Dünən Yeni Azərbaycan Partiyasının Tərtər rayon təşkilatının qərargahında YAP rayon təşkilatı və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə bağlı "Heydər Əliyev aqrar sektorun inkişafının memarıdır" mövzusunda tədbir keçirib.
Tədbirdə rayon Kənd Təsərrüfatı İdarəsinin tabeçiliyində olan təşkilatın işçiləri, sahibkarlar və YAP Tərtər rayon təşkilatı aparatının rəhbəri Kamil Məmmədov iştirak ediblər.
Tədbir iştirakçıları öncə Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad edərək, Onun əziz xatirəsini anıblar.
Giriş sözü ilə çıxış edən YAP rayon təşkilatı aparatının rəhbəri Kamil Məmmədov Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dönəmdə Azərbaycanda kənd təsərrüfatının inkişafca yeni mərhələyə qədəm qoyması üçün hazırlayıb həyata keçirdiyi milli ideologiyasından və uzun illərə yönəlmiş kənd təsərrüfatının inkişaf etdirilməsi strategiyasından danışaraq, bu gün ölkəmizdə möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi altında qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının sürətli inkişafının əldə olunması istiqamətində yeridilən siyasətdən, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün kənd təsərrüfatı sahəsində çalışan insanların üzərlərinə düşən vəzifələrdən bəhs edib.
Sonra məruzələrə yer verilib. Çıxış edən rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi, idarə ilk partiya təşkilatının sədri Mehman Babayev bildirib ki, Ümummilli Lider müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi hər iki dönəmdə Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsində, bu sahədə çalışan insanların əməyinə düzgün və dəyərli qiymətin verilməsində, ölkədə bitkiçiliyin, heyvandarlığın, kənd təsərrüfatı məhsullarının tədarükü və emalı sahələrinin gəlirli sahəyə çevrilməsi üçün həyata keçirdiyi bütün işlərində tarixi uğurlara imza atıb. Qeyd olunub ki, Ulu Öndərin aqrar sektorun inkişaf strategiyası bu gün möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. "Respublikamızda kənd təsərrüfatının digər sahələri ilə yanaşı, pambıqçılıq, ipəkçilik, üzümçülük və bağçılıq sahələrinin inkişafı da diqqət mərkəzində saxlanılır. Bu sahələrin yeni təməl üzərində inkişaf etdirilməsi, eyni zamanda, yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun təminatına xidmət edir"-deyə M.Babayev öz məruzəsində vurğulayıb.
Tədbirdə çıxış edən, Kənd Təsərrüfatı İdarəsinin sektor müdiri Bayram Əliyev, rayon Baytarlıq idarəsinin müdir əvəzi, ilk təşkilat sədri Elmar Xəlilov, Bölgə təcrübə sahəsinin baş aqronumu, ərazi ilk partiya təşkilatının sədri Firdovsi Hüseynov, rayon Bitki mühafizə stansiyanın rəisi Fizuli Əzimov və digər çıxış edən şəxslər Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edərək, Onun Azərbaycan xalqı və dövləti üçün əvəzolunmaz xidmətlərindən danışıblar.
Çıxışlarda belə bir fikir formalaşıb ki, Ümummilli Liderin Azərbaycan xalqına əmanət qoyduğu dövlətin daha da möhkəmlənməsi, onun iqtisadi qüdrətinin daha artırılması üçün xalqımız möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin ətrafında sıx birləşərək, qarşıya qoyulan hər bir işin öhdəsindən layiqincə gəlməyə səfərbər olmalıdır.
R.RƏSULOV