Dünən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında Binəqədi rayon İcra Hakimiyyəti və YAP Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş "Heydər Əliyevin milli dövlətçilik ideologiyası - Azərbaycançılıq, vətənçilik" mövzusunda tədbir keçirildi.
Tədbir başlamazdan öncə Ulu Öndər, dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş kitablara baxış keçirildi.
Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov qonaqları salamladı və tədbirin məqsəd, məramı haqqında məlumat verdi. Bildirdi ki, rayon təşkilatı Ümummilli Liderin həyatına, siyasi fəaliyyətinə, ideologiyalarının yaşadılmasına və təbliğinə istiqamətlənmiş çoxsaylı tədbirlər, layihələr həyata keçirir. Bugünkü tədbir də Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsinə xidmət edir. Ramiz Göyüşov müasir, müstəqil Azərbaycanın bugünkü inkişafının, məhz Ulu Öndərin misilsiz xidmətlərinin nəticəsi olduğunu qeyd etdi.
Tədbirdə millət vəkili, Atatürk Mərkəzinin direktoru, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü Nizami Cəfərov çıxış edərək, Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsi haqqında geniş məruzə ilə çıxış etdi. Bildirdi ki, bu gün xalqımızda yaşadılan azərbaycançılıq məfkurəsi dünya azərbaycanlılarının vahid ideya, vahid ideologiya ətrafında birləşdirilməsi istiqamətində olduqca vacibdir: "Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq, vətənçilik ideologiyası ilə yanaşı, həmçinin, Azərbaycan dilinin yaşadılması, türkçülük, dövlətimizin və millətimizin türk dünyasındakı nüfuzunun daha da yüksəldilməsinə xidmət edib".
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının fəallarından - Yusif Alıyev, Vəfa Yaqubova, Pərviz Xasıyev, Nigar Məmmədova, Xədicə Cavadova, şairələr Təranə Məftun, Nüyvər Şərifova və başqaları Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsinə həsr olunmuş tədbirdə iştirak etməkdən böyük məmnunluq hissi keçirdiklərin vurğuladılar.
Tədbirdə çıxış edən Binəqədi rayon icra hakimiyyəti başçısının müavini Aygün Əliyeva Ulu Öndər, Azərbaycan xalqının xilaskarı Heydər Əliyev ideyalarının yaşadılmasının və təbliğinin vacibliyini önə çəkdi. Bu ideyaların dövlətimizin və millətimizin inkişafına, tərəqqisinə xidmət etdiyini və gələcək nəsillərə ötürülməsinin yüksək əhəmiyyət daşıdığını söylədi.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına yeni üzv qəbul edilmiş bir qrup gəncə partiya üzvlük vəsiqələri təqdim edildi.
Millət vəkili Nizami Cəfərova YAP Binəqədi rayon təşkilatının Fəxri Fərmanı təqdim edildi.
NƏZAKƏT