PDF Oxu

Siyasət

  • 74

Azərbaycanda multikulturalizm və tolerantlıq yeni dövrünü yaşayır

Azərbaycanda multikulturalizm və tolerantlıq yeni dövrünü yaşayır

İlham Əliyev: "Humanizm, əməkdaşlıq, multikulturalizm Azərbaycan cəmiyyəti və dövlətinin mahiyyətindədir, ənənədə həmişə mövcud olub"

Minilliklər boyu Böyük İpək Yolu üzərində Şərq ilə Qərbin qovşuğunda yerləşən Azərbaycan bu gün müasir dövrün qlobal çağırışlarına cavab və dəstək verən ölkə olaraq, dünya dövlətləri və beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq imkanlarına malikdir.

Azərbaycanda bütün sahələrdə kənd təsərrüfatında, kosmik sənayedə, hərbi sənayedə, səhiyyədə, təhsildə və s. əldə olunan uğurları, eləcə də, beynəlxalq səviyyədə qurduğu münasibətləri, davamlı inkişafı Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi tanınmasına səbəb olub. Bu uğurlarla bərabər, bu gün ölkəmiz müxtəlif beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrildiyini də vurğulamalıyıq. Bütün beynəlxalq tədbirlərin təşkili Azərbaycan dövlətinin sülhsevər olduğunu və multikulturalizm siyasətini bir daha dünya ictimaiyyətinə təqdim edir.

Öz kökünə və ənənələrinə sadiq olan Azərbaycan başqa xalqların da dilinə, mədəniyyətinə böyük həssaslıqla, hörmətlə, qayğıkeşliklə yanaşıb və bu gün də bu ənənə davam etməkdədir. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2016-cı ilin "Multikulturalizm İli" elan edilməsi ölkəmizdə multikulturalizmin dövlət siyasəti olduğunun daha bir göstəricisi oldu. Müasir dövrümüzdə dünyada gedən çox açınacaqlı və faciəli prosesləri izləyərkən, görürük ki, Azərbaycan, həqiqətən də, multikultural bir dövlətdir. Müasir dünyada münaqişələrin və gərginlik ocaqlarının artdığı bir zamanda ölkəmiz dünya xalqlarına tolerant, multikultural dövlət olaraq numunəyə çevrilib. Multikulturalizm müxtəlif xalqların dini-milli huquqlarının, dilinin, dininin qorunması və birgə dinc yanaşı yaşamasıdır. Demokratiyanın da əsas əlaməti hər bir insanın milli, dini və insani hüquqlarının qorunmasıdır.

Azərbaycan müstəqillik illərində dövlət dini azlıqların hüquqlarının qorunması və təminatı sahəsində çox mühüm və ciddi addımlar atıb. Azərbaycanda müxtəlif dini mənsubiyyətə malik insanlar cəmiyyətimizin ayrılmaz tərkib hissəsi olaraq dövlətin diqqət, qayğı və himayəsini eyni dərəcədə üzərlərində hiss edirlər. Bu gün ölkəmizdə bütün millətlərin və dinlərin nümayəndələri tam qarşılıqlı anlaşma, milli həmrəylik şəraitində yaşamaları üçün bütün şərait yaradılıb.

MULTİKULTURALİZM VƏ

TOLERANTLIQ CƏHALƏTİN, İRQÇİLİYİN VƏ

KSENOFOBİYANIN

SÜQUTUDUR

Qoca Şərqin qapısı sayılan məkanda üç səmavi dinin - yəhudilik, xristianlıq və islamın, eləcə də, müxtəlif inancların qarşılıqlı hörmət şəraitində yaşaması diqqətin ölkəmizə cəm olmasına gətirib çıxarır. Tarixi ənənələrin, müasir zamanda isə müvafiq qanunvericiliyin və məqsədyönlü dövlət siyasətinin göstəricisi olan tolerant mühitin müultikultural dəyərləri insanları dinindən, irqindən asılı olmayaraq insanlığa xidmətə, bəşəri və dünyəvi dəyərlərə hörmətlə yaşamağa səsləyir. Sosial bir hadisə olan multikulturalizm və tolerantlıq həm də cəhalətin, irqçiliyin, ksenofobiyanın süqutu, nəticə etibarilə cəmiyyətdə əmin-amanlıq, bəşəriyyətdə isə sülh deməkdir. Beləliklə, müxtəlif siyasi, iqtisadi və coğrafi şəraitlərdə yaşayan xalqların ədalətə çıxışı, məhz ilk növbədə, çoxmədəniyyətliliyin təmin edilməsindən asılıdır. Çünki multikulturalizmin olması cəmiyyətdə bərabərliyin, demokratiyanın, tərəqqinin, sosial rifahın, başqa sözlə, ədalətin bərqərar olunması deməkdir. Azərbaycan ərazisində məscidlərin, pravoslav, katolik, gürcü-pravoslav kilsəsi, sinaqoq və digər ibadət yerləri fəaliyyətdədirsə, demək, bu, artıq mühitin mövcudluğuna tam əsaslanır.

