Vaqif Əliyev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm
nazirinin birinci müavini, YAP İdarə Heyətinin üzvü
Xalqların etibarlı gələcəyi naminə yorulmadan çalışan, ölkələrin tarixində dərin iz qoyan şəxsiyyətlər həmişə minnətdarlıqla xatırlanır. Uzaq gələcəyə hesablanan, dövlət və millət arasında bağları möhkəmləndirən ideya və təfəkkür sahiblərinin dəyəri milli-mənəvi sərvət kimi ölçüyəgəlməzdir. Azərbaycan xalqı dünya elminə, mədəniyyətinə və siyasətinə misilsiz töhfələr verən böyük şəxsiyyətlər yetirmişdir. XX əsrdə Tanrının xalqımıza bəxş etdiyi dahi şəxsiyyət, böyük siyasət və dövlət adamı, Ulu Öndər Heydər Əliyev 34 il müddətində Azərbaycanın tarixində rəhbər və lider kimi müstəsna rol oynamışdır.
1993-cü ildə dahi siyasətçinin xalqın təkidli tələbi ilə xaosa qərq olan müstəqil Azərbaycana rəhbərliyə qayıdışı ona öz müqəddəs missiyasını yenidən davam etdirmək imkanı yaratmışdı. Bu çətin vaxtlarda əgər ilk addım ölkənin müstəqilliyini qoruyub saxlamaq idisə, digər vacib məsələ Azərbaycanın varlığını, iqtisadi-mədəni imkanlarını dünyaya tanıtmaqdan ibarət idi. Ölkə həyatının bütün sahələrində düşünülmüş, müdrik islahatlara ehtiyac vardı. Dünyada gedən sürətli inkişafla ayaqlaşmaq, yeni mütərəqqi çağırışlara adekvat cavab vermək zərurətə çevrilmişdi. Azərbaycan layiq olduğu mövqeyinə qovuşmalı, öz potensialını istənilən səviyyədə dünyaya nümayiş etdirməyə nail olmalı idi.
Geniş təcrübəsi, uzaqgörən siyasəti və vətənsevərliyi ilə xalqın qürur ünvanına çevrilən Heydər Əliyevin rəhbərliyi altında ölkənin dinamik inkişafını təmin etmək üçün kompleks islahatlara start verildi. 1994-cü ilin 20 sentyabrında Bakıda "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycanın mövcudluğunu dünya birliyinə qəbul etdirdi. Bununla da ölkəmizin iqtisadi dayanıqlığının əsası qoyuldu, geniş spektrli inkişafına münbit şərait yarandı. Bu müqavilə ilə Azərbaycanın müstəqil iqtisadi siyasət yeritdiyini ortaya qoyması qlobal səviyyədə güvənilən tərəfdaş imici qazanmasına səbəb oldu. Bir sözlə, Heydər Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrini əhatə edən inkişaf təmayülləri bugünkü modern Azərbaycanı doğurdu.
Eyni yol - yeni çağırışlar
2003-cü il dekabrın 12-də xalqımız tarixin böyük azərbaycanlısı ilə əbədi vidalaşdı. "Ürəyi Azərbaycan boyda olan" dahi şəxsiyyətin itkisi xalqımızda dərin kədər yaratsa da, bu böyük ayrılıq heç kəsdə ümidsizlik yaratmamışdı. Ulu Öndərin ölçüyəgəlməz tarixi missiyaları, ölkəmizin parlaq gələcəyinə hesablanan ideyaları vətəndaşlarımızın inamsızlığa qapılmasına imkan vermirdi. Ən əsası isə, onun dövlətçilik missiyası, Azərbaycan Respublikasının gələcəyi artıq etibarlı əllərdə idi.
"Bizim siyasətimizin məqsədi ölkəmizi gücləndirməkdir, müstəqilliyimizi möhkəmləndirməkdir və dayanıqlı inkişafa nail olmaqdır", - deyən İlham Əliyev Prezident seçildiyi ilk gündən Heydər Əliyev ideyalarına sadiq qalacağını əməli işi ilə nümayiş etdirdi. Prezident İlham Əliyev inkişaf yolunun daha da şaxələnməsini, müasir dünyanın çağırışları ilə Azərbaycan gerçəklərini bir kompleks halında qəbul edir, bu istiqamətdə addımlar atırdı. Dövlət başçısı ölkəmizin hərtərəfli inkişafını təmin etməklə yanaşı, Azərbaycanı mədəniyyətlərin və dialoqun birləşdiyi unikal bir məkan kimi dünyaya göstərməyə nail oldu. Bütün bunların reallaşmasında 2008-ci ildə Bakıda Avropa Şurası ölkələri mədəniyyət nazirlərinin iştirakı ilə keçirilən "Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır" mövzusunda konfrans əhəmiyyətli rol oynadı. Azərbaycan bu tədbirdə təqdirəlayiq bir addım ataraq islam ölkələrinin nazirlərini də dəvət etməklə müxtəlif qütblü dünyada mədəniyyətlər arasında dialoqa tarixdə görülməmiş bir naxış vurdu.
