PDF Oxu

Siyasət

  • 126

Ermənilər ordudakı mövqelərini itirdilər

Ermənilər ordudakı mövqelərini itirdilər

ANALİTİKA

İşğalçı ölkənin mediası təlaş keçirir

İşğalçı Ermənistanın prezidenti Serj Sarkisyanın "millət-ordu" konsepsiyası ətrafında yeni siyasi dividend qazanmaq cəhdləri uğursuzluqla nəticələnib. Belə ki, artıq bir neçə gündür ki, erməni mətbuatı sözügedən konsepsiya ətrafında politoloq və proqnozçu rəylərinə istinad edərək, Sarkisyanın ideyasını sərt şəkildə tənqid edir, bunu yaxın gələcəkdə ölkənin müstəqilliyinin itirilməsi qədər təhlükəli olduğunu yazırlar. Ümumiyyətlə, fakt budur ki, S.Sarkisyan "millət-ordu" konsepsiyası vasitəsilə 2018-ci il üçün hazırlıq prosesinə başlayırsa, sadə ictimaiyyət, o cümlədən, hadisələrə doğru və həqiqət tərəfindən qiymət verməyi bacaran erməni politoloqları həmin vasitəni suverenliyin itirilməsinə atılan addım kimi qiymətləndirirlər. Əgər nəzərə alsaq ki, Ermənistan ordusunun ipi, məhz Sarkisyanın əlindədir, bu zaman belə qənaətə gəlmək olar ki, xalqdan dəstək almayan Sarkisyan ordu ilə birlikdə bütün mövqelərini itirməkdədir.

Sarkisyan sıradan çıxmış ordunu da məhz bu cür ayaqda saxlamağı düşünür

Həmçinin, uzun illər işğalçı rejimə külli miqdarda maliyyə vəsaitləri ayıran erməni diasporası da son vaxtlar yardımlarını dayandırıb. Ermənistanın ayaqda qalması baxımından, kifayət qədər təsiri olan diasporanın bu imtinası isə, Sarkisyana baha başa gələcək. Bu səbəbdən, Sarkisyan öz komandasına "əllərini ciblərinə salıb" hakimiyyəti saxlamaq tapşırığı verib. Çünki ölkənin, demək olar ki, məhv olmuş büdcəsi, dağılmış iqtisadiyyatı "millət-ordu" konsepsiyasının reallaşmasına, daha dəqiqi isə, rejimin hakimiyyəti əlində saxlamasına heç cür imkan vermir. Ona görə də, erməni prezident siyasi hakimiyyətdəki mövqeyini qoruyub-saxlamaq üçün həmin seçimi edərək, xalqı şirnikləşdirmək məqsədilə nə qədər "səxavətli" və "qədirbilən" olduğunu göstərib, aprel döyüşlərindən sonra sıradan çıxmış ordunu da, məhz bu cür ayaqda saxlamağı düşünür.

Erməni analitik yazarı: "Əsas səbəb başqadır - hakimiyyət daxilində olan problemlərdir, daha dəqiqi, 2018-ci il probleminin həllidir"

Tanınmış erməni analitiki, "1in.am" saytının siyasi yazarı Aram Amatuninin yazdığına görə, məhz aprel döyüşləri onu buna deməyi vadar edib. SİTAT: "Məhz aprel döyüşlərinin hakiyyəti "millət-ordu" konsepsiyasını irəli sürməyə məcbur etdiyini demək çətindir, bu, ya bəhanə oldu, ya da əlverişli hadisə. Əsas səbəb başqadır - hakimiyyət daxilində olan problemlərdir, daha dəqiqi, 2018-ci il probleminin həllidir. Bu məsələdə "millət-ordu" konsepsiyası Serj Sarkisyan və onun siyasi planları, niyyətləri üçün vacib və təsirli vasitədir".

