və hər hansı gərginliyin yaranmasında maraqlı deyillər. Eyni zamanda, qeyd etmək istərdim ki, KTMT-nin yaradılması, öncə Rusiyanın özünü qoruması və sığortalaması üçün nəzərdə tutulub. Ermənistan isə KTMT-də bir vasitə kimi istifadə olunur . KTMT üzvləri başa düşürlər ki, Azərbaycan öz ərazi bütövlüyünün bərpasına çalışır və erməni işğalçılarının torpaqlarımızdan çıxmalarını tələb edir. KTMT üzvü olan hər bir dövlət BMT çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərini tanıyır.

GÜLYANƏ

Digər xəbərlər