Konfransda mədəniyyətlərarası dialoqla bağlı "Bakı prosesi" təşəbbüsünü irəli sürən Prezident İlham Əliyev deyirdi: "Mən çox istəyirəm ki, "Bakı prosesi" mədəniyyətlər arasında dialoqun, anlaşmanın möhkəmlənməsinə dəyərli töhfəsini versin. Belə tədbirlərin keçirilməsi ənənəyə çevrilsin". Beynəlxalq tədbirdə "Bakı Bəyannaməsi"nin qəbul olunması ilə yeni bir tarixi prosesin əsası qoyuldu. "Bakı prosesi" sonrakı illərdə Azərbaycanın beynəlxalq miqyasda müsbət imicinin möhkəmləndirilməsi işinə çox ciddi stimul verdi, ən əsası isə Bakıda ənənəvi olaraq keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu kimi yeni beynəlxalq platformanın yaranması ilə nəticələndi. Bununla da Azərbaycan və onun paytaxtından dünyaya birlik, sülh mesajları verilməyə başladı. Dövlət başçısının bu qlobal təşəbbüsü həm də dünyaya onu sübut etdi ki, ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunsa da, maddi-mədəni mirasımız talan edilsə də, Azərbaycan mədəni inteqrasiyadan nəinki vaz keçmir, eyni zamanda sivilizasiyalararası dialoqda körpü rolunu oynayır.
Bütün ölkəni əhatə edən islahatlar
Həqiqi, hərtərəfli inkişaf ölkənin bütün regionlarını əhatə edən inkişafdır. Uğurlu islahat, real nəticələr verən islahatdır. Azərbaycanın bütün sahələrdə davamlı inkişafını təmin edən dərin islahatlar ölkəmizdə müasir tələblərə cavan verən infrastrukturun yaradılması ilə müşayiət olunmuşdur. Abad yollar, beynəlxalq hava limanları, müxtəlif kateqoriyalı hotel və yerləşdirmə məkanları, möhtəşəm idman arenaları ölkəmizin cəlbediciliyini daha da artırmış, yeni-yeni layihələrə zəmin hazırlamışdır. Ölkəmizdə aparılan islahatlar paytaxt və digər böyük şəhərlərlə məhdudlaşmamış, bütün bölgələrimizi əhatə etmişdir. Müxtəlif illəri əhatə edən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası istiqamətində aparılan sistemli və kompleks tədbirlər çox uğurlu nəticələr vermiş, bölgələrin siması dəyişmiş, əhalinin məşğulluğu təmin olunmuşdur.
Göstərilən diqqət və qayğını hər yaşayış məntəqəsi, hər bir vətəndaş hiss edirsə, bu artıq gerçək uğur deməkdir. Hər kəs yaxşı xatırlayır ki, cənab İlham Əliyev ölkə rəhbərliyinə gələndə "Mən hər bir azərbaycanlının Prezidenti olacağam", - demişdi. Dövlət başçısının təşəbbüsü və səyləri ilə həyata keçirilən sosial-iqtisadi islahatlar onun verdiyi vədlərə nə dərəcədə sadiq olduğunu ortaya qoydu, islahatçı lider obrazını bütövləşdirdi. Şahidi olduğumuz bu islahatlar Azərbaycanın müasirliyinə, qloballaşan dünyada öz mövqeyini möhkəmləndirməsinə yönəlsə də, bu proses xalqımızın malik olduğu minillik dəyərlərə əsla kölgə salmamışdır. Dövlət başçısı prezidentliyinin ilk illərində milli-mənəvi dəyərlərə söykənən və müasir çağırışlara cavab verən mütərəqqi ideyaları yaşadıb inkişaf etdirəcəyini xüsusi vurğulayırdı: "Müasirlik, yenilik və eyni zamanda milli dəyərlərə, milli köklərə bağlılıq. Bugünkü Azərbaycanı təsvir edən bu ideya artıq hamıya bəllidir. Biz tarixi irsimizin, zəngin mədəni irsimizin əsasında müasir, güclü Azərbaycan qururuq".