Onu da qeyd edək ki, görünüşcə müsbət təsir bağışlayan, lakin reallaşdırılması mümkün olmayan "millət-ordu" konsepsiyası bu cür qurulub:

Ali məktəbləri bitirən gənclərə ayda 500 dollar maaşa 3 illiyə orduda zabit kimi qulluq etmək təklif edilir. Bu, Yerevandakı orta maaş göstəricisindən 2 dəfə, regionlardakı orta maaş göstəricisindən isə 3 dəfə yüksək rəqəmdir.

Həmçinin, orduya çağırış yaşı çatmış gənclərə isə 3 illik muzdlu- müddətli hərbi xidmət təklif edilir. Onlar həmin müddətin 7 ayını öz evlərində keçirəcəklər. Yəni 6 aydan sonra muzdlu əsgərlər 1+1+2 sistemi ilə xidmət edəcəklər. Bunun 1 həftəsini evdə, 1 həftəsini hazırlıqda, 2 həftəsini isə ön cəbhədə keçirəcəklər.

Orduda 3 illik xidməti başa çatdıran gənclərə 10 min dollar pul verilir və onlar bu pulu 3 istiqamətdə - şəhərlilər ucuz ipoteka, kəndlilər isə mini-ferma yaratmaq istiqamətində, yaxud təhsil haqqı kimi istifadə edə bilər.

Ömrünün 3 ilini hərbi xidmətə qoyub, oradan sağ qayıdıb-qayıtmayacağını bilməyən heç bir erməni 10 min dollara görə hərbiyə getməz

Göründüyü kimi, bu, hələ ki, plandır və həmin planın nə qədər reallaşdırılacağı barədə müxtəlif suallar yaranır. Məsələn, S.Sarkisyan rejiminin oliqarxları uzağı bir neçə dəfə bu məsələdə canfəşanlıq göstərə bilərlər. Çünki davamlı olaraq xalqın marağına xidmət etmək onlara, ümumiyyətlə, sərf etməz. Erməni xalqının qanını soraraq, əldə etdikləri külli miqdardakı gəlirlərin ölkədə qalması onlara sərf etməyəcək və əlbəttə ki, pullar xarici ölkələrə üzəcək.

Digər tərəfdən, yuxarıda göstərilən şirnikləndirici vədlər yenə də erməni xalqına sərf etmir. Ömrünün 3 ilini hərbi xidmətə qoyub, oradan sağ qayıdıb-qayıtmayacağını bilməyən heç bir erməni 10 min dollara görə hərbi xidmətə getməz. Eləcə də, ön cəbhədə xidmət keçmək üçün irəli sürülən konsepsiya heç cür erməni ictimaiyyətini təmin etmir.

Helsinki Vətəndaş Assmbleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts: "Respublika Partiyası öz siyasəti ilə Ermənistanı xarabalıqlara və qəbiristanlığa çevirəcək"

"Təbii ki, bu şərtlər daxilində Serj Sarkisyan özünə və klanının maraqlarına xidmət edəcək silahlı dəstə yarada bilər". Bu fikirləri isə Helsinki Vətəndaş Assmbleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts öz müsahibəsində deyib. Onun fikrincə, Sarkisyanın cəhdlərinə baxmayaraq, Ermənistanı xarabarzarlığa çevirəcək: "Respublika Partiyası öz siyasəti ilə Ermənistanı xarabalıqlara və qəbiristanlığa çevirəcək. "Millət-ordu" konsepsiyasını talançılıq saymaq olar. Burada öz maraqlarını insanların həyatı bahasına təmin etmək məntiqi hakimdir".

Beləliklə, fakt budur ki, sözügedən konsepsiyanın ortaya atılması Sarkisyanın hakimiyyəti əlində saxlamaq cəhdi ilə yanaşı, həm də Ermənistan ordusunun öz mövqelərini itirməsi anlamını daşıyır. Sarkisyanın isə, xalqı növbəti dəfə aldadıb şirnikləndirməsi planı - "millət-ordu" konsepsiyası öz səmərəsizliyi ilə iflasa uğrayacaq.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər