"Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumununun çox böyük əhəmiyyəti var. "İpək yolu" layihəsi çərçivəsində baxsaq, forum Şərq-Qərb arasında çox geniş, əhatəli əlaqələrin formalaşmasına imkan yaradır. Bildiyiniz kimi, sivilizasiyaların toqquşmasından danışan qərb texnoloqları var idi. Lakin Azərbaycan nümunəsində göstərdi ki, biz XXI əsrdə Mədəniyyətlərin, Sivilizasiyaların dialoqundan, onların qarşılıqlı əməkdaşlığından danışa bilərik". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib. Deputat söyləyib ki, ölkəmizin ev sahibliyi etdiyi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərin dialoqu üçün mühüm platformaya çevrilib: "Forumda dünyanı narahat edən məsələlərlə yanaşı, gənclərin problemləri, mədəniyyətlər, dinlərarası dialoq, tolerantlıq, birgə yaşayış və eyni zamanda bütün sahələrin əməkdaşlığına dair məsələlər müzakirə olunur. Forumda hazırki və sabiq dövlət başçıları iştirak edir".B. Əliyevin sözlərinə görə, ən əhəmiyyətli məqamlardan biri Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qlobal miqyaslı təşəbbüsü UNESCO-nun tərəfdaşlığı ilə keçirilməsidir: "Bildiyiniz kimi, İslam Əməkdaşlıq Təşkilatının da belə bir qurumu var ki, onu İslam ölkələrinin UNESCO-su adlandırırlar. Lakin Azərbaycan hər iki qurumu birləşdirdi. Burada üçüncü bir qurum da iştirak edir və fəaliyyət göstərir ki, bu da Türkdilli Ölkələrin Mədəniyyəti və İrsi Beynəlxalq Fondudur. Fond türkdilli ölkələrin təşəbbüsü, Azərbaycan Prerzidentinin sərəncamı ilə Bakıda yaradılıb. Forumda keçiriləcək panellərdən biri də məhz bu dialoqa həsr olunub"."Forum ümumilikdə Azərbaycanı dünyada tanıtmaqla yanaşı, həm ölkə həqiqətlərimizi beynəlxalq aləmə yayır, həm də dövlətimizin beynəlxalq aləmdə mövqelərini daha da möhkəmləndirir. Bu baxımdan forumun siyasi, iqtisadi və mədəni əhəmiyyəti var" -deyə, deputat əlavə edib.
sia.az