Təbii ki, Azərbaycanın gücünün əsasını onun sağlam iqtisadiyyatı və hərbi qüdrəti ilə yanaşı, həm də mədəniyyət və turizminin inkişafı bəlli edir. Xalqlar həmişə öz mədəniyyətləri ilə tanınıblar. Mədəniyyəti təbliğ etməyin ən optimal yollarından biri isə turizmdir. Müasir dünya təcrübəsi də mədəniyyətlə turizmin sıx bağlılığı üzərində təşəkkül tapmışdır. Mədəni irsin turizm məhsulu kimi təqdimatı, öz növbəsində turizm sənayesinin ölkənin tanıdılmasına, mədəni zənginliyinin təbliğinə töhfəsi bunun bariz nümunəsidir. Bu baxımdan Prezident İlham Əliyevin 2006-cı il 30 yanvar tarixli fərmanı ilə Mədəniyyət və Turizm Nazirliyinin yaradılması dövlət idarəetmə sistemində köklü islahatların davamı, mədəniyyət və turizm sahələrinin idarə edilməsinin təkmilləşdirilməsi məqsədi daşıyan çox mühüm bir qərar idi. Bu tarixdən sonra ölkəmizdə mədəniyyət və turizm sahələrində inkişaf yeni mərhələyə qədəm qoymuşdur. Zəngin tarixi-mədəni irsimizin düzgün, sistemli təbliğat və təşviqatı sayəsində Azərbaycan xarici turistlərin diqqətini cəlb edən populyar ölkələr sırasında öz yerini almışdır.
Ötən illər ərzində hər iki sahənin inkişafı istiqamətində dərin islahatlara start verilmiş, müasir dünya təcrübəsinin tətbiqinə xüsusi diqqət yetirilmişdir. Teatr və kino sənətinin inkişafı ilə bağlı təsdiq olunan dövlət proqramları, həyata keçirilən layihələr qısa zamanda öz bəhrəsini verməyə başlamışdır. Prezidentin müvafiq sərəncamları ilə paytaxtda və bölgələrimizdə olan teatrların binaları əsaslı şəkildə təmir-bərpa olunmuş, bəziləri yeni bina ilə təmin edilmişdir. Dünyanın məşhur kinofestivallarında nümayiş etdirilən filmlərin istehsalına nail olunmuş, paytaxt və bölgələrdə müasir şəraitə malik kinoteatrlar, Heydər Əliyev mərkəzləri istifadəyə verilmişdir.
Beynəlxalq təşkilatlarla, xüsusilə UNESCO ilə qurulan etibarlı əməkdaşlıq əlaqələri mədəni irsimizin dünya səviyyəsində tanınmasına şərait yaratmışdır. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın mədəniyyət və incəsənətimizin təbliği sahəsində müstəsna xidmətlərini xüsusi qeyd etməliyik. Mədəniyyətimizin yorulmaz himayədarı olan Mehriban xanımın 2004-cü ildə UNESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasında yeni üfüqlərin açılmasına səbəb olmuşdur. Mehriban Əliyevanın təşəbbüs və səyləri ilə Qobustan qayaüstü rəsmləri, Azərbaycan aşıq sənəti, Novruz bayramı, xalçaçılıq sənətimiz, tar ifaçılığı, çövkən milli oyunu, kəlağayı sənəti, Lahıc misgərlik sənəti, ölkəmizin təşəbbüsü ilə Azərbaycan, Türkiyə, İran, Qazaxıstan və Qırğızıstan tərəfindən birgə təqdim edilən lavaş (katırma, jupka, yufka) - nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti UNESCO-nun müvafiq siyahılarına salınaraq ümumbəşəri irs statusu qazanmışdır. Bu irs nümunələrimizlə bağlı fayllar hörmətli Mehriban xanımın dəstəyi, Mədəniyyət və Turizm Nazirliyi və digər əlaqədar qurumların birgə əməkdaşlığı ilə hazırlanmışdır.
İnkişafın yeni mərhələsi
Son illər dünyada normal iqtisadi inkişaf və münasibətlərin siyasi maraqlara, hegemonluq ambisiyalarına qurban verilməsi bir sıra neft ixracatçısı olan ölkələr kimi, Azərbaycana da təsirsiz ötüşməmişdir. Buna görə də Prezident İlham Əliyev tərəfindən turizm sahəsi ölkəmizdə qeyri-neft sektorunun prioritet istiqamətlərindən biri elan edilmiş, bu sahənin daha da inkişaf etdirilməsi məqsədilə yeni islahatlar dalğası başlanmışdır. Diqqət etsək görərik ki, hələ dünya üzrə bu sahədə mənfi tendensiyalar başlamamışdan öncə də Azərbaycanda turizm sənayesinin inkişafını şərtləndirən çox mühüm addımlar atılmışdır. Belə ki, "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı"nın icrası, 2011-ci ilin Prezident tərəfindən Azərbaycanda "Turizm ili" elan edilməsi dövlətin bu sahəyə diqqətini sübut edən faktlardır. Son illərdə Qusar rayonu ərazisində dövlət dəstəyi ilə Şahdağ Turizm Mərkəzinin, eləcə də Qəbələdə Tufandağ Qış-Yay Turizm Kompleksinin yaradılması ölkənin qış turizminin inkişafına böyük töhfələr vermişdir. Bu turizm mərkəzlərinin yaradılması ilə həm də ölkəmizdə turizmin mövsümiliyi aradan qalxmışdır.