MİLLİ DƏYƏRLƏRƏ

QARŞILIQLI HÖRMƏT VƏ

EHTİRAM AZƏRBAYCAN VƏ ALMAN XALQLARININ

MƏDƏNİ ƏLAQƏLƏRİNİ

SƏCİYYƏLƏNDİRƏN

BAŞLICA CƏHƏTDİR

Azərbaycanda yüzillər boyu bərqərar olmuş tolerantlıq mühiti XIX əsrin əvvəllərində ölkəmizə köçürüldükləri ilk vaxtlardan alman mühacirlərinin yerli əhali ilə qısa müddətdə dərin ünsiyyət qurması üçün əlverişli zəmin yaratması da fikirlərimizə sübutdur. Almanların Azərbaycana ilk kütləvi köçü isə 1819-cu ilə təsadüf edir. XIX əsrin sonu-XX əsrin əvvəlində Azərbaycanda yaşayan almanların əksəriyyəti protestantlığa etiqad edirdilər. Ölkəmizdə protestant kilsəsi 1857-ci ildə, məhz Helenendorfda (Göygöl ərazisində) tikilib. Sonralar Gədəbəy, Şamaxı, Bakı, Şəmkir ərazisində də alman lüteran kilsələri tikilərək, istifadəyə verildi. Almanların Azərbaycana yerləşdirilməsindən sonra-əlli il ərzində Gəncə ətrafında iki, Şəmkirdə üç, Tovuzda bir, Ağstafada üç alman yaşayış məntəqəsi salındı və alman ailələrinin sayı 3400-ü ötüb keçdi. Hazırda Şəmkir, Ağstafa, Xaçmaz, Göygöl və digər bölgələrdə çoxlu sayda alman abidələri qeydiyyata alınıb və dövlət tərəfindən qorunur.

Almanlar məskunlaşdıqları və qaynayıb-qarışdıqları bu yerləri İkinci Dünya müharibəsi dövründə tərk etmək məcburiyyətində qalsalar da, onların özlərindən sonra qoyub-getdikləri tarixi-mədəni irsi Azərbaycan xalqı multikultural təbiətinə sadiqlik nümayiş etdirərək, lazımınca qoruyub-saxlayıb. Azərbaycan xalqının tarixi və mədəniyyətində dərin iz qoymuş bu hadisənin UNESCO-nun "2016-2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı"na daxil edilməsi təqdirəlayiqdir.

Bildiyimiz kimi, 2017-ci ildə Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi tamam olur. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyevin Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında Sərəncamı, bir daha onu göstərir ki, bir-birinin milli dəyərlərinə qarşılıqlı hörmət və ehtiram Azərbaycan və alman xalqlarının mədəni əlaqələrini səciyyələndirən başlıca cəhətdir. Azərbaycan xalqı digər xalqlara qarşı həmişə tolerantlıq göstərib və bu gün də bu ənənə qorunub-saxlanılır. Dünyada terror, ksenofobiya və irqçiliklə bağlı münaqişələr baş verdiyi halda, birgə yanaşı yaşamaq haqqında təsəvvürlər, məhz Odlar Diyarında genişlənir.

DÜNYADA BAŞ VERƏN

NEQATİV HADİSƏLƏR

FONUNDA AZƏRBAYCAN

DİGƏR ÖLKƏLƏRİN

NÜMUNƏ

GÖTÜRƏCƏYİ MÜSBƏT BİR MODELDİR

Həqiqətən də, Azərbaycanda tolerantlıq, multikulural dəyərlər tamamilə fərqlidir. Məsələn, Azərbaycan ərazisində olan Nic qəsəbəsində Qədim Qafqaz Albaniyasının tayfalarından olan udi tayfalarının nəsilləri yaşayır, həm də burada Azərbaycanda böyük çoxluğun etiqad elədiyi islamdan fərqli bir dinə-xristianlığa inanırlar. Fərqli etnik və dini mənsubiyyətin bir arada mövcudluğu multikultural Azərbaycanın izaha ehtiyacı olmayan həqiqətlərindəndir. İvanovka isə 1847-ci ildə çar hakimiyyəti dövründə Qafqaza köçürülmüş rusların xələflərinin yaşadığı və Azərbaycanda yeganə kolxoz olan kənddir. İvanovka özünəməxsus rus mentallığı, rus ruhunun hakim olduğu məkandır. 150 ildən artıq bir zaman ərzində Azərbaycan ərazisində rusların öz milli adət-ənənələrinin, mahnılarını, həyat tərzinin, məişətini qoruyub-saxlaması təəccüb doğursa da, Azərbaycan həqiqətləri bunu göstərir. Bu, ölkəmizdə dövlət səviyyəsində həyata keçirilən multikulturalizm siyasətidir və Azərbaycan torpağında yaşanan, qorunub gələcəyə ötürülən rus mənəvi irsinə olan hörmət və etiramın bir nümunəsidir.

Uzun illərdir ki, Ermənistan Azərbaycan ərazisini işğal edib, milyonlarla dinc insanı öz yurdundan didərgin salıb-mədəniyyət abidələrimizi dağıdıb. Buna baxmayaraq, Azərbaycan sülhsevər siyasətini davam etdirir. Humanizm, mədəniyyət, tolerantlıq və dialoq vasitəsinə üstünlük verir. Bu, bir daha Azərbaycanın humanizmə, qarşılıqlı əməkdaşlığa, tolerantlığa, mədəniyyətlər və dinlər arasında real dialoqa töhfələr verdiyini ehtiva etmiş olur. "Humanizm, əməkdaşlıq, multikulturalizm Azərbaycan cəmiyyəti və dövlətinin mahiyyətindədir, ənənədə həmişə mövcud olub" - deyən Azərbaycan Prezidenti İlham Əliyev ölkə reallıqlarına əsaslanır.

Azərbaycan öz milli dəyərlərinə sadiq bir dövlətdir. Bunun nəticəsidir ki, müasir dövrümüzdə ölkəmizdə multikulturalizm və tolerantlıq yeni dövrünü yaşayır.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər