"Artıq 2-ci ildir ki, Səbail rayon icra hakimiyyətinin təşkilatçılığı ilə rayonun orta ümumtəhsil məktəblərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbirlər çərçivəsində "Heydər Əliyev və Azərbaycan tarixi" mövzusunda elmi-praktiki konfranslar keçirilir". Bu barədə "SƏS" qəzetinə rayon icra komitəsindən məlumat verilib. Qeyd olunur ki, ənənəyə çevrilən bu konfranslarda şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri, o cümlədən, Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan tarixindəki rolu barədə öz elmi məqələləri ilə çıxışlar edirlər: "Konfransların yekunu olaraq Səbail rayon icra hakimiyyətində şagirdlərin özlərinin təşkil və idarə etdiyi, RİH başçısı və orta məktəblərin direktorlarının qonaq kimi iştirak etdikləri Azərbaycan tarixinə aid elmi-praktiki konfrans keçirilib.
"Səbail rayonu 6 saylı orta məktəb-liseyin 8-ci sinif şagirdləri Zərifə Şahbazzadə və Ömər Eyvazovun sədrliyi ilə keçirilən konfransda təqdim olunan monoqrafiyalar arasında xüsusi olaraq seçilmiş işlərin müəllifləri çıxış ediblər"-deyə bildirilən məlumatda, həmçinin, vurğulanır ki, konfransın işində iştirak edən Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov şagirdlərlə görüşdə onları salamlayaraq Ulu Öndər Heydər Əliyevin zəngin irsinin və Azərbaycanımızın tarixinin dərindən öyrənilməsi, məktəblilər arasında tarixə olan marağın artırılması məqsədi daşıyan konfransın əhəmiyyətini vurğulayıb.
Məlumatda son olaraq bildirilir ki, 20-yə yaxın şagirdin çıxış etdiyi konfransın sonunda Səbail rayon məktəblərində keçirilən tarix konfransları münsiflər heyətinin rəhbəri, 6 saylı orta məktəbin tarix müəllimi Elmin İmanov bu il rayon məktəblərində keçirilən tarix konfrasları, şagirdlərin hazırladıqları yazılar barədə məlumat verərib. Bildirilib ki, Azərbaycan tarixinin müxəlif dövrlərinə həsr olunmuş 400-dən çox şagirdin hazırladıqları monoqrafiyalar komissiya tərəfindən seçilmiş və bu ilin sonunda Səbail rayon icra hakimiyyətinin dəstəyi ilə növbəti kitab çap olunucaqdır.
Rəfiqə KAMALQIZI