Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94 illiyi ilə əlaqədar Səbail rayonunda silsilə tədbirlər keçirilir. Rayonun icra hakimiyyətindən "SƏS"ə daxil olan məlumata görə, rayonun icra hakimiyyətinin başçısı Eldar Əzizovun, rayonun idarə və təşkilat, ali və orta təhsil müəssisələrinin, veteran və gənclər təşkilatının, din xadimlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin, Milli Məclis üzvlərinin, elm və mədəniyyət xadimlərinin, həmçinin, Səbail rayonu ilə qardaşlaşmış Amerika Birləşmiş Ştatları Nyu-York şəhərinin Bruklin inzibati rayonunun nümayəndələrinin, KİV nümayəndələrinin və çoxsaylı qonaqların iştirakı ilə Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş klassik musiqi gecəsi keçirilib.
Gecədə çıxışlarda qeyd olunmuşdur ki, Ulu Öndərin Azərbaycanda hakimiyyətə gəldiyi ilk illərdə Onun təşəbbüsü ilə mədəniyətin bir çox sahələrinə, o cümlədən, klassik və simfonik musiqiyə insanların marağının və bu sahədə biliklərinin artırılması, bu musiqini geniş tamaşaçı kütləsinə sevdirmək məqsədi ilə Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında respublikanın dövlət xadimləri, xalq təsərrüfatının bütün sahələrinin rəhbər işçilərinin, elm və mədəniyyət xadimlərinin, partiya, həmkarlar ittifaqları və komsomol sahələrində çalışanların, bir sözlə, o vaxtkı siyasi elitanın iştirakı ilə klassik musiqi gecələri təşkil olunurdu.
Səhnədəki monitorlarda Ulu Öndər Heydər Əliyevin portreti canlandırılmışdı. İlk olaraq, Azərbaycan Respublikasının xalq artisti Rauf Abdullayevin bədii rəhbəri və baş dirijoru olduğu Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında maestro Niyazinin "Rast" simfonik muğamı səslənib.
Sonra Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayəti ilə dünya şöhrətli Azərbaycan bəstəkarları Fikrət Əmirov, Tofiq Quliyev, Müslüm Maqomayev, Niyazi, Soltan Hacıbəyov, Asəf Zeynallının ölməz əsərləri respublikanın xalq artisti Azər Zeynalov, əməkdar artistlər Zemfira İsmayılova və İlham Nəzərovun ifalarında səsləndirilib.
Rəfiqə KAMALQIZI