Dünən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatı qadınlar şurasının və Kürdəmir rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə YAP Kürdəmir rayon təşkilatının qərargahında "Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz" mövzusunda dəyirmi masa keçirilib.
Öncə dəyirmi masa iştirakçıları rayon təşkilatının qərargahında yerləşən Ulu Öndər Heydər Əliyevin büstü önünə gül-çiçək dəstələri düzüblər.
YAP Kürdəmir rayon təşkilatının akt zalında davam edririlən tədbirdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə YAP Kürdəmir rayon təşkilatı qadınlar şurasının sədri Sevda Hacıyeva açaraq, qeyd edib ki, Azərbaycan dövləti qədim olmaqla çox keşməkeşli və mübarizələrlə dolu tarixi yol keçərək, bu günümüzə gəlib çıxıb: "Tarixin hansı dönəmi olursa - olsun həmişə bu sınaqlardan xalqımız şərəf və ləyaqətlə çıxmışdır. Azərbaycan xalqının böyük dövlətçilik ənənəsi, zəngin mədəniyyəti, milli-mənəvi və əxlaqi dəyərləri var. Azərbaycan xalqı onun tarixi mədəniyyəti, maddi və mənəvi mədəniyyəti olan bir xalqdır. Bunları nəsildən-nəsilə, əsrdən-əsrə keçirən ləyaqətli, ismətli analarımız və mərd ərənlərimiz olub.
Kürdəmir rayon icra hakimiyyəti başçısının müavini Vəsilə Əsgərli çıxış edərək, Azərbaycanın bugünkü və gələcək nəsillərinin Ulu Öndər Heydər Əliyevin şərəfli adı və ölməz ruhu qarşısında müqəddəs borcu Onun qurub-yaratdığı müasir Azərbaycan dövlətinin daha da çiçəklənməsi və qüdrətlənməsi, xalqımızın rifahı naminə fədakarlıqla çalışmaq, milli birliyimizə sədaqətlə xidmət göstərdiyini deyib.
Çıxışçılardan "Heydər Əliyevin həyat və fəaliyyəti" mövzusunda şəhər 6 saylı tam orta məktəbin direktoru , YAP rayon təşkilatının idarə heyəti üzvü Elmira Şıxəliyeva , "Azərbaycan musiqisi və mədəniyyətinin inkişafına Heydər Əliyev qayğısı" mövzusunda Uşaq -İncəsənət Məktəbinin direktoru Qəndaf Zülfüqarova, "Milli kitabxananın yaradılması, qorunması və inkişaf etdirilməsi Ulu Öndərin xalqımıza böyük xidmətidir" mövzusunda Mərkəzi Kitabxanalar Sisteminin direktor müavini İradə Mahmudova, "Ulu Öndərin "Azərbaycan Respublikasının uşaq hüquqlarının qəbul edilməsi" qanunu uşaqların hüquqlarının xaricdə və ölkə daxilində qorunmasıdır" mövzusunda Uşaq Yaradıcılıq Mərkəzinin direktoru Nəsibə Hidayətova məruzə ediblər.
Sonda YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli çıxış edərək dəyirmi masa iştirakçılarını və onların simasında bütün rayon sakinlərini əlamətdar gün - dahi şəxsiyyət Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə təbrik edərək bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı xalqımızın tarixinə qızıl hərflərlə yazılıb.
Afət TAHİRQIZI