Dünən AMEA-nın əsas binasının dairəvi zalında Nizami adına Ədəbiyyat İnstitutu və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan mədəniyyəti" mövzusunda II Respublika Elmi Konfransı keçirilib. Əvvəlcə tədbir iştirakçıları Fəxri Xiyabana gələrək, xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin Qurucusu və Memarı Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Konfransı AMEA-nın prezidenti, akademik Akif Əlizadə giriş sözü ilə açaraq Ümummilli Lider Heydər Əliyevin şərəfli həyat yolundan, ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə verdiyi taleyüklü qərarlardan və atdığı tarixi addımlardan söz açıb.
Akademik A.Əlizadə qeyd edib ki, akademiyanın inkişafının böyük bir mərhələsi görkəmli Dövlət Xadiminin adı ilə birbaşa bağlıdır. O, xalqımızın hər zaman Heydər Əliyev kimi bir Şəxsiyyətlə fəxr etdiyini və Onun əziz xatirəsinin Azərbaycanda, eləcə də ölkəmizin hüdudlarından kənarda dərin hörmətlə anıldığını vurğulayıb.
Konfransda AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli "Heydər Əliyevin azərbaycançılıq təlimində ədəbiyyat və incəsənət məsələləri" mövzusunda məruzəsi ilə çıxış edib. Ulu Öndərin Azərbaycan tarixinin yetişdirdiyi ən nadir simalardan biri, türk dünyasının və ümumən sivil dünyanın qüdrətli şəxsiyyətlərindən biri olduğunu söyləyən akademik İsa Həbibbəyli Dahi Şəxsiyyətin ədəbiyyat və incəsənətin inkişafı üçün göstərdiyi qayğı və diqqətdən söz açıb.
Tədbirdə AMEA-nın ictimai elmlər bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov, Arxeologiya və Etnoqrafiya İnstitutunun Tarixi etnoqrafiya şöbəsinin müdiri, akademik Teymur Bünyadov, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə elmi-metodiki mərkəzinin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev çıxış edərək müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında, inkişafında və dünyaya tanıdılmasında Ümummilli Liderin tarixi xidmətlərindən danışıblar. Konfrans bölmələr üzrə işini davam etdirib.
Qeyd edək ki, tədbir çərçivəsində Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş rəsm əsərləri, həmçinin Ulu Öndərin müəllifi olduğu və Ona həsr olunmuş kitablardan ibarət sərgi də təşkil olunmuşdu.
NƏZAKƏT