Turizm sənayesinin müasir tələblər səviyyəsində qurulması, ölkəyə turist axınının artırılmasına yönələn fərman və sərəncamların imzalanması bu sahədə yeni mərhələnin başlandığını deməyə əsas verir. Prezidentin "Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və "ASAN Viza" sisteminin yaradılması haqqında" fərmanına uyğun olaraq 2017-ci ilin yanvar ayından "ASAN Viza" portalı fəaliyyətə başlamışdır. Ötən il ümumilikdə ondan artıq ölkənin vətəndaşlarına respublikanın beynəlxalq statuslu hava limanlarında viza verilməsi təmin edilmişdir. Bu sahədə atılan addımlar qısa zamanda öz bəhrəsini vermiş, ölkəmizə gələn turistlərin sayında nəzərəçarpacaq artım olmuşdur. Məmnuniyyət doğuran fakt həm də odur ki, "ASAN Viza" sistemi bir sıra ölkələr tərəfindən də yüksək qiymətləndirilir, bu təcrübənin öyrənilməsi üçün təşəbbüslər göstərilir.
Prezidentin "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamı və fərmanla təsdiq olunan "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi", eləcə də Azərbaycan Turizm Şurasının yaradılması da bu sahədə diqqətəlayiq islahatlardır. Bakıda ticarət festivallarının ("shopping festival") keçirilməsi, ölkəyə turist axınının artırılması məqsədilə prioritet hesab olunan ölkələrdəki Azərbaycan səfirliklərində turizm nümayəndəliklərinin yaradılması, yeni əlverişli aviareyslərin açılması, çimərlik turizminin inkişafı, turizm və rekreasiya zonalarının təşkili kimi məsələlər də imzalanan sənədlərdə öz əksini tapmışdır.
Ölkəmizdə həyata keçirilən islahatlar turizm təhsilini də əhatə edir. Dövlət başçısının sərəncamı ilə Mədəniyyət və Turizm Nazirliyinin Turizm İnstitutunun bazasında ali təhsilin bütün pillələrində turizm və menecment sahələri üzrə kadr hazırlığını həyata keçirən Azərbaycan Turizm və Menecment Universiteti yaradılmışdır. Hazırda bu universitetin nəzdində fəaliyyət göstərən Bakı Turizm Peşə Məktəbi və Mingəçevir Turizm Kolleci də kadr hazırlığında önəmli rol oynayır.
Turizm sahəsində dərin islahatlar ölkəmizin daxili ilə məhdudlaşmır. Son illər Azərbaycanın Körfəz ölkələri üzrə ("Atlantis Holidays"), həmçinin Almaniyada ("Aviareps"), Rusiyada ("Tur A Vent"), Türkiyədə ("Gateway") turizm üzrə nümayəndəlikləri fəaliyyətə başlamışdır. Bütün bu təşəbbüslər ölkəmizin turizm imkanlarının daha geniş coğrafiyada tanınmasına təkan verir.
Bu gün dünyada multikulturalizm örnəyi kimi qəbul edilən Azərbaycan beynəlxalq miqyaslı ən mötəbər mədəniyyət və idman tədbirlərinə yüksək səviyyədə ev sahibliyi edir. Azərbaycan nüfuzlu beynəlxalq qurumlarda layiqincə təmsil olunur, ölkəmizə böyük etimad göstərilir. Bütün bunlar dünya birliyi tərəfindən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə, ölkəmizdə tarixi ənənələri olan tolerantlıq mühitinə, müasir inkişafımıza verilən qiymət, Azərbaycanın beynəlxalq nüfuzunun təsdiqi deməkdir.
Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin mayasında Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti və düşünülmüş islahatlar dayanır. Əgər illər öncə reallaşdırılan layihələrin hər biri bu gün öz bəhrəsini verirsə, deməli, hazırda şahidi olduğumuz islahatların da faydasını gələcək nəsillərimiz mütləq görəcəkdir. Ümummilli Lider Heydər Əliyev Azərbaycanın gələcəyi naminə elə parlaq bir yol açmışdır ki, on illər, yüz illər boyu bu yol dövlətimizi və xalqımızı daim inkişafa doğru aparacaqdır!